İctimai Əxlaq

Nə üçün insanların bir çoxları dindən uzaqldırlar?! Onları dindən qaçıran və uzaqlaşdıran səbəblər hansılardır?

Cavab: Dindən uzaqlaşma hal hazırda bütün cəmiyyətlərin bəlasına çevrilmişdir. Hər bir cəmiyyətdə dindən uzaqlaşmanın özünəməxsus səbəbləri vardır.

Biz bu məqalədə öz ölkəmizdə insanların dindən, məscidlərdən, möminlərdən uzaqlaşmalarınn səbəblərini araşdıracağıq.

Bu məqalə ixtisarla yazılır. Bilik əhli və alimlər üçün çox geniş və ətraflı yazmaq üçün zəmin yaradacaq inşaAllah.

 

1- Cahillik və məlumatsızlıq.

Hər şeydən əvvəl onu qeyd edək ki, Qurani-kərimə nəzər saldıqda görürük ki, Yusif peyğəmbərin qardaşlarının onu quyuya atmasından tutmuş, Lut peyğəmbərin xalqının əxlaqsızlığa düçar olmaları, yəhudilərin Peyğəmbərlərə qarşı etdikləri zülümlər, sevimli Peyğəmbərimizin yanında olanların (belələrini səhabə deyənlər də var!!) o həzrətə etdikləri pisliklərə qədər olan bütün cinayətlərin səbəbin Allah Taala cahillik və məlumatsızlıq olduğunu bizlərə xəbər verir.

Hətta çoxlu hədislərə və tarixi sənədlərə əsasən həzrət Muhəmməd səllAllahu əleyhi və alih Məkkə olarkən Məkkə camaatının ona etdikləri zülümlər, haqsızlıq və pisliklərinin qarşısında belə buyurardı:

 

اللهم اهد قومی فانهم لا یعلمون

 

“İlahi, mənim xalqımı düz yola yönəlt, həqiqətən onlar bilmirlər (məlumatsızdırlar).”

 

Biharul ənvar 35-ci cild 177-ci səhifə

Tarix mədinətu Diməşq 62-ci cild 247-ci səhifə

 

Həmçinin Nuh peyğəmbərin xalqı onun dəvətini nəinki qəbul etmədilər, üstəlik ona qarşı mübarizə etdilər, günahlarını daha da artırırdılar, iş o yerə çatdı ki, hətta Nuh peyğəmbərin arvadı da camaata qoşulub peyğəmbərə qarşı çıxdı. Nuh peyğəmbər isə xalqına müraciət edərək onların bütün günahlarının əsas səbəbinin bir şeydə olduğunu bildirir.

 

وَلَٰكِنِّي أَرَاكُمْ قَوْمًا تَجْهَلُونَ

“Lakin mən sizin cahil (nadan) insanlar olduğunuzu görürəm.”

Qurani-kərim Hud surəsi 29-cu ayə

 

2- İslam düşmənlərinin, Peyğəmbər(s) və İmamların(s) düşmənlərinin təbliğatına uymaq, onların vurğunu və aşiqi olmaq, kafirlərin düz olduqlarını xəyal etmək, xülasə onlara inanmaq nəticəsində İslam dininə bəddin olmaqdan yaranan cahillik və elmsizlik.

Düşmən təbliğatına məruz qalmaq müxtəlif şəkillərdə olur, o cümlədən: Qeyri-müsəlman ölkəsinə çox gedib gəlməklə; onlarla dostluq etməklə; onların telekanallarına, xüsusilə onların xəbər verlişlərinə daha çox baxmaqla; onların özlərini şişirdən xəbərlərini dəfələrlə izləməklə; onlara məxsus məktəblərdə oxumaqla və sair.

 

3-  Bəzi insanlar o qədər dünya malına və günahlara hərisdirlər ki, heç bir moizə və nəsihəti eşitmək belə istəmirlər. Qorxurlar ki, əgər moizə və nəsihəti eşitsələr birdən onların vicdanı oyanar, beləliklə də onlar günah edə bilməzlər. Yəni, hər bir insanın fitrət və təbiətində Allahı tanına hissi vardır, bir çox insanlar çoxlu günahlar etməkləri ilə bu hissi özlərində zəiflətmişlər, amma bilirlər ki, Peyğəmbərlərin yolu haqq yoldur. Bu barədə düşnmək istəmirlər, çünki bu düşünənin nəticəsində onlar hidayət ola bilərlər.

Nuh peyğəmbərin xalqı yolda o həzrətə rast gələndə paltarları ilə üzlərini örtürdülər və əllərini qulaqlarına tıxayırdılar ki, Nuh peyğəmbər onları həm tanımasın, həm də tanmadan belə onları moizə etmək istəsə bunlar o moizəni eşitməsinlər.

Qurani-kərim 71-ci surənin 7-ci ayəsində buyurur:

 

وَ إِنىّ‏ِ كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُواْ أَصَابِعَهُمْ فىِ ءَاذَانهِمْ وَ اسْتَغْشَوْاْ ثِيَابهَمْ وَ أَصَرُّواْ وَ اسْتَكْبرَواْ اسْتِكْبَارًا

 

“Sənin onları bağışlamağın üçün mən nə zaman onları (imana) dəvət etdimsə, onlar (dəvətimi eşitməsinlər deyə) barmaqlarını qulaqlarına tıxadılar, (məni görməsinlər deyə) libaslarına büründülər, (küfrlərində) israr edib durdular və təkəbbür göstərdilər.”

