İctimai Əxlaq

Həzrət Fatimə (ə) əxlaqında Qonşuluq haqları

Həzrət Fatimə əleyhasalam buyurur:

ليس من المؤمنين من لم يأمن جاره بوائقه

“Qonşuları onun şərrindən (pisliyindən, əziyyətindən) amanda olmayan şəxs möminlərdən deyil.”

Dəlailul-imamə 66-cı səhifə

İslamın önəm verdiyi məsələlərdən biri də qoşululuq haqqıdır. Hər bir müsəlman öz qonşuları ilə mehriban qonşuluq münasibətlərinə malik olmalıdır. Qonşusunun evdə olmadığı vaxtlarda onun abırını qorumaq, görüşəndə onunla hörmət və ehtiramla davranmaq, ona daima dayaq və himayaçi olmaq qonşuluq haqlarındandır.

Müsəlman olan şəxs qonşularının eyibləri və nöqsanları barədə axtarış etməməlidir. Əgər onun bir pis işini bilmiş olsa özünün sirlər xəzinəsi olan sinəsinin möhkəm qalasında həmin pis işi elə saxlamalıdır ki, nizələrin iti ucları belə o sirri öyrənə bilməsin.

Kimsə sizə başqaları ilə əlaqədar bildiyi sirləri açırsa siz onun bu xəyanətli addımını səmimi dostluq addımı ilə səhv salmayın və sinənizdəki sirləri xüsusilə də qonşular və yaxınlar barədə bildiklərinizi heç kimə deməyin.

Əmirəlmöminin Əli əleyhissalam həyatının son saatlarında söylədiyi axırıncı vəsiyyətlərində qonşularla mehriban münasibətdə olmağı dönə-dönə tapşırmışdır.

Bəli, qonşularla yaxşı keçinməyi və mehriban olmağı Allahın Rəsulu (s) o qədər tapşırardı ki, bəzi insanlar “qonşuya ehtiram etmək vacib ediləcək” –deyə düşünürdülər.

Bir hədisdə oxuyuruq:

جَاءَتْ فَاطِمَةُ ع تَشْكُو إِلَى رَسُولِ اللَّه ص بَعْضَ أَمْرِهَا فَأَعْطَاهَا - رَسُولُ اللَّه ص كُرَيْسَةً  وقَالَ تَعَلَّمِي مَا فِيهَا فَإِذَا فِيهَا مَنْ كَانَ يُؤْمِنُ بِاللَّه والْيَوْمِ الآخِرِ فَلَا يُؤْذِي جَارَه

“(Xanım) Fatimə (ə) bəzi işlərlə bağlı gileyini bildirmək üçün Allahın Rəsulunun (s) yanına gəlmişdi. Allahın Rəsulu (s) ona (Fatiməyə) kağız parçası verdi və -burada yazılanları öyrən, deyə buyurdu. O kağız parşasına belə yazılmışdı. “Kim Allaha və qiyamət gününə inanırsa qonşusuna əziyyət etməsin (onu incitməsin).....”

Məkatibur-Rəsul 2-ci cild 139-cu səhifə

Tarix kitabları yazmışlar ki, xanım Fatimənin (ə) dünyadan köçməsi nəinki o xanımın qonşularını, bütün Mədinə əhalisini sarsıtmışdı. İmam Həsən Müctəba əleyhissalam buyurur:

“Gecənin bir aləmində yuxudan ayıldım, anamın ibadət mehrabında əllərini göyə qaldırıb dua etdiyini gördüm, dualarında yalnız qonşuları bir-bir dua edirdi, bir qədər qulaq asdıqdan sonra dedim: -Anacan! Bəs bizi niyə dua etmirsən?! Anam Fatimə (ə) buyurdu: Oğlum! Əvvəl qonşular (üçün dua edirəm) sonra ev (üçün dua edəcəyəm).”

Odur ki, həzrət Fatimə əleyhasalam buyurur:

“Qonşuları onun şərrindən (pisliyindən, əziyyətindən) amanda olmayan şəxs möminlərdən deyil.”

Biz həzrət Fatiməyə (ə) nə qədər oxşaya bilmişik?

baxılıb: 348 dəfə