14 Məsum və əxlaq

Allahın qəzəbi sözünün mənası

Ərəfə günü . Sentyabrın 23-ü Zilhiccə ayının 9-u ƏRƏFƏ günüdür.

Ərəfə günü bütün müsəlmanlar üçün çox əhəmiyyətli günlərdəndir. Bayram günü kimi adlanmasa da bayrama bərəbər bir gündür. Bu gün insanın özünü tanıması, özünü dərk etməsi və özünə qayıtması üçün ən gözəl fürsətə malik bir gündür.

Həm də bu gündə İmam Hüseyn əleyhissalam ilə onun 72 vəfalı dostu Məkkədən Kufəyə doğru hərəkət etmişlər.

Ərəfə günü üçün olan əməllərin içində ən çox təsir və faydaya malik olan əməl İmam Hüseyn əleyhissalamın Məkkədə ərəfat çölündə oxuduğu duadır ki, “Ərəfə duası” adı ilə tarixə düşmüşdür.

Burada həmin duanın bir cümləsini qısa şəkildə izahı ilə mənəvi tərəqqi və təkamül yolunu getmək istəyən möminə və mömin insanlara təqdim edirik.

İmam Hüseyn əleyhissalam Ərəfə duasında buyurur:

اِلهی فَلا تُحْلِلْ عَلَیَّ غَضَبَکَ فَاِنْ لَمْ تَکُنْ غَضِبْتَ عَلَیَّ فَلا اُبالی سِواکَ

“İlahi, məni Öz qəzəbinə düçar etmə (mən yalnız Sənin əzabından qorxuram), əgər Sən mənə qəzəbli olmasan (Sənin qəzəbindən amanda olsam), onda mən başqalarının qəzəblərindən qorxmuram.”

 

“Allah Taalanın qəzəbi” kəlamının mənası!

Qəzəb insanlarda bir növ cismani və duyğu əhvalıdır ki, onun təsirləri adətən insanın üzündə və gözlərində aşkar olur. Bu halda insanın daxilində qan sıçrayışla bədənin yuxarısına tərəf qalxır. Bunun ardınca qan sürətlə damarlara yayılır və adətən damarlarda şişkinlik də yaranır. İnsan qəzəblənərkən onun rəngi adətən qırmızı və hirsli olur.

Əlbəttə, qəzəbin başqa növü də vardır ki, bu hal əsasən güclü, vəzifəli və qüdrətli insanların qarşısında durmuş adamlarda olur. Bu halda qəzəb adətən qorxu və təşviş ilə birlikdə olduğu üçün həmin insanın qanı onun dərisindən ürəyinə sarı sürətli hərəkətə başlayır, nəticədə qəzəblənmiş insanın rəngi saralır.

Xülasə, deyilənlərdən göründüyü kimi qəzəb insanın cismani əhvalının dəyişməsidir. Belə bir qəzəbin isə Allah Taalanın zatında olması mümkün deyil. Çünki Allahın zatı (varlığı) heç bir dəyişikliyə uğramır.

Allahın qəzəbi dedikdə məqsəd Onun cəzası və əzabıdır. O da insanın özünün etdiyi günahların nəticəsində baş verir. Çünki Allah Taala rəhm və mehribanlığın özüdür. İnsan bəzi hallarda günah və pis işlər edərək xətalara qərq olur ki, bununla da Allahın rəhm nuru ondan kəsilir. Burada “qəzəb” Allahın rəhm nurunun sönməsidir ki, bununla da pis işlər edən insan zülmət, qaranlıq, bəla və əzablara tuş gəlir.

Dediklərimizin sübutu olaraq, yəni Allahın qəzəbindən məqsədin həmin cəza və əzabın olmasını təsdiqləyən iki hədisi nəql edirik. Bu iki hədis bir Quran ayəsinin şərhi ilə əlaqədar məsum rəhbərlərin mübarək dilindən söylənmişdir.

Qurani-kərim Taha surəsinin 81-ci ayəsində buyurur:

 

وَ لا تَطْغَوْا فیهِ فَیَحِلَّ عَلَیْکُمْ غَضبی وَ مَنْ یَحْلِلْ عَلَیْهِ غَضَبی فَقَدْ هَویْ

 

“Onda həddi aşmayın, yoxsa Mənim qəzəbimə düçar olarsınız. Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt olar.”

Ravi deyir:

“İmam Məhəmməd Baqir əleyhissalamın hüzurunda idim, bu zaman Əmr ibn Ubeyd daxil olaraq dedi: Sizə fəda olum, “Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt olar” ayəsində qəzəb sözündən məqsəd nədir?

İmam Məhəmməd Baqir əleyhissalam buyurdu: Qəzəbdən məqsəd Allahın cəzası və əzabıdır. Allahın bir haldan başqa hala düşməsini güman edən insan həqiqətdə Allahı yaradılmışlara bənzətmişdir. Allahı heç nə təhrik etmir ki, Onu dəyişə bilə.”

