İctimai Əxlaq

Biz bağışlayaq ki, Allah da bizi bağışlasın...

Şübhəsiz, bağışlamaq asan və sadə iş deyil, amma biz bunu bacararıq, biz bir günün hətta bir neçə dəqiqənin içində başqasını bağışlaya bilərik. Bunun üçün elə indidən özümüzlə şərt bağlayaq:

“Mən özümlə əhd bağlayıram ki, bu andan etibarən dəyişilirəm, özümü və başqalarını bağışlayıram.”

Əhli-beytin (ə) düşmənlərindən olmuş İsam ibn əl-Mustələq deyir:

“Mən Mədinə şəhərinə daxil olduqda (imam) Hüseyn (ə) ilə rastlaşdım, onun şəxsiyyət və rəftarı məni heyrətə gətirdi, paxıllıqdan qəlbimdə onun atasına (imam Əli əleyhissalama) olan düşmənçiliyimi üzə çıxardım... Atasını söyməkdə (Allaha pənah) lap həddi aşdım, o isə mehriban baxışlarla mənə baxaraq dedi: “Əuzu billahi minəş şeytanir rəcim. Bismillahir rəhmanir rəhim. “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər! Əgər sənə Şeytandan (bu əmr olunduğun işləri yerinə yetirməmək məqsədilə) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir! Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar (bəsirətləri artar). (Əraf surəsi 199-201-ci ayələr)”

İsam deyir: İmam Hüseyn (ə) bu ayələrdən sonra mənə dedi: “Sakit ol, özünü ələ al. Allahdan mənim üçün və özün üçün bağışlanma istə. Ehtiyacın varsa biz sənə kömək edərik, çərinliyin varsa bu işdə sənə yardım edək, fikir və etiqadında çətinliyin varsa səni (düz yola) hidayət edək.”

İsam deyir: Mən (etdiyim pisliyə görə) çox peşman oldum. (İmam Hüseyn əleyhissalam Yusif surəsinin 92-ci ayəsini oxudu:)

“Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki O, rəhm edənlərin ən rəhmlisidir!”

Şam əhlindənsən? Dedim –Bəli. Buyurdu: Oranın əhalisi (Muaviyənin bizim barəmizdə danışdıqları yalanlar nəticəsində) bizimlə düşmənçiliyə adət etmişlər. Gəl yaxına, nə çətinliyin varsa bizə de, təki sənə lazımlı köməyi edək.

İsam deyir: İmamın bu rəftar və davranışlarından sonra etdiyim pisliyə görə çox narahat oldum, istədim ki, yer yarılsın və mən torpağın altına girim. Nəhayət, peşmançılıq və mənəvi dəyişikliklə imam Hüseyndən (ə) ayrıldım, artıq mənim üçün yer üzündə ondan və onun atasından (imam Əli əleyhissalamdan) daha sevimlisi yoxdur.”

Deməli, bizə pislik etmiş insanları bağışlamağımız üçün azı dörd səbəb vardır;

1- Biz bağışlayaq ki, Allah Taala da bizi bağışlasın.

2- Bağışlayaq ki, fikrimiz, ruhumuz və cismimiz sağlam qalsın.

3- Özümüzü başqalarının yerində qoyaq, əgər biz bilmədən hətta bilərəkdən ancaq qəflət üzündən kiməsə pislik etmiş olsaq onun bizi bağışlamasını istəmərikmi? Əlbəttə istəyərik. Çünki heç kim kiminsə onunla düşmən vəziyyətində qalmasını istəmir.

4- Məgər məqsədimiz cəmiyyətin islah olması deyilmi? Elə isə bağışlayaq ki, yatmış vicdanları oyadaq. İnsanların haqqı görmələrinə və pis əməllərinə görə peşman olaraq hidayət olmalarına səbəb olaq. Nəticədə cəmiyyətimiz əxlaqlı cəmiyyətə çevrilərək başqa millət və xalqlara gözəl nümunə olsun.

baxılıb: 59 dəfə