14 Məsum və əxlaq

Həzrət Muhəmməd (s) kamil insan

İnsanın bütün varlıqların içində bir üstünlüyü vardır,  o da onun ikicəhətli olmasıdır. Cisim və Ruh...

İki zidd cəhət...

Mələklərdə yalnız mənəvi cəhət var, yəni mələklər bircəhətli varlıqdır.

Cəbrail ən üstün mələkdir, Allahın dörd ən üstün mələklərindən biridir, Peyğəmbərlərə İlahi vəhy gətirəndir... , amma bununla belə milyardlarla ildir ki, Cəbrail mələk elə həmin yarandığı zamandakı səviyyədədir, tərəqqisi yoxdur.

Eləcə də başqa mələkdər...

Elə heyvanlar da belədir. Sadəcə mələklərdən fərqli olaraq heyvanların mənəvi cəhəti yoxdur, onlarda yalnız maddi və cismani cəhət vardır. Götürək Qarışqaları və ya Arıları. İndiyədək qarışqa və arılar haqqında yüzlərlə kitablar yazılıb, onların nizam-intizamları bütün dünyanı heyrətə gətirmişdir.  Lakin bununla belə milyard illərdir ki, həm qarışqalar və həm də arılar eyni səviyyədə qalmış, heç bir təkamül və tərəqqiyə malik deyildirlər.

Amma insan elə bir varlıqdır ki, onun həyatı təkamül və tərəqqi ilə davam etməkdədir.

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih özünün merac səfəri barədə buyurur:

“Mən merac gecəsi elə bir mələk gördü m ki, o mələyin yarısı oddan yarısı qardan idi, qar oda od isə qara qarışmırdı.”

Yəqin ki, ilk baxışda bu hədis bizlərə çoc təəccüblü görünə bilər, amma bir anlıq düşünmədən sonra bu hədisin təəccübü yoxa çıxır. Çünki elə biz özümüz, yəni insan da bir birinə zidd olan ikicəhətli bir varlıqdır. Torpaq (cisim) və Ruh (mənəviyyat).

Deməli, biz bu hədisi başa düşmək istəsək gərək özümüzə baxaq. Torpaqdan olan maddi və cismi hissəmizin sevdiyi və ləzzət aldığı şeylər İlahi ruhdan olan bizim ruhi-mənəvi hissəmizin nifrət etdiyi və dərdli şeylərdir. Eləcə də əksinə, ruhi cəhətin ləzzət və sevgisi maddi-cismi tərəfin nifrət etdiyi şeylərdir.

Elə bir ruhi-mənəvi ləzzət tapa bilməzsiniz ki, cismin ondan xoşu gəlmiş ola. Məsələn, Elm öyrənmək, Həqiqət axtarmaq, Güzəşt, Səxavətlik, Fədakarlıq, Dinə və Vətənə xatir özünü təhlükəyə atmaq, Ziyanına da olsa sözün düzünü demək ... ruh üçün ləzzət və sevinc, cisim üçün isə dərd və nifrətdir.

Əksinə, çox yemək, çox yatmaq, söyüş söymək, çox əylənmək, dava etmək, xəsislik, rahatlıq axtarmaq ... cisim üçün ləzzət və sevincdir, amma insanın ruhuna dərddir, ruhu öldürür.
Bu nə tərkibdir???...

Deməli, insanın iki miniyi ola bilər. Ya mənəviyyatın miniyi cisim olur və insan təkamülə yüksəlir, ya da cismin miniyi ruh olur, dünyəvi istəklərin əhatəsində batır.

Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 

لو لا ان الشیاطین یحومون یلی قلوب بنی آدم لنظروا الی ملکوت السماوات

 

“Əgər şeytanlar (nəfsin istəkləri) insanların qəlblərinin üzərində bir pərdəyə çevrilməsəydilər (insanın mənəviyyatını çirkləndirməsəydilər),  insanlar göylərin mələkutunu (səmavi mələkut aləmini) görərdilər.”

Biharul ənvar 56-cı cild 163-cü səhifə

.

Əvaliul-ləali kitabının müəllifi kitabın 4-cü cildinin 113-cü səhifəsində bu hədisin şərhində deyir:

“Şeytanlardan məqsəd nəfsin qəzəb və şəhvət qüvvələri, eləcə də bu iki qüvvədən törənmiş minlərlə pis xasiyyətlərdir.”

Deməli, insan elə bir zirvəyə yüksələ bilər ki, onu Allahdan başqa kimsə bilməz.

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 

ال لی مع الله حالات لا یقربها ملک مقرب و لا نبی مرسل

 

“Mənimlə Allah arasında o qədər mənəvi yaxınlıq olur ki, heç bir müqərrəb mələk (Cəbrail, Miikail, İsrafil və Əzrail) və heç bir mürsəl Peyğəmbər (313 peyğəmbər) Allaha o qədər yaxın olmayıb.”

.

Necə ki, sevimli Peyğəmbərimiz(s) meracda yüksəlmişdi.

Bilirsinizmi sevimli Peyğəmbərimiz (s) bu uca məqama necə yüksəlmişdi?!

Ardı var...

 

Bəli, sevimli Peyğəmbərimiz(s) meracda yüksəlmişdi.

Bilirsinizmi sevimli Peyğəmbərimiz (s) bu uca məqama necə yüksəlmişdi?!

Çünki o həzrət nəfsini islah etmişdi.

Günlərin birində həzrət Muhəmməd səllAllahu əleyhi və alih insanlara nəfs barədə moizə edərkən buyurdu: “Nəfs şeytandır, hər bir insanın nəfsi vardır, deməli şeytanı vardır.” Bu vaxt bir nəfər sual verməyə icazə istəyərək dedi: Ey Allahın Peyğəmbəri! Sənin də şeytanın (nəfsin) var? Həzrət buyurdu: Bəli, mənim də şeytanım (nəfsim) var.

