14 Məsum və əxlaq

Əxlaqlı insanlar xalis əməl əhlidirlər

Xalis ibadət və İlahi məsləhət

Həzrət Fatimə əleyhasalam buyurur:

وعن سيدة النساء صلوات الله عليها قالت : من أصعد إلى الله خالص عبادته

أهبط الله عز وجل إليه أفضل مصلحته

“Kim öz xalis ibadətini Allah dərgahına yüksəldərsə, əvəzində Allah da ən yaxşı məsləhətini onun üçün yerə endirər.”

Biharul ənvar 67-ci cild 250-ci səhifə

.

Şübhəsiz, hər bir insan Allaha ehtiyaclıdır, bu danılası mümkün olmayan bir həqiqətdir. Allahın adlarından bir olan “səməd” sözünün mənası barədə olan hədislərdən birində həmin söz “bütün arzular Ona ünvalanıb” deyə izah edilmişdir. Hətta təkəbbürlü və özünəpərəstiş halında olan adamlar da, üzdə özlərini heç kimə, hətta Allaha belə ehtiyaclı olmayan kimi aparsalar da, gizlində öz istəklərini Allahdan istəyir və onun dargahına üz tutaraq yalvarırlar. Bunu Firon və sair allahllıq iddiası edənlər barədə tarixi məlumatlarda da aşkar görürük. Həmçinin, Allahı inkar edən, əvəzində isə alçaq və dəyərsiz şeylərə və kəslərə tapınan insanlar da çətinə düçəndə, xüsusilə də öz həyatlarını təhlükədə görəndə Allaha üz tutur və Ondan nicat, qurtuluş və xilas istəyirlər. Qurani-kərimdə bu həqiqətlərin bir çoxu insanlara nümayiş etdirilmişdir.

Allah Taala Yunus surəsinin 22-ci ayəsində buyurur:

هُوَ الَّذِي يُسَيِّرُكُمْ فِي الْبَرِّ وَالْبَحْرِ حَتَّى إِذَا كُنْتُمْ فِي الْفُلْكِ وَجَرَيْنَ بِهِمْ بِرِيحٍ طَيِّبَةٍ وَفَرِحُوا بِهَا جَاءَتْهَا رِيحٌ عَاصِفٌ وَجَاءَهُمُ الْمَوْجُ مِنْ كُلِّ مَكَانٍ وَظَنُّوا أَنَّهُمْ أُحِيطَ بِهِمْ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ لَئِنْ أَنْجَيْتَنَا مِنْ هَذِهِ لَنَكُونَنَّ مِنَ الشَّاكِرِينَ

“Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: 'Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!”

.

Eləcə də kafirlər və bütpərəstlər də çətinə düşəndə, öz həyatlarının təhlükədə olduğunu görəndə Allah ixlas ilə dua edirlər. Qurani-kərim Ənkəbut surəsinin 65-ci ayəsində buyurur:

فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ

(Kafirlər) gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) dini (ibadəti) yalnız Ona məxsus edərək (ixlasla) Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşarlar.

Gördüyümüz kimi hətta Allaha inanmayan və Allaha şərik qoşanlar da çətinə düşdükdə Allahın dərgahına üz tutaraq islas ilə dua edirlər.

Deməli, hər bir insan, mömin yaxud kafir olmasından asılı olmayaraq Allaha ibadətin və duanın qəbul olmasının əsas şərtinin ixlas və xalislik olduğunu bilir, ancaq bunu əməldə etmək hər kəsə nəsib olmur. Həyatlarını təhlükədə gördükdə Allaha edilən xalis dua və xalis ibadətin nicat və qurtuluşa səbəb olduğuna etiraf edirlər.

Belə bir həqiqətə etiraf etmək, əslində müvəffəqiyyət və uğurun qapısında dayanmaq deməkdir, ancaq həmin qapıdan daxil olmaq üçün bu etirafın insanın qəlbinə hopması və onun ardınca əməl, rəftar və davranışa keçməsi lazımdır.

Əgər insan Allahın ona nəzər salmasını və ən yaxşı məsləhətini ona əyan etməsini istəyirsə, bunun yalnız Allaha xalis ibadətlə mümkün olduğunu etiraf etdikdən sonra əməl mərhələsinə keçməlidir. Əməli ilə, yəni ibadət və itaətlərini xalis və ixlaslı etmək ilə öz arzusunu gerçəkləşdirə bilər.

Allah Taala hər birimizi xalis ibadətlər sayəsində uğur və müvəffəqiyyət qazanmaqda müvəffəq etsin.

baxılıb: 154 dəfə