14 Məsum və əxlaq

Qəm-qüssə və kədərdən uzaq olmağın yolu

Əmirəlmöminin Əli əleyhissalam Nəhcül bəlağədə 31-ci məktubda oğlu imam Həsən əleyhissalama xitabən buyurur:

شَكَوْتَ إِلَيْه هُمُومَكَ - واسْتَكْشَفْتَه كُرُوبَكَ واسْتَعَنْتَه عَلَى أُمُورِكَ

"Qəm kədərini Allaha söylə, təki Allah sənin qəm kədərini aradan aparsın (və şadlığın yenidən sənə qayıtması üçün) sənin çətinliklərinin asanlaşmasında sənə kömək olsun."

İnsanin təbiəti belə qurulmuşdur ki, öz dərdlərini deməyə və ürək sözlərini bölüşməyə kiməsə ehtiyacı vardır. İnsan bundan ötrü elə bir şəxsi axtarır ki:

- İstədiyi zaman onu tapa və sözlərini ona deyə bilsin.
- Onunla söhbət etmək üçün heç bir maneə və şərt olmasın.
- Onunla görüşmək üçün xüsusi zamana ehtiyac olmasın.
- Onunla dərdləşmək üçün kimlərəsə müraciət etməli olmasın.
- Onunla görüşüb bütün ürək sözlərini ona dediyinə görə kimlərsə onu incitməsin və danlamasın.
- Görüşdüyü kəs hər şeyə qadir olsun və hər şeyin həlli onun əlində olsun.
- Həmin kəs özü insanların sorağında olsun və desin ki, "Mən sizə yaxınam, məni çağırın istəklərinizi qəbul edim..."

Sizcə kimdə bu xüsusiyyətlərin hamısı cəmlənmişdir?!
Əlbəttə ki, göylərin və yerin Rəbbi olan Allah Taala bütün bu xüsusiyyətlərə malikdir.

Əmirəlmöminin Əli əleyhissalam oğlu imam Həsən əleyhissalama yazdığı bu məktubunda oğlunu, eləcə də oğlunun simasında bütün iman əhlini dəvət edir ki, şadlıq və sevinc sizdən üz döndərərkən, qəm-qüssə və kədər isə başınızın üstünü alarkən qəm kədərin sizdən uzaqlaşması və şadlıq və sevincin yenidən sizə qayıtması üçün Allah Taadan kömək və yardım istəyin.
Dua və münacat etmək insandan qəm kədəri götürür, insanı şad və xürrəm edir, insanda gələcəyə ümid hissini gücləndirir. Allah Taala ilə daha çox ünsiyyətdə olan insan daha nikbin olur. Özünə etimadı güclənir. Özünün ehtiramını və şəxsiyyətini dərk edir. İnsanın həmişə şad və sevinc içində olmasına ən böyük və müsbət təsirlərin əsas səbəblərindən biri məhz Allah Taala ilə münacat etməsi, çoxlu dua etməsi və ürək sözlərini Onunla bölüşməsindədir.

Elə isə Allah Taala ilə daha çox rabitədə və ünsiyyətdə olun, çalışın qəm-qüssə və kədərdən uzaq olasınız, əgər qəm kədərə məruz qalsanız dərdinizi yalnız Ona deyin.

baxılıb: 607 dəfə