ان شیطانی آمن بیدی لا یامرنی الا بخیر

“Lakin mənim şeytanım (nəfsim) mənə iman gətirmişdir, məni yalnız yaxşı işlərə dəvət edir.” Yəni, mən nəfsimi islah etmişəm. Nəfs mənim tam ixtiyarımdadır.

Bax, elə buna görədir ki, həzrət Peyğəmbər (s) heç bir insanın, hətta heç bir peyğəmbərin hətta Cəbrailin belə yüksələ bilmədiyi bir məqama yüksəldi merac gecəsində.

Qurani-kərim Nəcm surəsinin 7, 8 və 9-cu ayələrində sevimli Peyğəmbərimizi belə vəsf edir:

 

وَ هُوَ بِالْأُفُقِ الْأَعْلىَ‏

ثمُ‏َّ دَنَا فَتَدَلىَ

فَكاَنَ قَابَ قَوْسَينْ‏ِ أَوْ أَدْنىَ‏

 

“O (Peyğəmbər), ən yuxarı üfüqdə idi. Sonra daha yaxın oldu, yenə yaxınlaşdı. Onların arasında iki kamandan da az məsafə vardı.”

Bəli, Peyğəmbər (s) merac gecəsi ən uca İlahi məqama yüksəlmişdi.

Peyğəmbər (s) meraca bəzən Büraq ilə getmişdi. Büraq o həzrəti meraca aparan minikdir. Bu miniyin nədən ibarət olması haqda çoxlu nəzəriyyələr vardır. Bir çox Əxlaq ustadları buyurublar ki, “büraq” yəni insanın nəfsi istəkləri, qərizə və meyilləridir.

Qurani-kərim Fussilət surəsinin 30 - 31-ci ayələrində buyurur:

                

إِنَّ الَّذِينَ قَالُواْ رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَمُواْ تَتَنزَّلُ عَلَيْهِمُ الْمَلَئكَةُ أَلَّا تخَافُواْ وَ لَا تحَزَنُواْ وَ أَبْشِرُواْ بِالجْنَّةِ الَّتىِ كُنتُمْ تُوعَدُونَ

نحَنُ أَوْلِيَاؤُكُمْ فىِ الْحَيَوةِ الدُّنْيَا وَ فىِ الاَخِرَةِ

 

Həqiqətən “Rəbbimiz Allahdır!” – deyən, sonra da sözünün üstündə sabit qalan şəxslərə mələklər nazil olub ( deyirlər ): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sizi müjdləyirik. (Özünüzü tənha sanmayıq, çünki) Biz bu dünyada da sizin (yardımçı və) dostunuzuq, axirətdə də (sizin dostunuzuq.)

Deməli, insan nəfsi ilə mübarizədə qalib gəldikdə və nəfsini islah etdikdə o səviyyəyə çatır ki, mələklər onlarla danışırlar.

Həzrət Peyğəmbər (s) nəfsini islah edərək qərizə və meyillərinin tam mənada hakimi olmuş, ən uca məqamlara yüksələ bilmişdir.

Elə isə, nəfslə mübarizənin qalibi olan hər bir insan “büraq”a minərək kainatı seyr edə bilər.

Həzrət Peyğəmbər (s) “büraq” ilə meraca gedəndə onu Cəbrail də müşayiət edirdi, amma yolun müəyyən bir hissəsində Cəbrail dedi: Mən bundan artıq ucalara gedə bilmərəm, ixtiyarım yoxdur, bu xətt mənim sərhəddimdir.

لو دنوا انمله لاحترقتت

“Əgər bir barmaq qədər mən bu xətti keçsəm yanıb kül olaram.”

Həzrət Peyğəmbər (s) ucalması ilə bütün bəşəriyyətə əyan etdi ki, nəfsinə qalib gəlmiş insan “LİQAULLAH”, yəni “Allah ilə görüş” aləminə ucala bilər.

Qurani-kərim iyirmi bir (21) yerdə “LİQA” (görüş) aləmi barədə danışır.

Kim desə ki, mən bacarmaram, mən nəfsimə qalib gələ bilmərəm, mən nəfsimi islah edə bilmərəm ... , belə sözləri Qurani-kərim qəbul etmir. Bu sözlər insan lüğətinə aid deyil.

Qurani-kərim Əhzab surəsinin 72-ci ayəsində buyurur:

 

إِنَّا عَرَضْنَا الْأَمَانَةَ عَلىَ السَّمَاوَاتِ وَ الْأَرْضِ وَ الْجِبَالِ فَأَبَينْ‏َ أَن يحَمِلْنهَا وَ أَشْفَقْنَ مِنهْا وَ حَمَلَهَا الْانسَنُ  إِنَّهُ كاَنَ ظَلُومًا جَهُولًا

 

“Biz göylərə, yerə və dağlara əmanəti (təklif və məsuliyyəti) boyunlarına götürməyi təklif etdik, onlar onu (əmanəti) götürməkdən çəkindilər və ondan qorxdular. Lakin insan (kamil istedada malik olduğu üçün) onu boynuna götürdü. O, (belə bir məqamın qədrinin bilmədiyinə görə) cahil və (özünə qiymət vermədiyinə görə) zalım oldu.

Deməli, insan varlıq aləminin ən bilikli (Bəqərə 32), ən bacarıqlı (Nəcm 39-40), ən üstün və kəramətli (İsra 70) və sair üstünlük və dəyərlərə malik olan üzvüdür.

Elə isə, bil ki, sən hər şeyi bacaran və hər şeyə qadirsən. Zəif və gücsüz deyilsən, vaxt isə keçməyib...

baxılıb: 117 dəfə