İctimai Əxlaq

Başqalarını bağışlamağın faydaları

Bu hərəkətin (başqalarını bağışlamağın) bağışlayan şəxsə müsbət təsirlərini nəzərdən keçirmək insanı bağışlama xüsusiyyətinə sövq edir. Məsələn, bilməliyik ki, insanları bağışlamadıqda ən böyük zərbəni özümüzə vurmuş oluruq, qəlbimiz kinli fikrimiz isə təşviş içində olur, əsəb sinirlərimiz pozulur və bu bizim cismimizdə aşkar şəkildə müşahidə edilir. Hər gün dəfələrlə həmin pis hadisəni yadımıza salır və fikrimizdə onun mühakiməsini yürüdürük, əsəbimiz pozulur, hirs və qəzəb bütün vücudumuza qənim kəsilir. Fikirləşməkdən yoruluruq, başımız ağrıyır deyə daxilimizdəki mühakiməni müvəqqəti dayandırırıq, halbuki bizə qarşı xəta etmiş insan normal həyatını yaşamaqdadır. Yemək yeyib dərman atıq bir az özümüzə gəldikdən sonra yenidən daxili mühakiməyə başlayırıq, beləcə eyni adamın onlarla yüzlərlə dəfə mühakiməsini edirik, özümüz özümüzdən soruşmuruq ki, “ay qardaş, axı bir nəfərə nə qədər hökm çıxarılar?!” Bunun bizim əleyhimizə olan ikinci tərəfi isə budur ki, bu daxili çarpışmalar nəticəsində bizim ruhumuz, fikrimiz  və cismimiz bütün gücünü eyni adamların mühakiməsinə sərf edir, xarici və real aləmdə biz heç bir faydalı iş görə bilmirik, həyatın gözəlliklərini seyr etməkdən məhrum oluruq, zehnimiz lazımsız mühakimələr səbəbindən heç bir yeni düşüncə, ideya və fikiri özünə cəlb edə bilmir.

Əmirəlmöminin  Əli əleyhissalam buyurur:

رحم الله امرأ عرف قدره و لم يتجاوز طوره

“Öz qədrini bilən və (fikir və rəftarda) həddini aşmayan şəxsə Allah rəhm (mərhəmət) etsin!”

Şərhu nəhcul bəlağə (İbn Əbil-Hədid) 16-cı cild 118-ci səhifə

Deməli, öz qədrimizi bilməliyik, bunun üçün isə bağışlayan, əfv edən və güzəştə gedən olmalıyıq. Sərt, kinli, barışmaz və amansız olmamalıyıq. Bağışlayan şəxsə çevrildikdə fikirləşməyək ki, biz qarşı tərəfə güzəştə gedərək onu bağışlamağımız qarşı tərəfin qalib gəldiyini bizim isə məğlub olduğumuzu göstərir, xeyr, əsla elə deyil. Biz gərək həqiqi qalibin özümüz olduğuna inanaq, çünki bağışlamağımızla pis fikirlərdən, kobud rəftarlardan, qəzəb və hirsdən qurtulmuşuq, bundan əlavə alicənablıq və şərafətlilik məqamına nail olmuşuq. Artıq hər kəs bizim yaxşı, etibarlı və etimad ediləcək insan olduğumuzu başa düşmüşdür.

baxılıb: 55 dəfə