İctimai Əxlaq

İslam nəzərindən tərbiyənin əsasları

Sual : Ümumi cəhətdən götürəndə nə üçün Qərbdə, Avropada insanlar müsəlman ölkələrinin əhalisindən daha çox tərbiyəlidirlər?? Müsəlmanlar nə üçün tərbiyə və ədəbdə geridirlər??

.

Cavab:
Qərbin alimlərinin nəzərinə əsasən tərbiyə odur ki, insanı bir sıra ictimai qanunlara və qaydalara adət etdirəsən. Məs: Bir insan çörək almağa gəldikdə növbə gözləsin, camaatı yarıb keçməsin. O insan çox tələsərsə belə, vacibi işi olsa belə özündən asılı olmayaraq növbə gözləsin, ağlına gəlməsin ki, növbəsiz də çörək almaq olar.

İslam dininə əsasən yuxarıdakı tərif və hərəkət nöqsanlıdır, kamil deyil. Belə ki, Qərb dünyası insanları əhilləşdirmək missiyasını icra edir, halbuki əhilləşdirmək insanlığa yox heyvanlara aiddir. Məsələn; Şiri tutub qəfəsdə saxlayırlar, onun balaları dünyaya gələn kimi onları götürüb hərəsini bir-birindən ayrı yerdə bəsləyirlər, o balalar heyvan tərbiyəçilərinin tərbiyəsi ilə böyüyür, sonra sirkə gəlirlər, müxtəlif adamların yanında gəzirlər, amma heç kimə hücum etmirlər. Nə üçün?! Çünki bu şirlərə biz deyirik ki, bunlar şirdirlər və şir yırtıcı heyvandır. Amma bu şirlər özləri bilmirlər ki, onlar şirdirlər. Onlar özlərinin şir olduqlarını bilsələr şirlik edərlər. Tərbiyəçilər onlara onların şir olduqlarını unutdurmuşlar.

Odur ki, İslam dini insanların bu tərzdə tərbiyəsini qəbul etmir. İslam deyir ki, xeyr, insanın şüursuz halda, adət edilmiş şəkildə hərəkət və rəftarları tərbiyədən sayıla bilməz. Tərbiyə gərək şuürlu şəkildə olsun, insan dərk və düşüncə ilə olsun. İslamın nəzərində tərbiyə etmək, yəni insanı başa salmaq, onu anlatmaq, məqsədi açıqlamaq və sairdir.

İslam tərbiyəsinin əsasını üç (3) şey təşkil edir:

.

1) İnsan özünün məxluq, yəni yaradılmış olduğunu bilməlidir.

Qurani-kərim Nəhl surəsinin 70-ci ayəsində buyurur:

 

وَ اللَّهُ خَلَقَكمُ‏ْ ثُمَّ يَتَوَفَّئكُمْ

 

“Allah sizi yaratmışdır, sonra da (əcəliniz çatanda) öldürəcəkdir.”

.

2) İnsan özünün ehtiyaclı və fəqir olduğunu bilməlidir.

Qurani-kərim Fatir surəsinin 15-ci ayəsində buyurur:

 

يَأَيهُّا النَّاسُ أَنتُمُ الْفُقَرَاءُ إِلىَ اللَّهِ 

 

“Ey insanlar! Siz hamınız Allaha ehtiyaclısınız.”

.

3) İnsan onun boynunda İlahi və bəşəri əhd-peymanlar, öhdəçiliklər olduğunu bilməlidir.

Qurani-kərim Rəd surəsinin 20-ci ayəsində buyurur:

 

الَّذِينَ يُوفُونَ بِعَهْدِ اللَّهِ وَ لَا يَنقُضُونَ الْمِيثَاقَ

 

“(Ağıl sahibləri) onlardırlar ki, Allah ilə olan əhdlərinə vəfalıdırlar və əhd-peymanlarıni (öhdəçiliklərini) sındırmırlar.”

.

Bu üç maddəni dərk edən insan həqiqətdə tərbiyənin əsasına malikdir və belə bir insanın inkişafı, tərəqqisi gözləniləndir.

Deməli, əgər insan özünün məxluq və yaradılmış olduğunu dərk edərsə özbaşınalıq etməyəcək və hər zaman istər aşkarda istər gizlində özünü yığışdıracaq və zülmkarlıqdan uzaq olacaq...

