14 Məsum və əxlaq

Həqiqi şadlıq və sevinc

Əmirəlmöminin Əli əleyhissalam Nəhcül bəlağədə 22-ci məktubda İbn Abbasa belə yazır:

فلیکن سرورک بما نلت من آخرتک و لیکن اسفک علی ما فاتک منها

"Buna görə də gərək sənin şadlıq və sevincin axirət mənfəətinə görə olsun ki, (onun əldə edilməsi vasitəsini dünyada) tapmısan. Həmçinin kədərin və qəm-qüssən isə əldən çıxmış axirət xeyiri üçün olmalıdır."

Həyatını belə bir düşüncə və üslub üzərində qurmuş insanın şadlıq və sevinci onun həmin sevincin vasitəsilə axirətini qazanmasına səbəb olan şeylərlədir. Başqa sözlə desək halal yolla və Allaha xatir olan bütün şadlıq və sevinclər bizə dünyada fərəh qazandırmaqdan əlavə həm də bizim axirət mənfəətlərimizdəndir.

Amma insanın kədəri isə axirət mənfəətini əldən verdiyinə görə olmalıdır. Bu kədər də uzun sürməməlidir, yalnız təəssüflənərək qısa müddətlik kədərlənmə olmalı və bunun ardınca səhvini düzəltmək məqsədilə şadlıq və sevincə səbəb olan xeyir işə başlamalıdır.

Belə bir həyat üslubu seçmiş insan təbiidir ki, dünya həyatını puç və əbəs sanmayacaq, əksinə həyatda məqsəd və hədəflərin ardınca olacaqdır.
Hər gününün, hətta hər saatının faydalı və mənfəətli olmasına çalışacaqdır.

Deməli, savab əməllər, yəni Allah Taalanın razılığını qazanmaq üçün olan əməllər insana həqiqi şadlıq və sevinc gətirir.

baxılıb: 558 dəfə