İctimai Əxlaq

Üç mühüm məsələnin həlli yolu

İmam Musa Kazım əleyhissalam buyurur:

 

من أراد الغنى بلا مال ، وراحة القلب من الحسد ، والسلامة في الدين

فليتضرع إلى الله في مسألته ، بأن يكمل عقله

 

“Hər kim mal-dövlətsiz ehtiyacsızlıq, paxıllıqdan kənar olan qəlb və dində salamatlıq istəyirsə, Allaha yalvarıb-yaxarmaqla istəsin ki, (Allah) onun ağılını kamil etsin.”

Biharul-ənvar 1-ci cild 139-cu səhifə

.

İmam Musa Kazım əleyhissalam bu hədisdə üç mühüm məsələni aşıqlamışdır.

Birinci, var-dövlət və sərvət barəsində onu deyə bilərik ki, hal-hazırda insanların çoxu ehtiyacsızlığı sərvətin çoxluğunda görür. Yəni pul ilə ruhi rahatlıq tapmaq arzusundadırlar. Elə birlirlər ki, pulları nə qədər çox olarsa, bir o qədər ruhi rahatlıq və dincliyə malik olacaqlar, halbuki səhv fikirdədirlər. Ehtiyacsızlıq puldan asılı deyil, mal-dövlətdən ehtyacsız olmaq da vardır. Mal-dövlətdən ehtiyacsız olmağın mənası budur ki, insanın ruhu ehtiyacsızlıq hissinə malik olur. Həqiqi “qina”, yəni zənginlik ehtiyacsızlıqdır. İnsanların çoxu ehtiyacsızlığı pulun və sərvətin çoxluğunda axtarırlar, ancaq tapa bilmirlər. Çünki ehtiyacsızlıq insanın ruhuna və daxili aləminə məxsus olan bir məsələdir. Adətən ən pis nigaranlıq və ruhi iztirablar mal-dövləti çox olanlardadır.

Mal-dövlətdən ehtiyacsızlıqda insan ruhi cəhətdən hiss edir ki, ehtiyacsızlıq pulun çoxluğunda deyil. Ancaq mal-dövlətlə ehtiyacsızlıq anlayışında insan elə bilir ki, onun pulu və mal-dövləti çoxaldıqca daxilindən ona ehtiyacsızlıq hissi gələcəkdir və onun ruhu mal-dövlətin çoxluğundan doyaraq rahat və aram olacaqdır.

İkinci, paxıllıq ruhun ən qorxulu xəstəliyidir. Qərb alimləri paxıllığı insanın ruhunun xərçəngi sayırlar və onların əksəriyyəti paxıllığın müalicəsinin olmadığını düşünürlər. Paxıllıq insanı bədbəxt edir, insana əziyyət verir, onu cəmiyyətdə gözdən salır. Paxıllıq insanın -qarşı tərəfin əlindən nemətin çıxmasına xatir- istənilən günaha əl atmasına zəmin yaradır, paxıllıq insanı ölümə qədər aparır.

Üçüncü, adətən hər bir insan dininin salamat və qüsursuz olmasını istəyir, bu dünya müvəqqəti və keçid yeridir, bundan əlavə insanın dininin salamat olması onun bu dünya və axirətinin abad olması və xoşbəxtliyinin göstəricisidir.

Yeddinci imam (ə) bu üç mühüm məsələnin çarəsini də insanlara göstərir. Bu üçün istəyin həlli yolu nədir?!

فليتضرع إلى الله في مسألته ، بأن يكمل عقله

İmam Musa Kazım əleyhissalam sonda buyurur ki, əgər bu üç şeyi, yəni mal-dövlətsiz ehtiyacsızlığı, qəlbinizin paxıllıqdan uzaq olmasını və dininizin qorunmasını istəyirsinizsə, yalvarıb-yaxarma ilə Allah Taaladan istəyin ki, sizin ağlınızı kamil etsin.

Burada iki mühüm incəlik var;

1- Dua etmək kifayət etmir, həddindən artıq yalvarmaq, çox yalvarıb istəmək lazımdır. Çünki “təzərrö”, yəni yalvarıb-yaxarmaq dua etməkdən daha yuxarıdır. Yalvarıb-yaxarmaqdan məqsəd insanın təklikdə və bəzən gecənin sakitliyində Allah dərgahına üz tutub ağlayaraq, sızlayaraq və ah-nalə edərək öz istəklərini Allah Taaladan istəməsidir. “Təzərrö” həmişə göz yaşları və ya kövrəlmə ilə yanaşıdır.

2- İnsan yuxarıdakı üç mühüm istəyin həlli üçün Allahdan istəməlidir ki, Allah Taala onun ağlını kamil etsin. Buradan məlum olur ki, yuxarıdakı üç mühüm məsələnin mənşəyi və kökü əslində cəhl, nadanlıq, anlamazlıq və düşüncəsizlikdir. Ehtiyacsızlığı pulun və mal-dövlətin çoxluğunda axtaran adam ağılı qüsurludur, paxıl adam ağılı qüsurludur, dininə zərbə vuran və dinini qüsurlu etmiş adamın da ağlı çatmır.

Bizim dinimiz ağıl dinidir. İnsanın ağıl səviyyəsi inkişaf etdikcə, bütün sahələrdə onun dünyagörüşü, nəzər və baxışları da inkişaf edir. O, həqiqətləri görür. Hətta cənnətin ali məqamlarını qazanmaqda da meyar hər bir insanın ağlı və mərifətidir. Hədisdə var ki, mərifətlə namaz qılan şəxsin namazının bir rəkətinin savabı, mərifətsiz adamın min rəkətlik namazına bərabərdir.

baxılıb: 165 dəfə