 

4- Bəzi insanların isə dindən, məscidlərdən və möminlərdən uzaqlaşmasının səbəbi dini təbliğ edən insanların Dünyapərəstlikləri, Əxlaqdan uzaq olmaqları, Pulgir olmaqları, Şöhrətpərəstlikləri, Özlərini camaatdan üstün bilməkləri, dedikləri sözlərlə etdikləri əməllərinin düz gəlməməsi, İmkanlı adamlara yaltaqlanmaları amma kasıblardan uzaq gəzməkləri və sair bu kimi amillərdir.

Yəni, insanların dindən uzaqlaşmalarının dördüncü səbəbi dini təbliğatı boynuna götürmüşlərin, eləcə də bəzi möminlərin elə özləridir.

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

 

وبالإسناد ، عن أبي عبد الله عليه السلام قال : إذا رأيتم العالم محبا لدنياه فاتهموه على دينكم فإن كل محب لشيء يحوط ما أحب ، وقال : أوحى الله إلى داود عليه السلام لا تجعل بيني وبينك عالما مفتونا بالدنيا فيصدك عن طريق محبتي فإن أولئك قطاع طريق عبادي المريدين إن أدنى ما أنا صانع بهم أن أنزع حلاوة مناجاتي من قلوبهم

 

“Dünyapərəst (dünya malını sevən) “alim” ilə rastlaqşdıqda onun sizi dindən çıxara biləcəyindən qorxun. Çünki hər insan öz sevdiyi şeyləri onunla ünsiyyətdə olan insanlara sevdirməyə çalışır.

Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurmuşdu ki, Allah bir gün Davud peyğəmbərə belə vəhy göndərdi: Mənimlə öz aranızda dünya malının vurğunu olan “alimi” vasitə qərar verməyin ki, sizi Mənim məhəbbətindən məhrum etdirər. Çünki belələri Mənim sirat (hidayət) yolumun üstündə duran ( yolkəsənlərdir) ki, Məni istəyən bəndələri Məndən uzaqlaşdırsınlar. Onlarla əlaqədar Mənim edəcəyin an aşağı şey budur ki, onların qəlbindən Mənimlə münacat etməyin şirinliyini çıxararam.”

Rəvzətul muttəqin fi şərhi mən la yəhzurəhul fəqih 12-ci cild 153-cü səhifə

 

5- Dini mövzulara səthi yanaşmaq, hər şeyi öz naqis düşüncəsi ilə ölçmək. Dinə aid hər şey barədə ağzına gələni danışmaq. Özünü hamıdan ağıllı bilmək. Öz fikirlərinin aşiqi və vurğunu olmaq...

 

6- Dinin onun üçün məhdudiyyət olduğunu sanmaq. Belələrinə elə gəlir ki, əgər dinə üz tutsalar din onların azadlığını əllərindən alacaq. Halbuki dinin insanlara verdiyi azadlığı heç bir məktəb verə bilməz.

 

7- Nümunəvi insanların cəmiyyətdə az olmaları. Yəni, haqqdan, ədalətdən, düzlükdən, savabdan, insanlara əl tutmaqdan, ədəbdən ... danışanlar həddən ziyadə çoxdur. Lakin bunlara əməl edənlər cəmiyyətdə lap azdır. Məsələn, məsciddə axunddur, minbərdə insanlara camaat namazının vacib olduğunu deyir, amma smeni (növbəsi) olmayan günlər, evi məscidi yanında olmasına baxmayaraq heç məscidə gəlmir, o ki, qala camaat namazına iştirak edə.

Təbii ki, dinin dediklərinə əməl edən insanların azlığı cəmiyyətin hidayəti üçün böyük maneədir.

 

8- Dini insanlara təbliğ edənlərin nəsihət etmək üslübunu bacarmamaları insanların dinə gəlmələrindən daha çox onları daha da dindən uzaqlaşdırır. Təbliğat edən insanlar insanlarla rəftar etməyin, insanlarla danışmağın yollarına bələd olmalıdırlar. Bir çoxları ağzının danışığını bilmirlər. Bu da insanları daha da dindən və məsciddən uzaqlaşmalarına səbəb olur.

 

9- Bəzi insanların təbii və hissi ehtiyacları cəmiyyətdə təmin olunmadığından onlar dinsizliyə daha çox meyl edirlər. Hər bir insanın ehtirama, qayğıya və əzizlənməyə ehtiyacı var. Həmçinin evlənmək, işləyib ruzi qazanmaq, mənsəb səhibi olmaq və sair.

Cəmiyyətdə insanlar bir birlərinə bu işlərdə kömək etməlidirlər. İnsanların təbii ehtiyaclarını kimlər təmin edirlərsə insanlar onlara daha çox sevgi bəsləyir və onlara inanırlar. Özlərini onlara fəda etməyə hazır olurlar. Görürsünüz ki, başqa dinlər və təriqətlərin nümayəndələri ən çox xeyriyyəçilik ilə məşğuldurlar.

Cəmiyyətimiz bu işdə həmkar olmalı və birlikdə vətəndaşlarımızın ailə qurmalarına, iş tapmaqlarına, sənət öyrənmələrinə ... kömək etməldirlər.

Deməli, bəzi insanların dindən uzaqlaşmalarının doqquzuncu səbəbinin çarəsi müsəlman cəmiyyətinin boynundadır.

baxılıb: 574 dəfə