Həmçinin, əgər insan özünün ehtiyaclı, fəqir və möhtac olduğunu dərk edərsə heç vaxt təkəbbürlü olmayacaq və lovğalıq etməyəcək, başqalarını özündan aşağı sanmayacaq...

Eləcə də, əgər insan onun boynunda əhd-peymanların və öhdəçiliklərin olduğunu, onun əbəs yerə və boş-boşuna, hədəfsiz yaradılmadığını dərk edərsə həmin şəxs camaatın onunla necə rəftar etmələri istəyində olarsa, o da camaatla həmin tərzdə rəftar edəcək. Özü üçün xoşladığını başqaları üçün də xoşlayacaq, özü üçün xoşlamadığını başqaları üçün də xoşlamayacaq. İnsanlara ehtiram, sevgi, mehribanlıq və səmimiyyət gözü ilə baxacaq. Heç kimin haqqına girməyəcək, heç kimin malında gözü olmayacaq, heç kimə xəyanət və pislik etməyəcək. Təbiidir ki, belə bir şəxs özünün ön böyük səadət və xoşbəxtliyini insanlara yaxşılıq etməkdə, isar və fədakarlıqda, insanların xeyirinə özündən və öz malik olduqlarından keçməkdə, insanlara güzəşt etməkdə görəcəkdir.

Bəli, bu üç sifət İslam tərbiyəsinin əsasıdır. Hər hansı bir insanda bu üç sifət olarsa həmin şəxs tərbiyəli və nümunəvi insan olacaqdır, hətta o şəxs savadsız və dini bilgələrdən məlumatsız olsa belə.

İslam buyurur ki, tərbiyədə daha mühüm olan bu üç sifət və xüsusiyyətdir. Bu üç sifət və xüsusiyyətə malik olmayan şəxs həqiqi mənada tərbiyəli ola bilməyəcəkdir.

Deməli, Elm sahibləri insanların tərbiyələnməsi sahəsində bu üç mövzuya daha çox üstünlük verməlidirlər.

Hədislərin birində sevimli Peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur ki, “bir saat elm məclisində oturmaq altmış (60) ilin ibadətinə bərabərdir”. Bu hədisin mənasını bəzliləri səhv başa düşmüşlər. Onlar elə fikirləşmişlər ki, məsələn, həftədə on (10) saat elm məclisində otursalar deməli altmış il ibadət etmişlər. Xeyr! Elə deyil!

Hədisin mənası budur ki, hər bir insanın daxilində fitri bir qüdrət və istedadlar mövcuddur. Başqa sözlə desək insanın daxilində, yəni batinində elə bir qüdrət vardır ki, onu düzgün şəkildə üzə çıxarmağın yolunu bilmək üçün çalışmaq lazımdır. Bəli, hər bir insanın daxilində “ləyaqət” vardır, tərbiyə həmin ləyaqəti üzə çıxarmaqdır.

Yəni, insan bir saatlıq elm məclisi ilə içindəki ləyaqəti üzə çıxararaq tamamilə kamil bir insana çevrilə bilər. Elm belə bir qüdrətə malikdir. Amma insan içindəki o ləyaqəti üzə çıxarmaq istəyində olmazsa bütün ömrünü elm məclislərində keçirsə belə “cahil” olaraq dünyadan köçəcəkdir.

Nə qədər Akademiklər vardır ki, “cahil”dirlər!!

Nə qədər Elmlər namizədi vardır ki, “cahil”dirlər!!

Nə qədər Fəlsəfə doktorları vardır ki, “cahil”dirlər!!

Və ilaxır...

Deməli, insanın kitabları əzbər bilməsi onun mərifət əhli olmasına və cahillikdən qurtulmasına səbəb ola bilməz.

Odur ki, sevimli Peyğəmbərimiz həzrət Muhəmməd(s) başqa bir hədisdə buyurur:

“Elm məclisində oturan və həmin məclisdə imanı artmayan şəxsin əksinə, Allahdan uzaqlığı artar (çoxalar).

Əmirəlmöminin Əli əleyhissalam buyurur: “Bir saat elm öyrənməyin əziyyətinə dözə bilməyən insan ömürlük cahilliyin (nadanlığın) əziyyətinə dözməyə məcburdur”.

Nəticə: Müsəlmanlar şüurlu şəkildə tərbiyəli olmalıdırlar. İslamın insanlardan istədiyi budur.

baxılıb: 522 dəfə