14 Məsum və əxlaq

Üç mühüm istək

Əxlaqlı insanın ilkin istəkləri

Xanım Fatimə əleyhasalam buyurur:

اللهم إني أسئلك كلمة الاخلاص ، وخشيتك في الرضا والغضب

والقصد في الغنى والفقر

“Allahım! Səndən xalis etiqad və tövhid istəyirəm, həmçinin razılıq və qəzəb halımda Səndən qorxmağımı, kasıb və varlı halımda isə mötədil olmağımı (Səndən istəyirəm).”

Biharul ənvar 91-ci cild 225-ci səhifə

.

Həzrət Fatimənin (ə) bu duası üç istəkdən ibarətdir. İstəyin biri əqidə və etiqad, ikincisi əxlaq və üçüncü istəyi isə rəftar və davranışla əlaqədardır.

İlk istək tövhidin dərki və saf əqidədir. Təbiidir ki, tək olan Allaha qəlb və vücudla bağlılıq dünya və axirət xoşbəxtliyi ardınca olan hər bir insanın başlıca istəyidir. Tövhiqə inam və etiqad insanın hər bir əməlinin Allah tərəfindən qəbul olunmasının əsas şərtidir. Tövhidi qəbul etməyənin heç bir əməli qəbul deyildir. Tarix və hədis kitablarında oxuyuruq: “Bədr döyüşündən öncə iki nəfər silahlı şəxs həzrət Muhəmmədin (s) yanına gələrək döyüşdə iştirak etmək üçün icazə istədilər. Peyğəmbər (s) onların hansı qəbiləyə mənsub olduqlarını bildikdə buyurdu: Sizin qəbilədən heç kim müsəlman deyil, siz İslamı nə vaxt qəbul etmisiniz? Onlar dedilər: -Biz müsəlman deyilik, İslamı qəbul etmək fikrimiz də yoxdur. Peyğəmbər (s) soruşdu: Bəs nə üçün bizim tərəfdən vuruşmaq istəyirsiniz? Onlar dedilər: -Deyilənə görə Əbu Sufyanın karvanına hücum olacaq və o karvanda çoxlu bahalı mallar vardır. Biz qənimət üçün gəlmişik”. Həzrət Peyğəmbər (s) buyurdu: -Biz tövhidə etiqadı olmayanlardan kömək istəmirik və onlardan vasitə olaraq da istifadə etmərik.

İkinci istək razılıq və qəzəb halında Allahdan qorxuya malık olmaqdır. İnsan əsasən iki halda daha çox əsəbli və hirsli olur, başqa sözlə, razılıq və qəzəb halında insan haqqı yerinə yetirə bilmir. Qəzəbli və hirsli insan haqqa, ədalətə və insafa riayət etmir, qarşı tərəflə əlaqədar tez qərar çıxarır və düzgün hökm vermir, bu da ixtilafın daha da dərinləşməsi və insanın mənəvi və ictimai süqutana səbəb olur.  Eləcə də razılıq halında insan İlahi və ictimai meyarları ayaq altına alır. Allahın hökmlərinə və haqqa riayət etmək, insanlarla hər zaman ədalət və insafla davranmaq hər bir insanın əxlaq və imanının salamatlığının meyarıdır.

Üçüncü istək isə istər yoxsul və istərsə də varlı olduğu zaman mötədillik və orta həddə riayət etməkdir. Bəzi insanlar kasibladıqları zaman bir tərəfdən naşükürlük edir, başqa tərəfdən isə xəsisləşirlər. Bu hal bir müddət davam etdikdə isə onlar hətta zaman və dövrana qarşı şikayətlənirlər. Həyat  başdan-başa imtahan və sınaqdır, ağıllı insan yoxsulluq və mal-dövlətin onun şəxsiyyətini dəyişməsinə imkan verməməlidir. Həyat yaşayışında mötədillik və orta yaşayışı qoruyub saxlamalıdır. Həmçinin varlı və imkanlı olduqda israfçılıq etməməli, pulunu və varını lazımsız yerlərə xərcləməməli, yaxud da xəsislik edərək “var-dövlətimi qara günüm üçün saxlayıram” düşüncəsi ilə yaşamamalıdır.

Mötədillik və orta həddə yaşamaq ağıl və şəriətin insandan istədiyi xüsusiyyətdir. Orta yolu tutmaq hər bir insan üçün onun kasıb və yoxsulluq zamanında dəyər və fəzilət olduğu kimi, imkanlı və varlı olduğu zamanında da çox böyük üstün əməl və fəzilətdir.

İsrafçılıq, artıq və lazımsız yerə xərcləmək, eləcə də xərcləmədə həddi aşmaq hər bir halda xoşagəlməz xüsusiyyətdir, hətta insanın maddi  bəxiş və yaxşılıq halında da bəyənilmir.

baxılıb: 190 dəfə