İctimai Əxlaq

Xoşbəxt həyat rəmzlərindən biri də sağlam istirahətdir.

Şadlıq və sevinc içində olan həyat sağlam istirahət olmadan mövcud ola bilməz. Sağlam istirahət əsasən zehni işlərlə məşğul olan şəxslərə daha vacibdir. Ümumiyyətlə hər bir insan işlədiyi işə uyğun səviyyədə sağlam istirahətə ehtiyaclıdır.

Sağlam istirahət növlərindən biri də eyni işlə məşğul olmağı tərk etməkdir, hətta gözəl havası və səfalı təbiəti olan kənddə yaşayan əkinçi də, bu eyni tipli yaşayışdan yorulur və istirahət, dincəlmək və fikrinin rahatlanması üçün başqa yerlərə səfərə gedir. Təki bu yolla öz həyatında müsbət dəyişikliklər yarada bilsin.

Elm və təhsil ilə məşğul olan, dərs oxuyan şagird, tələbə və müəllimlər daima mütaliə və tədqiqat etməkdən yorulurlar, amma onlar əgər hər bir neçə saatdan bir başqa işlə məşğul olsalar, məsələn həyətlərindəki gül-çiçəklərə su versələr, yaxud bitkilərin diblərini belləsələr dərs və mütaliələr onları yormayacaq. Gündəlik həyatlarından daha çox həzz və zövq alacaqlar.

Müəssisə və idarələrdə işləyənlər də gün ərzində çoxlu müxatəblərlə üzləşmək və sairdən yorulurlar, onlar da çalışmalıdırlar ki, ya işdən sonra yarım saatlıq, bir saatlıq başlarını qata biləcək bir işlə məşğul olsunlar, ya da bunun üçün evlərində bir üsul seçsinlər. Məsələn kiçik quşlardan saxlasınlar. İşdən gələn kimi onlara tamaşa etsinlər, onlara yem versinlər. O quşların bala gətirməklərinə, balalarını yedizdirmələrinə baxaraq həyatdan həzz və ləzzət alsınlar.

 

İdman

İnsan cismi üçün çox zəruri olan idman həm də sağlam istirahət növlərindən biridir. Təbiidir ki, hər bir şəxsin edəcəyi idman onun təbiəti, sağlamlıq səviyyəsi və işi ilə mütənasib olmalıdır. Heç vaxt idman etməmiş, ya az miqdarda idmanla məşğul olmuş və ya zəif olan adamlar ağır və yorucu idmandan uzaq olmalıdırlar, çünki onlar bu cür idman ilə daha çox əziyyətə düçmüş olarlar.

 

Piyada gəzintisi

Ən gözəl idman növlərindən biri piyada gəzintidir. Gəzinti və piyada yol getmək hamı üçün faydalıdır, daha yaxşı olar ki, bu gəzinti səhər tezdən olsun. Onu da qeyd edək ki, sağlam həyat yaşamaq üçün sağlam proqrama malik olmaq istəyən hər bir insan axşamları tez yatmalı və sübh tezdən yuxudan duraraq təmiz və saf havadan faydalanmalıdır.

Həmçinin yatmamışdan əvvəl heç olmazsa 20 dəqiqə açıq havada gəzmək də çox faydalı və xeyirlidir.

Gecənin sona yetməsi və yerini gündüzə verməsi anları, daha dəqiq desək sübh namazı ərəfələri istirahət məqsədilə piyada gəzintisini seçin, çünki bu vaxt həm səs-küyün ən az olan vaxtı, həm havanın toz-torpaqdan təmizləndiyi vaxt, həm də havada oksigenin ən çox olduğu vaxtdır. Yavaş yavaş addımlayın, əgər yaxınlıqda dağ ya təpə varsa ora tərəf gedin, oradan günəşin çıxmasına tamaşa edin. Gündüzlər baxa bilmədiyimiz və baxmaq istədikdə gözümüzü qaraldan günəş necə də qırmızı rəngdə özünü nümayiş etdirir. Sübh tezdən gəzintisi sadə gəzinti deyil, baxın görün sizin səhərlər təmiz havada gəzməyiniz, günəşin çıxmasına tamaşa etməyiniz sizə nə qədər müsbət təsir göstərəcək. Sizin zehniniz rahat və güclü olacaq, yorğun əsəbləriniz rahatlıq və aramlığı hiss edəcək.

 

Üzgüçülük

Üzgüçülük də idman növü olmaqla yanaşı həmdə İslam dininin tövsiyə etdiyi sağlam istirahətdən sayılır. Əgər indiyə qədər üzməyi öyrənməmisinizsə onu öyrənməyə çalışın.

Üzgüçülük insanın cisminin sağlamlığına çox faydalı olmaqdan əlavə həm də onun ruhuna çox faydalıdır. İnsana ləzzət və fərəh gətirir, xüsusilə də sərin suyu olan göl, çay və gölməçələrdə üzməyin xeyiri daha çoxdur. Çünki sərin sular insanın əsəblərini möhkəmləndirən ən təsirli amillərdəndir.

Əgər qışda tez xəstələnirsinizsə yay fəslində vaxtaşırı sərin sularda üzmək və çimməyi proqramınıza daxil edin. Gözərəksiniz ki, sizin bədəniniz xəstəliklər, mikroblar və viruslara qarşı nə qədər möhkəm və dözümlü olacaq.

 

At minmək

At minmək də idman növü olmaqdan əlavə ləzzət bəxş edici istirahət və əyləncədir.

Ata minmək sizə elə bir güc və qüvvə verir ki, sizin həm cismi yorğunluqlarınız yox olur, həm də qəm-qüssə və kədəri unudursunuz. At minməklə siz elə bir şadlıq, sevin və fərəh görəcəksiniz ki, elə bir sevinci və qüc-qüvvəni bir çox əyləncələrdən ala bilməzsiniz.

baxılıb: 536 dəfə