14 Məsum və əxlaq

Əxlaq nümunəsi həzrət Fatimə (ə)

Zamanın İmamı həzrət Mehdi əleyhissalam buyurur:

 

وفي ابنة رسول الله صلى الله عليه وآله لي أسوة حسنة

 

“Allahın Rəsulunun –ona və əhli-beytinə salam olsun- qızı (Fatimə) mənin üçün gözəl bir nümunə və ülgüdür.”

əl-İhticac (Təbərsi) 2-ci cild 266-cı səhifə

 

Bəli, xanım Fatimə əleyhasalam doğru yolu seçmiş insanların hamısı üçün gözəl bir nümunədir. Xanımın Allah Taala yanında olan yüksək məqam və səviyyəsi onun Allaha bəndəçilikdə kamil olduğunun təcəllisidir. Həqiqi bəndə olmaq istəyən insan xanım Fatimə əleyhasalamı özünə nümunə və ülgü etməlidir.

Xanım Fatimə əleyhasalam buyurur:

 

اللَّهُمَّ لاٰ تَجْعَلْ مُصِیبَتِی فِی دِینِی وَ لاٰ تَجْعَلِ الدُّنْیَا أَکْبَرَ هِمَّتِی

 

“Allahım! Mənim müsibətimi (bəlamı) dinimdə qərar vermə və mənim ən böyük hədəfimin dünya həyatı olmasına qoyma.”

Biharul ənvar 83-cü cild 85-ci səhifə

 

Hədisin qısa şərhi:

Bu hədisdə gəlmiş “dində müsibət” və “insanın əsas hədəfinin dünya olması” insanlar üçün ən çətin sınaq və imtahanlardandır ki, insanların əksəriyyəti bu pilləni keçə bilmir, bu iki imtahanın səbəbindən axirətlərini itirirlər. Bu iki qorxulu sınaqdan keçmiş insanlar isə dünya və axirət xoşbəxləridirlər.

Bəli, hər bir insanın “dində müsibət” təhlükəsindən qurtulması üçün yeganə yol Allah Taalaya ixlaslı və səmimi bəndəçik etməkdir. İxlaslı və səmimi bəndəçilik budur ki, insan hansı vacib ya müstəhəb əməlləri edirsə yalnız Allah xatirinə etsin, həmçinin hansı haram ya məkruh (bəyənilməyən, xoşagəlməz) işlərdən çəkinirsə yalnız Allah xatirinə çəkinsin.

Allah Taalanın hökmlərindən nəyisə xoşlamaq və nəyisə xoşlamamaq insan üçün çox incə bir imtahan və sınaq meydanıdır. “Dində müsibət” də elə budur.

Bəzən insan elə ibadətlər ya əməllər edir ki, onlar onun xoşuna gəlir, amma bəzən də əksinə olur. Məsələn: camaat namazlarında iştirak edir, gecələr gecə namazları qılır, ziyarətlərə gedir, elm öyrənir və sair. Amma nə üçün bunları edir? Çünki xoşu gəlir, həzz alır bu əməllərdən. Həm özü razıdır bu əməllərə, həmdə özünü başqalarına sevdirir.

Bəzən də insan elə bir hökmlə, hadisə ilə rastlaşır ki, öz şəxsi hörmətini təhlükədə görür, həmin iş ya hadisə onun könül və istəklərinə uyğun gəlmir. Məsələn:

-varlı ya nüfuzlu insanların içində kasıb insanla birlikdə oturmağa məcbur olduğu zaman;

-camaatın içində xəta (səhv, yanlış hərəkət) etdikdə üzr istəməyin lazım olduğu anda;

-hansısa insana maddi yardım etmək lazım olan zamanda;

və ilaxır...

Əgər bunlara da razılıq və xoşluqla itaət eədrsə, bu adama Allah Taala yanında deyilir “BƏNDƏ”.

Məlum olar ki, bu insan həqiqətən də Allah Taalanın bəndəsi və quludur.

Amma xoşu gəldiyi əməlləri edirsə və xoşu gəlmədiyi əməlləri etmirsə, üstəlik ona qarşı çıxırsa, Allah eləməsin, alimləri, Quranın bəzi ayələrini, hətta İmamları və Peyğəmbərləri belə inkar etməyə hazır olursa buradan məlum olur ki, bu insan mömin deyilmiş. Bütün illəri o öz meyil, həvəs və istəklərinə, başqa sözlə özünə ibadət və itaət edirmiş.

Lənətlənmiş İblis də ibadət edənlərdən idi. Altı min il ibadət etmişdi. O qədər ibadət etmişdi ki, yüksələrək mələklərin sıralarına daxil olmuş, sonralar isə hətta mələklərin pişnamazı olmuşdu. Ona bir dəfə deyildi ki, “Adəmə səcdə et!”, o bu əmri öz şəxsi hörmətinə, meyil və istəyinə zidd sandı və Allah Taalanın əmrindən çıxdı. Əgər İblis Adəmə səcdə etsəydi öz mövcud məqamını Allah Taala yanında daha da yüksəltmiş olacaqdı. Amma o bunu etmədi. Dedi: “Mən bunu xoşlamıram, mən bunu qəbul etmirəm. Hamının gözü qarşısında mən kiməsə səcdə etmərəm” Beləliklə də Allah Taalanın dərgahından qovuldu.

Deməli, bizlər çətin bir imtahan və sınaqdayıq. Əgər, Allah eləməsin, hansısa əməli xoşlamırıqsa, “mən bu əməli qəbul etmirəm” , “mən o alimi qəbul etmirəm” və sair yolla biz Allah Taalaya qarşı çıxmaqla üzbəüz oluruqsa, çalışaq ki, imanımızı və əqidəmizi gücləndirək, yəqinimizi artıraq, mənəviyyatımıza və əxlaqımıza daha çox vaxt ayıraq. Özümüzü həmin əməlləri etməyə məcbur edək.

Baxın, əgər birinin ata anası ona hər bir yaxşılıq edib və edirsə, həmin insan öz valideyninə ehtiram edirsə və bu ehtiram etməkdən həm özü həzz alırsa və həm də başqalarının onu tərifləməyindən xoşlanırsa bu həmin adamın özünün izzəti və hörməti əsasındadır. Amma əgər ata ana kasıb olduqlarından bunun üçün heç nə edə bilməyiblərsə və ya bunun xoşu gəlməyə hansısa hərəkətləri ediblərsə, bununla yanaşı bu insan öz narahatlığını bildirməzsə, onlara “uff” belə deməzsə, üstəlik yenə də onlara ehtiram və xidmət etməyə davam edərsə bax bu insan olacaq həqiqi “bəndə”.

Allah Taala xanım Fatimə əleyhasalamın xatirinə bizim hamımızı həqiqi bəndələrdən qərar versin!

baxılıb: 190 dəfə