İctimai Əxlaq

Qeyrət, qısqanclıq və həsadət

Əmirəlmöminin Əli əleyhissalam buyurur: غیره الرجال ایمان و غیره المراه کفر “Kişinin qeyrəti iman, qadının qeyrəti isə küfrdür.” Nəhcül bəlağə 119-cu hikmət

Hədisin şərhi:

Hər şeydən əvvəl küfr, iman və qeyrət kəlmələrinin mənasını nəzərinizə çatdırırıq.

Küfr və iman kəlmələri əsasən iki cəhətdə işlənir:

1- Fikir və düşüncədə küfr və iman.
Yəni, kim Allahı tanıyırsa, Onun sifətlərinə olduğu kimi etiqad edirsə həmin insan iman əhlidir. Amma bunun əksinə, kim Allahı və ya Allahın bəzi sifətlərini inkar edirsə həmin insan küfr əhlidir.

2- Əməl və rəftarda küfr və iman.

Yəni, əqidədə Allahı qəbul edən iman əhlinin əməl və rəftarları da imanına uyğun tərzdədir. Bunun əksinə isə küfr, yəni əməl və rəftarın Allahın göstərişlərinin əksinə olmasıdır.

 

Qeyrət kəlməsinin izahı.

Qeyrət kəlməsinin çoxlu mənaları vardır. Başqa sözlə desək müxtəlif yerlərdə müxtəlif mənalarda işlənir. Onların bir birinə bağlı olan mənası isə bir şeydir: “İnsanın yalnız özünə məxsus olan şeyə başqalarının şərik olmasına razı olmamaq və icazə verməmək.”

Məcməul bəhreyn 3-cü cild 432-ci səhifə (Tureyhi Fəxrəddin)

 

Məsələn: Bəzi hədislərdə Allahın “Ğəyur” -Qeyrətli adı qeyd edilib.

Yəni, Allah insanların Ona şərik qoşmalarına, varlıq aləmində olanları Allahdan başqasına şərik saymalarına razı deyil.

Və ya belə bir ifadə işlədilir: “Vətəndaş vətəninin qeyrətini çəkməlidir” Yəni, “bu bizim vətənimizdir, başqalarının bizim torpaqlarımıza göz dikərək vətənimizə şərik olmalarına razı deyilik.”

Bu təriflərə nəzər saldıqda görürük ki, qeyrətin yaxşı ya pis olması onun barəsində qeyrətdən istifadə etməyimizin lazım olduğu şeylərdən bəlli olur.

Sevmək kimi. Yəni harada sevmək yaxşı şeydir və harada pis şeydir?! Təbiidir ki, bu sevilən şeyə baxdıqda bəlli olur. Deməli, əgər sevdiyimiz şeylər seviləsi düz olan şeylərdirsə yaxşıdır, əgər düz deyilsə pisdir.
Bu mənaları nəzərdə tutmaqla həmin mənaların izahına gedirik.

a) Allaha küfr etməyimiz əqidə və düşüncədə olarsa ona küfri-əqidəti, amma əməl və rəftarda olarsa ona küfri-əməli deyilir.

b) Əmirəlmöminin Əli əleyhissalamın bu hədisində qadının qeyrəti məsələsi kişinin qeyrəti məsələsi ilə yanaşı qeyd edildiyindən məlum olur ki, bu mövzu qadın kişi münasibətlərinə aiddir. Yoxsa ümumi məsələlərin hamısında qeyrət kişiyə məxsusdur.

Necə ki, imam Cəfər Sadiq əleyhissalam buyurur:

ليس الغيرة إلا للرجال وأما النساء فإنما ذلك

منهن حسد والغيرة للرجال ولذلك حرم الله على النساء إلا زوجها وأحل للرجال أربعا

وإن الله أكرم أن يبتليهن بالغيرة ويحل للرجال معها ثلاثا

 “Qeyrət yalnız kişilərə məxsusdur, qadınlara aid edilən qeyrətdən məqsəd həsadətdir (qısqanclıqdır), qeyrət kişilərə aiddir, buna görə də Allah qadınlara yalnız ərini halal etmişdir, kişilrə isə dörd qadın halal etmişdir. Allah ucadır bundan ki, bir tərəfdən qadınlara qeyrəti verə, başqa tərəfdən isə kişilərə o qadından əlavə başqa üç qadın almağı da halal edə.”

əl-Kafi 5-ci cild 505-ci səhifə, bab ğeyrətun nisa.

 

Deməli, “Kişinin qeyrəti imandandır” cümləsindən məqsəd budur ki, əgər kişi özünə məxsus olan qadına başqa kişinin şərik çıxmasına razı olmazsa, bu, həmin kişinin imanının əlamətidir. Yəni, nə qədər ki, qadın həmin kişinin həyat yoldaşıdır və ona məxsusdur, bu kişinin qeyrəti başqa kişinin onun həyat yoldaşına şərik çıxmasına razı olmaz, bu da imanın əlamətidir. Çünki bu qeyrət Allah Taalanın razılığına uyğun bir əməldir. Yəni, kişi Allahın istəyinə uyğun hərəkət edir.

