İctimai Əxlaq

Əxlaqlı olmaq arzusu

Salamın mənası

Qurani-kərim Həşr surəsinin 23-cü ayəsində buyurur:

 

هُوَ اللَّهُ الَّذِي لَا إِلَهَ إِلَّا هُوَ الْمَلِكُ الْقُدُّوسُ السَّلَامُ الْمُؤْمِنُ الْمُهَيْمِنُ الْعَزِيزُ الْجَبَّارُ الْمُتَكَبِّرُ

 

“O, Özündən başqa heç bir tanrı (məbud) olmayan Allahdır. O, Məlikdir (varıq aləminin sahibidir),  Qüddusdur (müqəddəs və hər bir eyib və nöqsandan uzaq və pakdır), Salamdır (nöqsanlardan salamat və bütün gözəl sifətlərə malikdir) ...”

.

Deməli, Salam Allahın adıdır, yəni Allah salamatlıq sifətinə malikdir; belə ki, eyib və nöqsan, qəm-qüssə və kədər, qorxu və vəhşət, acizlik və süstlük, cəhl və nadanlıq, ölüm və həlak, xəstəlik və naxoşluq, zərər və ziyan, sıxıntı və narahatlıq ... Allahda yoxdur.

Odur ki, “salam” sifəti mömin şəxsə təqdim edilir, beləliklə o, salam sifəti ilə zinətlənərək salam adını daşımağa layiq olsun.

Əgər mömin şəxs salam adını daşıyarsa, başqa sözlə salam, yəni salamatlıq sifəti ilə zinətlənərsə Allah Taalanın Salam adının xüsusiyyətləri və təsirləri həmin mömin insanda da təcəlli olar. Salam adını özündə cilvələndirə bilmiş insan həqiqətən də çox böyük İlahi və insani məqamlara yüksələcəkdir.

Müqəddəs İslam dini o qədər böyük və möhkəm dindir ki, müsəlmanların bir-birləri ilə görüşərkən onlara bir-birlərinə salamı tövsiyə etmələrini istəyir.

Qurani-kərim Nisa surəsinin 86-cı ayəsində buyurur:

 

وَإِذَا حُيِّيتُمْ بِتَحِيَّةٍ فَحَيُّوا بِأَحْسَنَ مِنْهَا أَوْ رُدُّوهَا

 

“Sizə salam verildikdə siz ondan daha gözəl və yaxud (heç olmazsa) onun kimi bir salamla cavab verin...”

.

Buna əsasən müsəlmanlar bir-birləri ilə görüşdükdə “salam aleykum” deyirlər; yəni Allah Taalanın adı olan Salamı sənə tövsiyə edirəm, istəyirəm ki, sən də salam sifətinə malik olasan, sənin qəlbin və ruhun bütün eyib, nöqsan və mənfi xasiyyətlərdən uzaq olsun; sənin qəlbin, ruhun və hətta cismin, yəni bütün varlığın əxlaq, tərbiyə, mərifət və ədəb təcəssümü olsun.
Salam aleykum, yəni arzu edirəm ki, sən Allah Taalanın əxlaqi ilə əxlaqlanasan.

Təsəvvür edin, İslam dini əxlaq, mərifət və ədəbə o qədər önəm verir ki, müsəlmanların bir-biri ilə görüşdükləri zaman bir-birlərinə kamil əxlaq və ali insani dəyərlərə yiyələnməyi arzulayırlar.

baxılıb: 160 dəfə