14 Məsum və əxlaq

İntizar çəkənlərin əxlaqı

Zühur üçün dua etməkdən daha mühüm...

Problem, çətinlik, məşəqqətlərin çoxluğu dünya əhalisini, xüsusilə də Əhli-beyt məktəbinin ardıcılları olan həqiqi möminləri varlıq aləminin xilaskarının –həzrət Mehdi əleyhissalamın zuhurunun tezliklə baş verməsinə iştiyaq və istəklərini daha da artırmışdır. Odur ki, namazlardan sonra zühur üçün dua etməklə, hər cümə günləri Nüdbə duasını oxumaqla, salavatlarda zühurun tezləşməsini Allahdan istəməklə və ilaxır, bir tərəfdən dünyanı bürümüş problem, çətinlik və dözülməz həyat tərzindən qurtulmaq istəyirlər, başqa tərəfdən isə dünyanın fəsad, əxlaqsızlıq, günah bataqlığına çevrilməsindən doğan narahatlıqlarına son qoyulmasını istəyirlər.

Ancaq biz bilməliyik ki, İmamın (ə) zühuru üçün dua etməkdən daha vacib olan məsələ bizim salamat imanda  və sabit əqidədə qala  bilməyimizdir, təki tədriclə –Allah eləməsin- zühuru inkar edənlərdən olmayaq.

Odur ki, aqibətimizin xeyir olması üçün biz həmişə özümüzü nəzarətdə saxlamalı, günah və xatalardan uzaq olmalı, imanımızı möhkəmləndirmək və əxlaqi xüsusiyyətlərə yiyələnmək üçün gecə gündüz çalışmalıyıq.
İnsanların bizi möminlərdən sayması, özümüzə nəzər saldığımız zaman isə ibadət əhli olduğumuzu görməyimiz bizləri arxayınlaşdırmamalıdır.

Aqibətin xeyir olmasının əhəmiyyətini göstərmək üçün bir hadisəni nəzərinizə çatdıraq;

“Ühüd döyüşü müsəlmanların ən çətin döyüşlərindən biri olmuşdur. Həmin döyüşdə müsəlmanlardan yetmiş nəfəri şəhid edildi. Şəhidlərin dəfni zamanı möminlərin əmiri həzrət Əli əleyhissalam ağlayaraq Allahın Rəsulu həzrət Muhəmmədə (səllAllahu əleyhi və alih) dedi: Ey Allahın peyğəmbəri! Kaş ki, mən də şəhid olaydım. Həzrət Peyğəmbər buyurdu: Darıxma, vaxt gələcək, səni də şəhid edəcəklər. Həzrət Əli (ə) buyurdu: Dinimdə salamat olaraq öldürüləcəyəmmi?! Həzrət Muhəmməd (s) buyurdu: Bəli, dinində salamat halda şəhid ediləcəksən!

Bax: Uyun əxbarur Riza (ə) 1-ci cild 266-ci səhifə

əl-Qeybə (Şeyx Tusi) 311-ci səhifə

Hilyətul əbrar 2-ci cild 383-cü səhifə

Biharul ənvar 28-ci cild 55-ci səhifə

.

Deməli, imanımızı əldən verməmək üçün çox həssas olmalıyıq. Son dərəcə ehtiyatlı olmalıyıq. Haramlardan çəkinməkdən əlavə bacardıqca şübhəli şeylərdən də çəkinməliyik.

İnsan cisminin, bədəninin ölməsi ilə bu dünyanı itirir, lakin düzgün və səhih əqidəsinin ölməsi ilə həm dünyanı həm də axirətini itirmiş olur, özünə cəhənnəm odunu vacib etdirir.

Bax, elə buna görə də əmirəlmöminin Əli əleyhissalam ömürü boyu müxtəlif vaxtlarda və müxtəlif yerlərdə Allahın Rəsulundan (s) aqibətini barədə soruşmuşdur.

Bizim həyatımız dənizdə ləngər vuran gəmiyə bənzəyir. Azacıq qəflətə düçar olsaq imanımızı və düzgün əqidəmizi itirəcəyik. Heç kim özünə “məni heç kim və heç nə azdırmaz” deməməlidir. İmanımızda və əqidəmizdə sabitqədəmliyimizi sona qədər saxlamağa çalışmalıyıq.

Bizim əqidəmizə zidd olan sözlərə qətiyyən inanmayaq, ehtiyatımızı heç zaman əldən verməyək. Bundan əlavə Allahdan istəyək ki, bizi sabitqədəm etsin, bizə imanımızı qorumaqda kömək etsin, bizi Əhli-beytdən (ə) və rəbbani alimlərdən uzaq salmasın.

Hətta zamanın imamı həzrət Mehdi əleyhissalam o həzrətdən onun qeybdə olduğu zamanda azmamaq, imanı və düzgün əqidəni qoruya bilmək üçün bu barədə yol göstərməsini istəyən şəxslərə buyurur ki, belə dua edin:


يا أَللّه  يا رَحْمانُ يا رَحِيمُ يا مُقَلِّبَ الْقُلُوبِ ثَبِّتْ قَلْبِى عَلى دِينِكَ

 

“Ya Allah, ey Rəhman, ey Rəhim. Ey qəlbləri dəyişdirən! Öz (islam) dinində qəlbimi sabit (dayanıqlı, möhkəm) et.”

 

Biharul ənvar 92-ci cild 326-cı səhifə

İlamul vəra 432-ci səhifə

Kəmaluddin 2-ci cild 351-ci səhifə

baxılıb: 312 dəfə