Tövhid (müəllif Şeyx Səduq) 164-cü səhifə

 

Həmçinin İmam Cəfər Sadiq əleyhissalam buyurur:

“Allahın “razılığı” Onun savab və mükafatı, “qəzəbi” isə Onun cəzası və əzabıdır. Bunlar Ona heç bir şeyin nüfuz etmədən, həyacana gəlmədən və Onun bir haldan başqa bir hala dəyişilməməsi ilə baş verir.”

Tövhid (müəllif Şeyx Səduq) 165-ci səhifə

 

Onu da deyək ki, hər halda Allahın qəzəbi hamı üçün dərdli, ağrılı və dözülməsi mümkün olmayandır. Odur ki, Allahın dostları və vəlilərinin hamısı Allahın əzabından qurtulmağı Ondan istəyirlər. Bu cəhətdən İmam Hüseyn əleyhissalam da Ərəfə duasında buyurur:

“İlahi, məni Öz qəzəbinə düçar etmə (mən yalnız Sənin əzabından qorxuram), əgər Sən mənə qəzəbli olmasan (Sənin qəzəbindən amanda olsam), onda mən başqalarının qəzəblərindən qorxmuram.”

Yuxarıda dedik ki, Allah rəhm və mehribanlığın özüdür, varlıq aləmində heç bir şey Onun rəhmindən kənarda deyil. Hətta Allahın qəzəbi də Onun rəhm və qayğısından qaynaqlanır. Odur ki, Cövşəni-kəbir duasında oxuyuruq:

یا مَنْ سَبَقَتْ رَحْمَتُهُ غَضَبَه

“Ey rəhməti qəzəbindən irəli olan Allah!”

Deməli, Allahın bu dünyada əzab, cəza, bəla, problem, müsibət və xəstəliklər şəkilində özünü büruzə verən “qəzəbi” əslində insanın tərbiyəsi, tövbə edib düz yola gələrək islah olması üçündür. Əgər bunlar insanın pis yoldan qayıtmasına səbəb olmazsa, həmin “qəzəb” axirətdə “cəhənnəm” şəkilində aşkar olacaqdır.

Bu dünyəvi çətinliklərin toplusu olan “qəzəbin” kökündə rəhm və mehribanlıq durur. Necə ki, ata və ana evdə öz sevimli övladlarını danlayanda, ona nəyisə verməyəndə, onu cəzalandıranda məqsədləri yalnız və yalnız övladlarının tərbiyəsi, ədəblənməsi və tərəqqisidir.

Odur ki, xəstəliklər, zəlzələlər, bəlalar ... bir çox hallarda insanların qəflət yuxusundan oyanmalarına və islah olaraq pis işlərdən əl çəkib yaxşı işlər edənlərdən olmalarına səbəb olur.

Tacəddin Xarəzmi də Fususul-hikəm kitabının şərhində yazır:

Qəm-kədər, dərdlər və əzab-əziyyətlərlərin  varlığı qəzəbdən olduğu, qəzəbin isə İlahi rəhmətdən qaynaqlandığı üçün bu bəla və qəzəbin nəticəsi kamalatlara (təkamülə) qovuşmaq rabitəsi, insanın uca məqamlara yetişməsi üçün vasitə, günahların bağışlanması səbəbi və qəlbin saflaşması amilidir.

Ona görə də böyük və İlahi şəxsiyyətlər bəla, xəstəlik, dünya problemləri, müsibətlər və çətinliklərin Allahın rəhmindən qaynaqlandığını bildikləri üçün onları təbəssüm və sevinclə qarşılamışlar.

Günəşin nuru öz hərarəti ilə meyvələrə təsir edərək onları yetişdirməklə meyvələrə fayda  verməsi də günəşin özünəməxsus bir rəhmətidir. Çətinliklər, bəlalar, müsibətlər, xəstəliklər, zəlzələlər və qəm-kədərlər də hərarət və yandırmaları ilə insanların öz səhvlərini dərk etmələri və içlərindəki peşmançılıq hisslərinin oyanması, eləcə də yaxşı işlər etmək istedadının üzə çıxması üçündür.

Deməli, Allahın “qəzəbinə” düçar olmamaq üçün Ona qarşı çıxmaqdan çəkinmək, günah və pisliklərdən uzaq olmaq, bütün işləri düşünərək həyata keçirmək, hamının yaxşılığı naminə çalışmaq lazımdır.

Əxlaq ustadımız mərhum Ayətullah İştihardi bir gün dərsdə belə buyurdu:

“ Ərəfə günündə 2 rəkət namaz qıl, namazın salamını deyən kimi əllərini göyə qaldıraraq de: “İlahi, mən bu an idiyə qədər mənə hər növ pislik etmiş insanların hamısını bağışladım, Sən də məni bağışla.”
Bununla da sənin bağışlanmamış bir günahın qalmayacaq.”

baxılıb: 846 dəfə