İctimai Əxlaq

Əxlaqi nəsihət

Üç dəyərli tövsiyə

İmam Musa Kazım əleyhissalam səhabəsi Hişama nəsəhət edərək buyurur:

يا هشام من صدق لسانه زكي عمله ، ومن حسنت نيته زيد في رزقه ، ومن

حسن بره بإخوانه وأهله مد في عمر

“Ey Hişam!  Düzdanışan insanın əməli saf (təmiz) olar, xoşniyyət (niyyəti yaxşı) olanın ruzisi çox olar, (din) qaraşlarına və ailəsinə yaxşılıq edənin ömrü uzun olar.”

.

Bu hədisdə düz danışmaqdan məqsəd “yalan danışmamaq” və “doğruçu” olmaqdır. Yalan danışmaq möminə aid xüsusiyyət deyil, imanı olan şəxs yalan danışmaz. Düz danışmaq insana çoxlu faydalar verir və insanı hamının yanında başıuca edir. Hədisdə işlədilən “zəka” sözünün iki mənası vardır, həm çoxalmaq mənasında həm də saflıq, xalislik və təmizlik mənasında işlədilir. Deməli, düz danışan və doğruçu olmağın insanın əməlinə iki müsbət təsiri var:

1- İnsanın yaxşı əməllərini çoxaldır.

2- İnsanın əməllərini pak və xalis edir. Yəni həmin şəxs pis əməldən tamamilə uzaq olur.

Ola bilsin ki, İmam (ə) burada “zəka” kəlməsi ilə hər iki mənanı çatdırmaq istəyib.

.

Nəsihətin ikinci hissəsində buyurur: “Xoşniyyət (niyyəti yaxşı) olanın ruzisi çox olar”. İnsanın niyyəti və qəlbinin məramının xeyirli və yaxşı olması onun ruzi və rizqinin çoxalmasına səbəb olacaq. Yəni o, pis işi heç vaxt fikrindən keçirmir, onun zehnində olan yalnız xeyir iş etmək və Allaha itaət istəyidir. Allah Taala qəlbi və fikri yalnız xeyir və yaxşı işlər etmək barədə düşünən şəxsin ruzisini bol və bərəkətli edər. Xoşniyyətli olmaq, zehnində yalnız yaxşılıq və xeyir işlər barədə düşünmək insanın ruzisini çoxaldır.

.

Nəsihətin üçüncü hissəsində buyurur: “ (Din) qaraşlarına və ailəsinə yaxşılıq edənin ömrü uzun olar.” İnsanlara, xüsusilə din qardaşlarına və ailəsinə xeyirxahlıq və yaxşılıq etmək ən üstün əməllərdəndir. Əlindən gələn bütün yaxşılıqları başqalarından əsirgəməmək ali insani dəyərlərdən olmaqdan əlavə həm də fədakarlıqdır.

Bu hədisdə yaxşılıqdan məqsəd insanın boynunda olan vacibi haqqlar deyil, onlara riayət etmək hər bir insanın borcudur. Burada “yaxşılıq etmək” sözündən məqsəd vəzifədən artıq olan yaxşılıqlardır. Hədisdə işlədilən “birr” (yaxşılıq) sözünü Qurani-kərim Ali-İmran surəsində “sevdiyiniz şeylərdən başqalarına verməyincə birrə (yaxşılığa) çatmazsınız” deyə buyurur. Deməli, buradakı yaxşılıq həm də fədakarlıqdır.

.

Mövzunun xülasəsi belə oldu:

1- Dilin düzdanışan olması insanın əməlinə iki müsbət təsir qoyur.

2- Niyyətin gözəl olması ruzinin çoxalmasında təsirlidir.

3- Başqaları ilə bağlı yaxşı işlər (yaxşılıqlar) etmək ömürün uzanmasında təsirlidir.

baxılıb: 177 dəfə