İctimai Əxlaq

İnsanların ən ağıllısı kimlərdir?!

Əmirəlmöminin Əli əleyhissalam buyurur: أعقل الناس أقربهم من الله أعقل الناس أبعدهم عن كل دنية “İnsanların ən ağıllısı Allaha ən yaxın olan, eləcə də günah və alçaqlıqlardan ən uzaq olan insanlardır.” əl-Əqlu vəl-cəhl 139-cu səhifə

Əmirəlmöminin Əli əleyhissalam bu hədisdə insan ağlının kamal səviyyəsini təyin etmişdir. Son dərəcə dəyərli və qiymətli olan bu hədis hər bir insana düzgün həyat yolunu göstərməkdədir.

Deməli, insanın ağlının tərəqqi etməsinin təzahürü həmin insanın Allaha yaxınlaşması və çirkinliklərdən, zillətdən uzaq olmasındadır.

Dostlar, baxın, maqnit harada dəmir qırıntıları olarsa onları özünə cəzb edir. Əgər bir miqdar pambığı maqnitə yaxınlaşdırsaq maqnit həmin pambığı özünə sarı çəkməyəcək. Lakin əgər biz həmin pambığın arasına bir qədər dəmir qırıntıları qoysaq onda maqnit həmin pambığı özünə çəkərək cəzb edəcəkdir. Burada əslində maqnitə sarı cəzb edilən pambıq deyil, əksinə pambığın içində olan dəmir qırıntılarıdır.

Günahlar sanki bir maqnit və haram tikə isə dəmir qırıntılarıdır. Əgər insan haram yeməklərdən uzaq olarsa o, pambıq kimi maqnitin yanından keçəcək və maqnit, yəni günahlar həmin insanı cəzb edə bilməyəcək. Amma insan haram yemək yedikdə günahların kənarından keçə bilməyəcək və maqnitə, yəni günahlara cəzb ediləcəkdir.

Bu, haram tikə və haram yeməyin xasiyyətidir.

Bunun əks misalı isə budur ki, Savablar və yaxşı işlər sanki bir maqnit və halal tikə, halal yemək isə sanki dəmir qırıntılarıdır. Əgər bir insanın yeməyi və qazancı haramdan olarsa həmin insan o pambıq kimi savab işlərin və yaxşılıqların yanından keçəcək, Və maqnit, yəni yaxşı işlər həmin insanı özünə cəzb etməyəcəkdir.

Amma əgər insanın yeməyi yüz faiz halal olarsa insan yaxşılıqlardan, savab işlərdən uzaq olmayacaq və maqnit, yəni savab və yaxşı işlər həmin insanı özünə cəzb edəcəkdir. İbadətlərin yanından keçəndə ibadətlər onu cəzb edəcəkdir. Ziyarətgahların, İmamzadələrin yanından keçəndə həmin insanda ziyarət etmək ruhiyyəsi və meyli baş qaldıracaqdır. Məscidlərin yanından keçəndə məscidə daxil olaraq namaz qılmaq və Quran oxumaq istəyi onda baş qaldıracaqdır. Əxlaq dərslərinə, moizələrə, şəhidlərin türbətlərinə, qohumlarla yaxınlarla görüşməyə... həmin insanın qəlbində meyl və istək yaranacaqdır.

Bu, halal tikənin və halal qazancın xasiyyətidir. Halal tikə, halal yemək, halal qazanc insanın qəlbini nurlandırır. İnsanın halal (düzgün) düşünməsinə, halal (düzgün) əməl etməsinə səbəb olur.

Bütün itaətlər, ibadətlər, yaxşılıqlar və savablar cəzbetməyə və təmayülə malikdirlər. Bunların hamısının halal yemək ilə, halal qazanc ilə qarmoniyaları, uyğunluqları vardır. Hətta nəinki təkcə halal tikə, bəlkə halal məskən, halal paltar, halal iş və sair. Halal yolla əldə edilmiş mənzil insanı həmin evdə ibadətlərə, qonaqlıqlara, imam məclisləri keçirməyə, Quran oxumağa ... cəzb edir.

Amma əgər həmin mənzil haram yolla əldə edilmiş olarsa insan həmin evdə qeybət etməyə ...  meylli olur.

İnsan haram yedikdə onun düşüncəsi də haram olur. Bu da bəllidir ki, insanın əməli onun düşüncəsindən asılıdır. Düşüncəsi haramdan yoğrulmuş insanın əməl və rəftarı da haram olacaqdır. Belə olduqda həmin insan camaata pislik edəcəkdir, insanlara böhtan atacaqdır, insanları əziyyət edəcəkdir. Sözün qısası belə adamlardan hər bir cinayəti gözləmək olar. Tarix də buna sübutdur.

Bəşər tarixinin ən böyük müsibəti Kərbəla müsibətidir. Bu sual hamını düşündürmüşdür ki, necə oldu ki, sevimli peyğəmbər həzrət Muhəmmədin –səllAllahu əleyhi və alih- vəfatından 50 il sonra "müsəlmanlar” zamanın İmamını və Peyğəmbərin övladını qətlə yetirdilər?!

Bu sualın cavabını həmin zamanın İmamı özü vermişdir.

İmam Hüseyn əleyhissalam Kərbəlada aşura günü üzünü onunla müharibəyə gəlmiş dırnaqarası müsəlmanlara tutub onların niyə İmamı öldürməyə gəlmələrinin səbəbini belə açıqladı:

فَقَدْ مُلِئَتْ بُطُونُكُمْ مِنَ الْحَرَامِ وَ طُبِعَ عَلَى قُلُوبِكُمْ

 

“Həqiqətən sizin qarınlarınız haram ilə doludur və beləliklə də qəlblərinizə möhür vurulmuşdur.”

Biharul ənvar 45-ci cild 8-ci səhifə

Ləvaicul əşcan 129-cu səhifə

 

Sonda onu da xatırlayaq ki, halal ilə haram qarışanda, itaət ilə qünahlar da qarışırlar.

baxılıb: 569 dəfə