14 Məsum və əxlaq

Zühur astanasında əxlaqi vəziyyət

Zühur öncəsi dünyanın əxlaqi vəziyyəti ilə əlaqədar ayə və hədislərə nəzər saldıqda görürük ki, İmamın zühuru ərəfəsində dünyada bütün sahələrdə olduğu kimi mənəvi və əxlaqi sahədə də müxtəliflik olacaqdır. İnsanların bir çoxları əxlaqi və mənəvi tənəzzülə məruz qalacaq, qalan hissə isə əxlaqlarını tərəqqi etdirə və kamil əxlaqa malik ola biləcəklər.

1- Sileyi-rəhmin (qohumluq tellərinin) qırılması

Zühur ərəfəsində cəmiyyətin məruz qalacağı çox ciddi mövzulardan biri insanların bir-birləri ilə ünsiyyətlərinin dayandırılması, onların arasında soyuqluq, etibarsızlıq və etimadsızlıqdır.

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih həzrət Mehdi əleyhissalamın zühuru öncəsi zamandan danışarkən buyurur:

فلا الکبیر یرحم الصغیر، و لا القوی یرحم الضعیف، فحینئذ یأذن الله له بالخروج

“Həmin zaman böyüklər kiçiklərə rəhm etməyəcəklər, güclülərin zəiflərə yazığı gəlməyəcək, elə o zaman Allah ona (zamanın imamına) zühur etmə icazəsi verəcək.”

Biharul ənvar52-ci cild 380-cı səhifə

 

Qohumluq telləri və əlaqələrin süstləşməsi, insanların öz yaxınlarına get-gəl etməmələri, qohum əqrəba ilə ünsiyyətin soyuqluğu və mehribansızlıq həmin zamanda bir çox insanlar üçün adi şeyə çevriləcəkdir. İnsanlar öz qohum əqrəbası ilə münasibətlərdə xırda şeyləri bəhanə edərək bir-birlərinin toyunda, yasında, ad günlərində, sünnət mərasimlərində və sair başqa yığıncaqlarında iştirak etməkdən boyun qaçıracaqlar. Hətta bir çoxları qohum əqrəba ilə pis münasibətlərinə dəlil və sübutu dinin adından gətirəcəklər, yəni qohumluq tellərinin qırılmasına dini müqəssir biləcəklər. Günahlarını dinin boynuna atacaqlar.

Halbuki qohum əqrəba ilə əlaqələrin qurulması hər bir müsəlmanın boynunda olan vacibi əməllərdəndir. Qurani-kərim üç yerdə qohumları ilə əlaqəni kəsənlərə lənət etmişdir.

Qurani-kərim Muhəmməd surəsinin 22 və 23-cü ayələrində buyurur:

 

فَهَلْ عَسَيْتُمْ إِن تَوَلَّيْتُمْ أَن تُفْسِدُواْ فىِ الْأَرْضِ وَ تُقَطِّعُواْ أَرْحَامَكُمْ

أُوْلَئكَ الَّذِينَ لَعَنَهُمُ اللَّهُ فَأَصَمَّهُمْ وَ أَعْمَى أَبْصَرَهُمْ

 

“Əgər (Peyğəmbərdən və Qurandan) üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq tellərini (əlaqələrini) qırmaqdan başqa nə gözləmək olar ki?!

Onlar (fəsad törədən və qohumlarla əlaqəni kəsənlər) Allahın lənət etdiyi və (qulaqlarını) kar və gözlərini kor etdiyi kimsələrdir.”

 

Qohumlarla əlaqəni kəsməyin bu dərəcədə pislənməsi və onların Allahın lənətinə məruz qalması qohumluq əlaqələrini isti saxlamaq, eləcə də qohumlarla mehribanlıqla ünsiyyətdə olmağın vacibi bir İlahi tapşırıq olmasına görədir. Allahın vacib etdiyi hökmlərdən boyun qaçırmağın şiddətli cəzaları vardır.

Hədislərdə hətta Peyğəmbərin(s) və İmamların(ə) ziyarətlərinə getmək də sileyi-rəhm yəni “qohumlarla yaxınlarla əlaqə”dən sayılmış və tapşırılmışdır ki, Əhli-beyti(ə) ziyarət etməyin insanın bəsirətli olmasında fövqəladə müsbət təsirləri vardır.

Amma azğınlıq yolunu seçən, İlahi göstərişləri və Quranın əmrlərini saymamazlığa vuran kimsələrin ilk ziyanları yer üzündə fitnə-fəsad törətmək və qohumlarla, yaxınlarla əlaqəni kəsməkdən ibarətdir.

Həyatda böyük süqut və uçurumlar məhz insanın kiçik saydığı şeylərə məhəl qoymamaq, onlarla rəftarını düzgün tənzimləməmək ilə başlayır. İlk baxışda çox sadə görünən qohum-əqraba ilə rabitə və əlaqəni kəsmək, onları incitmək... zaman keçdikcə insanı inhiraf və tənəzzülə sürükləyir, imanı və ixlası tamamilə həmin insanın qəlbindən çıxararaq yerində inadkarlıq, şəkk-şübhə, kin, nifrət toxumları əkir.

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

ان الساعه لا تقوم حتی یدخل الرجل علی ذی رحمه، یسأله برحمه فلا یعطیه، و الجار علی جاره یسأله بجواره فلا یعطیه

“Həmin zamanda çətinə düşmüş insanlar yaxın qohumlarından kömək istəsələr də qohumları onlara heç nə verməyəcəkdir. Eləcə də qonşu qonşudan nəsə istəyəcək, amma o qonşusuna istədiyini verməyəcək.”

Əmali liş-Şicri 2-ci cild 271-ci səhifə

 

Başqa bir hədisdə həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

من اشراط الساعه سوء الجوار، و قطیع الارحام

“Həmin zamanın şərtlərindən biri də budur ki, qonşular bir-birlərinə pislik edəcək, qohumlar bir-birləri ilə əlaqələri kəsəcəklər.”

əd-Durrul mənsur 6-cı cild 50-ci səhifə

baxılıb: 342 dəfə