14 Məsum və əxlaq

Özünə hesabat verməyin zərurəti

Nəfs ilə mübarizənin yollarından biri insanın etdiyi hər bir işi nəzərindən keçirib qiymətləndirməsidir.

Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

قال رسول الله صلى الله عليه وآله : لا يكون العبد مؤمنا حتى يحاسب
نفسه أشد من محاسبة الشريك شريكه ، والسيد عبده

“İnsan öz nəfsindən hesabat tələb etmədən mömin olmaz. Bu, bir şəxsin öz şərikindən, eləcə də ağanın öz köləsindən aldığı hesabatdan daha şiddətli (kəskin) olmalıdır.”
Biharul ənvar 67-ci cild 72-ci səhifə
.
QISA ŞƏRH:
Nəfs üzərində qələbənin yolu özündən hesabat almaqdan (“mühasəbə”dən) keçir. 
Bəzi Allah övliyaları özləri ilə dəftərçə gəzdirər, gördükləri hər işi oraya yazar, günün sonunda da əyləşib öz gördükləri işi hesablayırdılar ki, biz bu gün nə iş görmüşük, Allaha nə qədər itaət etmişik, nə qədər asi olmuş və nə qədər Onun əmrindən boyun qaçırmışıq.
İmam Museyi Kazım əleyhissalam buyurur: “Hər gün özündən hesabat tələb etməyən bizdən deyil. Əgər yaxşı iş görmüş olsa, Allaha şükr etsin və Allahdan istəsin ki, daha yaxşı və daha çox edə bilsin. Əgər pis iş görmüş olsa, tövbə edib, əfv diləsin” 
Biharul ənvar 67-ci cild 72-ci səhifə
.
İmam Cəfər Sadiq əleyhissalam da buyurur: “Qəlb Allahın hərəmidir. Elə isə Onun hərəminə Ondan başqasına yol vermə.”
Biharul ənvar 67-ci cild 25-ci səhifə
Camiul əxbar 518-ci səhifə
.
Bəzən təyyarə eniş üçün hava limanına yan alır. Amma pilotlar xəbər verirlər ki, hava limanı qələbəlikdir. Çoxlu sayda təyyarənin enişi səbəbilə hazırda sizin enişiniz mümkün deyil. Qədr gecəsində də mələklər bizim qəlbimizə enirlər. Amma enmək üçün boş yer tapmırlar (Çünki bizim qəlbimiz dünya məhəbbəti ilə, ev-eşik, var-dövlət, vəzifə, şan-şöhrət, məşhurlaşmaq və s. məhəbbətlərlə ilə doludur). Onlar bizim qəlbimizdə boş yerin olmadığını görüb geri dönürlər.
Qəlbini Allahdan qeyrisindən böşalt ki, Allahın nuru, Allahın mələkləri sənin qəlbinə nazil olsunlar.
.
Bir şəxs Əmirəlmöminin Əli əleyhissalama dedi ki, "Siz bu məqama necə yetmisiniz?" İmam Əli əleyhissalam buyurdu: “Ürək (Qəlb) evinin qapısı önündə əyləşdim və Allahdan başqasına (içəri girməyə) yol vermədim”.
Bal arılarına fikir verin, Arı pətəyində daim bir neçə arı keşik çəkir. Əgər yad bir arı, yaxud pis qoxulu gülə qonmuş arı pətəyə daxıl olmaq istəsə, onun qarşısı keşikçi arılar tərəfindən alınır. Biz də bu arılardan dərs almalıyıq. 
.
Bir nəfər mərhum Ayətullah Ərakinin yanına gəlib ona moizə etməsini xahiş etdi. Ağa ondan soruşdu: “Peşən nədir?”
-Dülgərəm, qapı və sair düzəldirəm - deyə kişi cavab verdi.
Ayətullah Əraki buyurdu:
-Özün üçün də bir qapı düzəlt və ürəyinin qarşısına qoy!

baxılıb: 478 dəfə