İctimai Əxlaq

Cahil və nadanın əlamətləri

Şəhidlərin cəmiyyətə bəxş etdikləri töhfələrdən biri də insanların cahillik və nadanlıqdan qurtulmaları, əxlaq və mərifətə yiyələnə bilmələri üçün yolların açılmasıdır.

İmam Cəfər Sadiq əleyhissalam buyurur:
"Cahil və nadan insanın nadanlıq əlamətlərindən biri də budur ki, büşa düşmədiyi mövzular barədə rəy bildirər..."

.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:
"Əgər cahil və nadan olan insanlar sussalar ixtilaflar yoxa çıxar."

.

Bəli, Məsum rəhbərlərimizin (ə) sözlərinə əməl etsək nə gözəl olardı...
Biz elə hey deyirik ki, "Əhli-beyt aşıqləriyik", "Əli şəiləriyik", amma onların sözlərinə əməl edirkmi?!
Əgər onların qiymətsiz və nadir kəlamlarını eşitməyimizə rəğmən özümüzün gərəksiz nəzərlərimizə və ya cəmiyyətdə yayılmış, heç bir əsası olmayan şüarlara əməl ediriksə özümüzü necə iman əhli adlandıra bilərik?!
İnsanlara nəzər saldıqda görürük ki, əksər insanlar hər bir şey barədə nəzər deyirlər;
"Bilmirəm" ,

"mənim sahəm deyil ki nəzər deyəm" ,

"kifayət qədər məlumatım yoxdur" ,

"mən bu fənnin mütəxəssisi deyiləm" ,

"gərək bilik əhlindən bu barədə soruşam" ,

"bu barədə fikirləşərəm"  ..... kimi sözləri axır zamanlar heç kimin dilindən eşitmirik.

.
Çünki az qala hamı hər şeyə cavab deyir.
Sizcə əgər hər bir insan yalnız özünə aid olana cavab versəydi, hər bir insan öz peşəsinə uyğun sözlərə cavab versəydi gözəl olmazdımı?!
Onda, bizim həyatımız necə də əxlaqlı olardı...
Hər sahədə mütəxəssislərimiz çoxalardı.
Belə olduqda, küçələrdə insanlardan müsahibə alan televiziya müxbirləri taksi sürücüsünə "təhsil sistemində hansı islahatlar həyata keçirilməlidir?" sualını verzədilər.
Televiziya verlişlərinə aktyorları və ya müğənniləri psixoloji və hüquqi məsləhətlər verməsi üçün dəvət etməzdilər, Və yaxud Qəbirsanlıq və Yas mollalarını ilahiyyatçı alim kimi təqdim edib Qurani-kərimin şərhi və İslam maarifinin fəlsəfəsini onlardan soruşmazdılar.
İqtisadçı və ya tacir hər hansı bir həkimin məqaləsini oxuduqdan sonra camaatı müalicə etmək fikirinə düşməzdi.
Hər gün səhərlər qəzet köşklərindən qəzet alıb oxuyan, santexnik, bənna, kimyaçı,fizik və ya heç bir təhsili və sənəti olmayan adam ölkənin gələcəyi barədə siyasi və iqtisadi nəzərlər deməzdi...
Görün onda necə də layiqli sükut yaranardı.
Hər bir insan yalnız özünə aid olan mövzulara toxunar, bütün gününü isə öz işinə sərf edərdi.
Belə olduqda, heç kim başqasının işinə baş qoşmazdı, hər mövzu barədə suallar həmin mövzunun mütəxəssisinə ünvanlanardı.
Başqalarını qeybət etmək də azalardı, başqalarına töhmət vurmaq da azalardı, insanları aldatmaq da azalardı...
Almaniyanın ÜDM, yəni Ümumi Daxili Məhsuldan əldə etdiyi  gəlir 55 müsəlman ölkəsinin ÜDM, yəni Ümumi Daxili Məhsuldan əldə etdiyi gəlirlərindən iki dəfə çoxdur. Və bu da ona görədir ki, orada hər bir insan öz işi ilə məşğuldur. Hər bir fənnin və elmin mütəxəssisi öz təxəssüsünə aid vəzifədə çalışır...
Biz özünüzə az vaxt ayırırıq, özümüzü kəşf etmirik. Özümüzdən kənar şeylərə isə daha çox vaxt ayırırıq, başqalarının nəzər diqqətini cəlb etməkdən başqa işimiz yoxdur.

Elə hey çalışırıq ki, camaata sübut edək ki, mən sizdən yuxarıyam, mən sizdən varlıyam, mən sizdən güclüyəm...

Yadımdadır, biz uşaq olanda poliklinikanın həyətinə tut yeməyə gedərdik, bəzən tuta əlimiz çatmırdı, hərə 5 – 10 ədəd güclə tut tapıb yeyə bilirdi, mən hasara çıxmışdım, uşaqlardan biri məndən iki ədəd qara tut istədi, ona verdim ki, yesin. O isə həmin qara tutu əlləri ilə ovub əllərini qapqara etdi, dedim niyə yemədin? Əlinə niyə sürtdün? dedi: Gedib o biri uşaqlara deyəcəm ki, çoxlu qara tut yemişik.
Uşaqlarınızdakı bu xasiyyət indi bir çox böyüklərimizdə də mövcuddur.
Buna görə də bizim bütün fəaliyyətlərimiz əsasən özümüzü başqalarına göstərməkdən ibarət olur.
Özümüz barədə heç 5 səhifəlik yazı yaza bilmirik, mülayim tənqidlərə belə narahat oluruq, qəzəblənirik.
Ümumiyyətlə biz zahirimizi bəzəməyə daha çox vaxt ayırırıq, amma batinimiz qıfıllı olaraq qalır.
Zəif cəmiyyət təbiidir ki, zəif insanlar yetişdirəcəkdir.
Əksinə, biz az danışmalıyıq, işlərimiz və fəaliyyətləriniz barədə, həmçinin tərəqqimiz barədə düşünməliyik.

20 yanvarda əziz şəhidlərimiz özlərini ona görə qurban verdilər ki, BİZ AZAD OLAQ,

Azadlığı yalnız SSRİ-dən ayrılmaqda görməyək, düşüncəmizdə də, rəftarlarımızda da, mühakimələrimizdə də, qiymətləndirməyimizdə də, kişilikdə də azad olaq.
Hər bir insanın dəyəri onun özünə ayırdığı və özünü kəşf etdiyi vaxt qədərdir.
Çoxlu mütaliə etməliyik, bilik əhlindən elm öyrənməliyik, əxlaq barədə çoxlu öyrənəcəklərimiz olduğunu başa düşməliyik.
İnşaAllah, gün gələcək ki, televiziyada bir nəfərdən 25 müxtəlif mövzu barədə sual soruşulmayacaq...
İnsanlar bilmədiyi suallara cavab verməyəcəklər...

baxılıb: 573 dəfə