İctimai Əxlaq

Gəncləri danlamayaq

Sevimli peyğəmbərimiz həzrət Muhəmmədin (səllAllahu əleyhi və alih) həyat tərzinə nəzər saldıqda görürük ki, o həzrət günah və xəta etmiş gənclərlə rastlaşanda onlara kinayə ilə və üstüörtülü şəkildə xəbərdarlıq edərdi.

Bir gənc İslam dinini təzəcə qəbul etmiş və kəlmeyi-şəhadəti deyərək müsəlman olmuşdu. O zaman İslam dinini qəbul edən hər bir şəxsi adətən həzrət Peyğəmbərin (s) yanına gətirərdilər, təki o həzrət müsəlman olmuş şəxsə nəsihət və moizə etsin. Bu gənc də həzrət Muhəmmədin (s) yanına gəlmiş və haqq din olan İslam dinini qəbul etmişdi.

Həzrət Muhəmmədə (s) xəbər verdilər ki, həmin gənc cahiliyyət dövrünün bir pis əməlini hələ də tərk etməmişdir, o da xəbis qadınlarla haram ünsiyətdir. Şəhərin kənarında xəbis qadınlar iə rabitədə olur. Həzrət Muhəmməd (s) qərara gəldi ki, hər hansı bir yol ilə o gənci çirkin işdən çəkindirsin, bu pis niyyəti onun başından həmişəlik olaraq çıxartsın.

Bir gün həmin gənc şəhərin kənarından gələrkən Həzrət Muhəmməd (s) onun qarşısına çıxdı və “haradan gəlirsən, ey gənc?” -deyə soruşdu. Gənc dedi: “Dəvəm itmişdi, onu axtarırdım.” Həzrət Muhəmməd (s) buyurdu: “Ümid edirəm ki, bir daha bu çöllükdə dəvəni itirməzsən.”
Bu hadisənin üstündən bir müddət keçdi, həzrət Peyğəmbərə (s) xəbər verdilər ki, həmin gənc yenə də həmin bədnam məhəllədədir. Həzrət Muhəmməd (s) bu dəfə də həmin məhəllədən şəhərə gələn yola sarı getdi, gənc uzaqdan Peyğəmbəri (s) görən kimi “keçən dəfə dəvəmin itdiyini demişdim, bu dəfə görəsən nə deyim?” -deyə fikirləşdi. Sonra qərara gəldi ki, elə buradaca namaz qılmağa başlasın, həzrət Peyğəmbər (s) onun namazda olduğunu görüb getsin. Ancaq Həzrət Muhəmməd (s) heç yerə getmədi, səbir edərək o gənci gözlədi. Gənc gördü ki, o nə qədər namaz qılsa da Peyğəmbər (s) onu gözələyəcək, başını aşağı salıb o həzrətin yanına gəldi. Həzrət Muhəmməd (s) təbəssümlə buyurdu: “Ey gənc, mən artıq əminəm ki, sən bir də çöllükdə dəvə itirməyəcəksən!”

Bu hadisədən sonra həmin gənc birdəfəlik olaraq qadınlarla haram ünsiyyətə son qoydu.

Elə isə, insanları xüsusilə gəncləri birbaşa danlamayaq, onlara kinayə, üstüörtülü və işarə ilə, onlara dəyər verərək pis işlərdən çəkindirək.

baxılıb: 64 dəfə