14 Məsum və əxlaq

Zühurun tezləşməsini istəyənlər əxlaqlı insanlardırlar.

Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?


“İlahi, biz başımızı itirmişik; bələlar, xəstəliklər, zülüm və haqsızlıqlar içində qərq oluruq. Qeybdə olan İmamın zühurunu tezləşdir”
Bu sözlər hər gün yerdən göylərə ucalır. Dünyanın şərqindən qərbinədək hər yerdə zülmlə dolmuş dünyada yaşamaq istəməyən, həyatda xoşbəxt və şad-xürrəm olmaq istəyən milyonlarla insan kainatın Xilaskarını (ə) gözləyir. Demək olar ki, elə bir camaat namazına rast gəlmək olmaz ki, intizarında olduğumuz İmamın (ə) tez zühur etməsi, yəni gəlməsi üçün dua edilməmiş olsun.
Zühur nə üçün baş vermir? Təbii ki, nələrsə çatmır. Elə isə nə çatmır?!
Bax, bu sual çoxlarını düşündürür.
Həzrət Mehdi əleyhissalamın zühuru mövzusuna baxdıqda, bu mövzunun üçbucaq müstəcidən ibarət olduğunu görürük.
a) Allah Taalanın istəyi; b) həzrət Sahibəzzamanın (ə) qeybdə olması; c) insanların hazırlığı.
Deməli, çatmayan nədirsə, bizdə olan bir şeydir. Üçbucağın 2 bucağı, yəni a bə b bucaqları nöqsansızdır. Amma üçüncü ...
Qurani-Kərimə, eləcə də Peyğəmbərlərin sonuncusu həzrət Mühəmməd səllAllahu əleyhi və alihin sünnəsinə, məsum İmamların (ə) hədislərinə nəzər saldıqda görürük ki, Allah Taalanın və Məsumların bizlərdə görmək istədikləri başlıca sifətlərdən biri “Haqqın tərəfdarı olmaq” və Haqqa riayət etməkdir.
Görəsən biz Haqqı müdafiə edirik, yoxsa haqqsızlığı?!
Bu sualı bizim hansımızdan soruşsalar, fikirləşmədən dilimiz deyəcək: Əlbəttə ki, biz haqqı müdafiə edirik. Kaş bu cavab həqiqət olaydı. Bizim qəlbimiz və rəftarımız da bu suala belə cavab verəydi: Biz Haqqa əməl edirik və haqqı müdafiə edirik!
Adətən, insanlar özlərindən gələn pis iyə narahat olmurlar, o pis iyə adi yanaşırlar. Lakin bu pis iy başqalarından gələrsə çox narahat olur, qəzəblənirlər...
Məsələn, analar öz övladılarını, həmçinin övladlarının nəcis olmuş paltarlarını yuduqda həmin pis iyi qətiyyən pis iy kimi hiss etmirlər, o iydən narahat olmurlar. Nə üçün?...
Günahın da pis iyi var. Bir çox insanlar günahın pis iyini özlərində pis iy kimi hiss etmirlər, hətta bəziləri bunu müsbət iy sanırlar. Amma başqaları günah etdikdə onlardan gələn günahın pis iyinə narahar olurlar, qəzəblənirlər...
Nə üçün biz özümüz qeybət edəndə heç narahat olmuruq, bunu günah kimi qəbul etmirik. Halbuki başqasının qeybət etdiyini eşitdikdə narahat oluruq, həmin adama pis gözlə baxırıq?!
Nə üçün biz özümüz yalan danışanda heç narahat olmuruq, bunu günah kimi qəbul etmirik. Halbuki başqasının yalan danışdığını eşitdikdə narahat oluruq, həmin adama pis gözlə baxırıq?!
Nə üçün biz özümüz başqalarına söz və vədə verib vədəmizə xilaf çıxdıqda, verdiyimiz sözə əməl etmədikdə heç narahat olmuruq, bunu günah kimi qəbul etmirik. Halbuki başqasının verdiyi sözə əməl etməməsinı görə çox narahat oluruq, həmin adama pis gözlə baxırıq?!
Evdə qız ilə kürəkən arasında mübahisə və ixtilaf olanda, və yaxud oğul ilə gəlin arasında ixtilaf olanda bu dalaşmaların səbəbini araşdırmadan qızı ya oğulu müdafiə edirik. Kürəkən ya gəlini günahkar sayırıq. Hətta bəzən bu dava-dalaşların günahkarının oğul ya qızımızda olduğunu bildikdə də övladlarımızı müdafiə edirik.
Həmçinin dostlarımızdan birinin başqa bir insanla dalaşdığını eşitdikdə, kimin günahkar olduğuna varmadan, dostumuzun tərəfini saxlayırıq. Təəccüblü budur ki, belə bir kor-koranə tərəfdarlığı özümüzə fəxr bilirik.
Hansısa bir işimiz üçün, istər həkimdə ya hansısa idarədə, istərsə də bazarda ya usta yanına getdikdə növbəsiz qəbul üçün gizli yollar axtarırıq, növbəsiz daxil olduqda buna çox sevinirik, amma növbəsiz girməklə bizdən əvvəl gəlmiş lakin hələ də növbədə gözləyənlərin haqqına girdiyimizi heç yadımıza salmaq istəmirik.
Bu nöqsanlarımızın siyahısını olduqca çoxalda bilərik!!
Bu vəziyyətdə biz necə iddia edə bilərik ki, Haqqın müdafiəçiləriyik?!
Belə bir düşüncə tərzinə malik olan insanlar necə deyə bilərlər ki, biz İmamın (ə) gəlişinə hazırıq?!
İmamın (ə) dostları Haqqın müdafiəçiləridir.
Bizim çatışmayan cəhətimiz də elə budur.
Deməli, xoşbəxtlik və səadətin əsas şərtlərindən biri Haqqı müdafiə etmək və eləcə də haqqa, xüsusilə də insan haqlarına riayət etməkdir. Haqqa riayət etmək lazım olan yerdə nəfsin istəklərinə tabe olmaq böyük yanlışlıqdır.
Elə isə günü bu gün səhvlərimizi və günahlarımızı Allah dərgahında etiraf edək, öz eyiblərimizi düzəltməyə başlayaq. Söz verək ki, yalnız və yalnız Haqqı müdafiə edəcəyik və insan haqlarına riayət edəcəyik, insanların haqlarına girməyəcəyik, haqsız və insafsız hərəkət və əməllərdən uzaq olacağıq.
İmamın (ə) zühurunun tezləşməsini istəyiriksə özümüzü islah edək. Əxlaqımızı gözəlləşdirək. İnsanların haqlarını tapdalamayaq. Özümüzü ağıllı başqalarını isə avam bilməyək...
Allah Taala Qurani-kərimdə Maidə surəsinin 8-ci ayəsində buyurur:
«یَا أَیُّهَا الَّذِینَ آمَنُواْ كُونُواْ قَوَّامِینَ لِلّهِ شُهَدَاء بِالْقِسْطِ وَلاَ یَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَى أَلاَّ تَعْدِلُواْ اعْدِلُواْ هُوَ أَقْرَبُ لِلتَّقْوَى وَاتَّقُواْ اللّهَ إِنَّ اللّهَ خَبِیرٌ بِمَا تَعْمَلُونَ
“Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır.”
 

baxılıb: 449 dəfə