İctimai Əxlaq

Bizə pislik edənləri bağışlamalıyıqmı?

Qurani-kərim Nur surəsinin 22-ci ayəsində buyurur:

وَ لْيَعْفُواْ وَ لْيَصْفَحُواْ  أَ لَا تحُبُّونَ أَن يَغْفِرَ اللَّهُ لَكمُ‏ْ  وَ اللَّهُ غَفُورٌ رَّحِيمٌ

“Gərək (onları) əfv etsinlər və (təqsirlərindən) keçsinlər. Məgər Allahın sizi bağışlamasını istəmirsiniz?”

Biz hamımız az-çox müxtəlif insanlardan fərqli səbəblərdən mənəvi zədə almışıq, ruhumuz inciyib, onlara etimad və etibarımız qalmamışdır. Bu mənfi hadisələrin ziyanı ötəri olmuş və tez bir zamanda keçib getmiş ancaq onların acısı ilə uzun müddət çarpışmalı olmuşuq.

Belə mənfi hadisələrin acısını unutmamağımız bizlərdə insanlardan uzaqlaşmaq meyilləri də yaratmışdır, başqa tərəfdən əsəblərimizi yerindən oynatmış, qəzəb və hirsi bizim vücudumuza hakim etmişdir, nəticədə həyatın gözəllik və şirinliyini duymaqdan məhrum olmuşuq.

Təbii ki, biz özümüz də bir vaxtlar bəzi şəxslərin xətrinə dəymiş və onların bizdən incimələrinə səbəb olmuşuq, hətta bu olmasa belə Allah Taalanın qarşısında günahlarımızın olması danılmazdır. Hər gün Allahdan dəfələrlə bizim günahlarımızı bağışlamasını istəyirik.

Biz başqalarını bağışlamadan Allah Taala tərəfindən bağışlana bilərikmi?

Bağışlamayan insanı Allah Taala bağışlayarmı?

Başqalarını bağışlamalıyıq ki, Allah da bizi bağışlasın. Onu da geyək ki, bu bağışlamaqdan məqsəd keçmişdə olan həmin hadisələri unutmaq və zehnimizdən silmək yox həqiqi mənada və səmimi qəlbdən olmalıdır.

Odur ki, Qurani-kərimə əsasən başqalarının xətalarından “əfv və güzəşt etmək” alicənab və şərafətli insanların xüsusiyyətlərindəndir.

İmam Hüseyn əleyhissalam buyurur:

لو شتمني رجل في هذه الاذن وأومى إلى اليمنى واعتذر لي في الأخرى لقبلت منه

“Əgər sağ tərəfimdə dayanmış bir nəfər mənə kobud söz deyib dərhal sol tərəfimə keçərək məndən üzr istəyərsə mən onun üzrünü qəbul edərəm.”

İhqaqul həqq 11-ci cild 429-cu səhifə

Yaddan çıxarmayaq ki:

1- Bizə pislik edənləri bağışlamamağımız mənfi yük qalağını daşımaq kimidir ki, bu da  əvvəlcə zehni qarışıqlığa və onun ardınca cismi pozğunluğa səbəb olur. Çünki batindəki hər bir təsəvvürün əks-sədası zahirdə özünü büruzə verir. Mənfi fikirlər mənfi rəftar və davranışları, hətta mənfi adamları özünə cəzb edir.

2- Hər bir insan istər istəməz tez-tez keçmişini xatırlayır, keçmişi xatırlayarkən xatırlanan hadisələrin müsbət və gözəl olması insanın şadlıq və sevinc içində olmasına səbəb olur. Eləcə də keçmişimizi xatırlayarkən mənfi və insanı ruhdan salan üzücü hadisələrin xoşagəlməz təsiri bizləri qəmgin və pərişan edir.

3- Biz qarşı tərəfi bağışladığımız təqdirdə onların bizə qarşı fikirləri müsbətə doğru dəyişir, bizi “əfv edən” və “güzəştəgedən” insan olaraq tanıyır, bizim etibarlı və etimad ediləcək şəxs olduğumuzu anlayır. O, hətta üzdə bildirməsə də həmişə içində bizə pislik etdiyinə görə narahatlıq hissi keçirəcəkdir.

4- Bu şərait bizim də başımıza gələ bilər, biz də istər istəməz kimisə incitmiş olarıq, onda bizim gözləntimiz necə olacaq?! Elə isə biz bağışlamalıyıq ki, bizi də bağışlasınlar.

baxılıb: 51 dəfə