“Qadının qeyrəti onun küfrüdür” cümləsindən isə məqsəd budur ki, əgər qadın özünə məxsus olan kişiyə başqa qadının şərik çıxmasına razı olmazsa, bu, həmin qadının küfrünün əlamətidir. Yəni, nə qədər ki, kişi bu qadının həyat yoldaşıdır, bu qadın icazə verməyə ki, başqa qadın bunun əri ilə şərik olsun, bu küfrün əlamətidir. Çünki qadının bu qeyrəti Allahın göstərişlərinin əksinədir, həqiqətdə bu qadın Allahın göstərişlərini inkar etmiş olur. Bu da əməli-küfrdür.

 

Təkmilləşdirmə incəlikləri:

1- Kişilərin birdən çox qadın ilə evlənmələrinə Allah Taala Qurani-Kərimdə icazə vermiş, lakin əməl edilməsi çox çətin olan “ədalət”i şərt etmişdir. Özü də Allahın nəzərdə tutduğu “ədalət”.

فَإِنْ خِفْتُمْ أَلَّا تَعْدِلُواْ فَوَاحِدَةً   

“Deməli, əgər ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxsanız, onda yalnız bir qadınla evlənin.”

Nisa surəsi 3-cü ayə

 

Ədalətin buraya aid iki növünü qeyd edirik:

a) Ruhi-mənəvi kamala, ağıla və ya dünyəvi üstünlüklərə malik olan, və nöqsanlardan uzaq olan bir həyat yoldaşına malik olan kişi əgər öz yoldaşından çox aşağı olan başqa qadın ilə evlənərsə, bu özü ədalət prinsipini pozmaqdır və Allahın razı olmadığı bir işdir.

b) Hər ikisinə eyni tərzdə baxa bilməyəcəksə, birinin haqqı o birinə nisbət tapdalanacaqsa, maddi cəhətdən birini yaxşı o birini pis dolandıracaqsa... bu da ədalət prinsipinə ziddir.

 

2- Bir sıra hədislərə baxanda görürük ki, qadınların öz ərlərinə nisbət həssas olmaları nəinki pislənməmiş, əksinə dəstəklənmişdir. Qadının təbiəti belə yaradılmışdır. Bəyənilməyən şeylər Allahın hökmlərinin inkarına səbəb olan şeylərdir.

Misal üçün, elə bir şərait qarşıya çıxdı ki, (səbəblərlə işimiz yoxdur) qadının ərinə ikinci dəfə evlənmək, yəni ikinci arvad almaq lazım oldu, bu qadının qeyrəti səbəbindən ərinə ikinci dəfə evlənməyə mane olmağa çalışması pislənmişdir.

Yoxsa, İmam Cəfər Sadiq əleyhissalamdan soruşurlar:

قلت لأبي عبد الله ( عليه السلام ) : المرأة تغار على الرجل تؤذيه ، قال : ذلك من الحب

“Qadın öz ərinə nisbətdə qısqanclıq edir, bu də həmin kişinin əziyyətinə səbəb olur. İmam Cəfər Sadiq əleyhissalam buyurdu: Bu, həmin qadının öz ərini sevdiyindəndir.”

əl-Kafi 5-ci cild 506-cı səhifə, bab ğeyrətun nisa.

 

Xülasə, qadının qeyrət və həssaslığı, yəni qısqanclığı -Allahın inkarna gətirib çıxaran göstərişlərinin pozulmasına səbəb olmayınca, çox yaxşı və bəyənilən bir şeydir və bu, küfrün əlaməti deyil, əksinə qadının təbiətinə uyğun bir rəftardır.

 

3-  “Kişinin öz həyat yoldaşına olan qeyrəti hər cəhətə və hər sahəyə aiddirmi?

Cavab: “İslam şəriətinə əsasən halal olan şeylərdə qeyrətdən istifadə etmək bəyənilmir, hətta pislənmişdir də. Bu mövzuya hədislərdə çox işarələr edilmişdir.

a- Kişinin öz həyat yoldaşının geyiminə nisbət qeyrət bəsləmək yaxşı iş deyil. Bir şərtlə ki, həmin geyimin Allahın icazə vermədiyi tərzdə deyilsə. Qadın halal geyim tərzlərindən istədyini seçib geyinə bilər.

b- Kişinin öz həyat yoldaşının elmi tərəqqisinə mane olması yaxşı iş deyil. Qadının elm sahəsində tərəqqi etmək istəməsi onun haqqlarındandır. Bu mövzuda kişinin qeyrət bəsləməsi düz deyil.

c- Kişinin öz həyat yoldaşına onun işi ilə əlaqədar qeyrət bəsləməsi yaxşı iş deyil.

ç- Kişinin öz həyat yoldaşının rəfiqələri ilə görüşməsinə qeyrət bəsləməsi düz deyil. Başqa sözlə desək, kişi öz həyat yoldaşını ictimai rabitələrdən məhrum edə bilməz.

d- Kişinin öz həyat yoldaşına onun hansı ətirlərdən, ... istifadə etməsinə nisbət qeyrət bəsləməsi yaxşı iş deyil.

Bu siyahını istənilən qədər uzatmaq olar, əsas məsələ budur ki, bu mövzuda meyar Allahın həmin şeyləri halal ya haram etməsi məsələsidir.

Yəni, kişi qadına Allahın halal etdiyi və razı olduğu şeylərdə qeyrət bəsləyə bilməz, eləcə də qadın kişiyə Allahın halal etdiyi və razı olduğu şeylərdə qeyrət bəsləyə bilməz.

baxılıb: 1767 dəfə