İctimai Əxlaq

İradəni gücləndirən səbəblər -3

3- Özünə təlqin etmək

İnsanda iradəni gücləndirən səbəblərdən biri də özünə təlqin etməkdir. Təlqin hər hansı bir fikri, əqidəni, hissi özünə qəbul etdirməkdir.

İnsan özünə təlqin etməklə bir sıra gözəl əxlaq və xasiyyətləri beyninə yeridərək onları özündə canlandıra bilər. Bu işi dəfələrlə təkrar etməklə həmin yaxşı xüsusiyyətlər onun canında tam mənada hasil olur. O gözəl xasiyyətlər insanın gündəlik rəftar və davranışına çevrilir.

Dostlar, baxın, paxıl adamın iradəsi çox zəif olur, o şəxs həm paxıllıqdan həm də iradə zəifliyindən əziyyət çəkir. Həmin şəxs düzgün və aydın şəkildə özünə təlqin etməlidir. Həmin paxıl adam “mən bir daha paxıllıq etməyəcəyəm” sözünü yox, “mən paxıl deyiləm” cümləsini özünə təlqin etməli, yəni özünü paxıl olmadığına inandırmalıdır. Hər dəfə onda kiməsə qarşı paxıllıq hissi qıcıqlandıqda “mən paxıl deyiləm” sözünü təkrarlamalıdır.

Hətta əzizlərinizdən və dostlarınızdan kimisə paxıllıq anında görsəniz ona inandırın ki, “sən paxıl deyilsən, əksinə sən səxavətlisən” sözünü deyin və ona vaxtilə etdiyi bəzi yaxşılıqları xatırladın.

İnsan özünə təlqin etməklə zəif iradədən güclü iradəyə qədər yüksələ bilər.

İnsanın özünü zəif və bacarıqsız sanması onun həyatı üçün çox ciddi xətər və təhlükədir, bu yanlış düşüncə həmin insanın özünü qəbul etməməsi deməkdir. Ancaq insan öz dəyərini və kimliyini düzgün anlaya bilərsə qüdrətli və bacarıqlı bir şəxsə çevriləcəkdir. Özünəinam hissi insana böyük qüvvət verir və onun iradəsini möhkəmləndirir.

Özünə inam hissini oyatmaqla öz dəyərini başa düşən şəxs müvəffəq olacaq və böyük uğurlar qazanacaqdır. Bu halda başqa insanlarda gördüyü məğlubiyyət və uğursuzluqlar onu ruhdan salmayacaq, bu adam mütləq arzularına çatacaqdır.

Elə isə, qalib insanların söhbətlərini diqqətlə dinləyin və onların etdiklərini özünüzə təcrübə bilin.

Deməli, təlqin etmək çox mühüm tərbiyə üsullarından biri olaraq insan həyatında inkar olunmaz təsirlərə malikdir.

İnsan hər hansı bir müsibətə düçar olduqda tanıdığı şəxslər ona ürək-dirək verməyə çalışırlar. Lakin həmin şəxs özünə təlqin etməklə “bu hadisə elə də mühüm deyil, həyat belə hadisələrlə doludur” kimi cümlələri dəfələrlə təkrarlayarsa o şəxs həm təsəlli tapacaq, həm də iradəsi möhkəmlənəcəkdir. Gündən-günə iradəsinin necə gücləndiyinin şahidi olacaqdır.

Bəli, təlqin istər insanın özü tərəfindən olsun, istərsə də başqaların tərəfindən insanın iradəsinin güclənməsində, həyatda böyük uğurlar qazanmasında, pis xasiyyətləri özündən uzaqlaşdıraraq yaxşı xasiyyətlərlə zinətləndirməkdə çox təsirli səbəblərdəndir.

İmam Zeynul Abidin əleyhissalam buyurur:

اَللَّهُمَّ اجْعَلْ اَوَّلَ یَوْمى هَذَا صَلاحاً وَ اَوسَطَهُ فَلاحاً وَ آخِرَهُ نَجاحاً اَعُوذُ بِکَ مِنْ یَوم اَوَّلُهُ فَزَعُ وَ اَوسَطَهُ جَزَعٌ

وَ آخِرُهُ وَجَعٌ

“Allahım! Mənim günümün əvvəlini  yaxşılıq və razılıq, ortasını sevinc və xoşbəxtlik, axırını isə nicat və qurtuluş et.  Günümün əvvəlinin səbirsizlik və dözümsüzlük, ortasının nalə və fəryad, axırının isə dərd və ağrı olmasından Sənə sığınıram.”

Buradan bəlli olur ki, dözümsüzlük və ah-nalə insanı dərdə salır, insanı əziyyətlərdən qurtarmır, əksinə onun ağrı və acılarını daha da çoxaldır.

baxılıb: 358 dəfə