İctimai Əxlaq

Cəmiyyətdə “üzrün qəbul edilməsi” haqqı

İctimai haqqlardan biri də xata etmiş insanın üzrünün cəmiyyət tərəfindən qəbul edilməsi haqqıdır.

İnsanların malik olduqları hüquq kateqoriyalarından biri də hər bir insanın üzrünün cəmiyyət tərəfindən qəbul edilməsi haqqıdır. Başqa sözlə, insanların haqqlarından biri də budur ki, onların xatalarına göz yumulsun, səhvləri şişirdilməsin, onlar cəmiyyətdə alçaldılmasınlar. Etdikləri xatalara görə üzr istəyərkən cəmiyyət onların üzrlərini qəbul etsin. Ali dəyərlərə malik cəmiyyət səhvi olan insanın səhvinə göz yummağa çalışar. Lakin bu gizlətmə baş verə bilmir, belə ki, bəzən edilən səhv eyib örtmə pərdəsindən kənara çıxır. Bununla əlaqədar peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 

“Müsəlmanın haqlarından biri də budur ki, əgər o, üzr istəyirsə, onun üzrü qəbul olunsun.”

Necə ki, Allah Taala tövbə qapılarını açıq qoymuş və təqsirinə görə üzr istəyən insanların tövbəsini qəbul edəcəyini vəd etmişdir.

Qurani-kərim Nur surəsinin 22-ci ayəsində buyurur:

 

وَ لْيَعْفُواْ وَ لْيَصْفَحُواْ  أَ لَا تحُبُّونَ أَن يَغْفِرَ اللَّهُ لَكمُ‏

“Gərək əvf etsinlər və (xatası olanların təqsirindən) keçsinlər (onları bağışlasınlar). Məgər Allahın sizi bağışlamasını istəmirsinizmi?”

 Deməli, üzrünün Allah Taala tərəfindən qəbul olunmasını istəyən insan, başqalarının üzrlərini qəbul etməyi bacarmalıdır.

Əmirəlmöminin Əli əleyhissalam oğlu imam Həsən Müctəba əleyhissalama buyurur:

احمل نفسک من اخیک ... عند جرمه علی العذر حتی کأنّک له عبد و کأنّه ذو نعمة علیک

 

“Əgər müsəlman qardaşın etdiyi xataya görə səndən üzr istəyərsə, onun üzrünü qəbul et. Bu üzrü elə qəbul et ki, sanki sən onun qulamısan o isə sənin ağandır.”

Nəhcül bəlağə 403-cü səhifə oğlu Həsənə (s) vəsiyyəti babı

 

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

طلب لأخيك عذرا ، فإن لم تجد له عذرا فالتمس له عذرا

“Müsəlman qardaşının üzrünü qəbul et, əgər o üzr tapa bilmirsə, sən özün onun üçün üzr tap (düzəlt).”

Biharul ənvar 10-cu cild 100-cü səhifə

 

Yəni cəmiyyət hər bir fərdin durumunu və vəziyyətini dərk etməyə çalışmalıdır. Ona səhvini başa düşməkdə və üzr istəməkdə dəstək olmalıdır. Hər bir fərd cəmiyyətin bir parçası olduğundan onun büdrəmələrini cəmiyyət islah etməlidir.

“Üzrü qəbul etmək” həqiqətdə anormallıqların normala və adi hala çevrilməsində, yəni əyrilik və pozuculuğun düzlük və dürüstlük yolunda bir addımdır. Çünki səhv etdiyini qəbul edən və bu işdən üzr istəyən şəxs, əslində baş vermiş hadisənin xata olduğunu qəbul etmişdir. Bu isə cəmiyyətin sağlamlığı və təkamülünə sarı bir addımdır. Amma xataya yol vermiş şəxsin üzrünün qəbul edilmədiyi təqdirdə, o, üzrünü təkrarlamağın mənasız olduğunu düşünərək yenidən üzr istəmək əvəzinə üzr gətirməyə, özünü haqlı çıxarmaq üçün ortaya bəhanələr qoymağa çalışacaq.

İmam Zeynul Abidin əleyhissalam buyurur:

“Səndən üzr istəyən hər bir şəxsin üzrünü qəbul et, hətta onun yalan danışdığını bilsən də.”

Mizanul hikmə 3-cü cild 1859-cu səhifə

 

İmamın bu kəlamı bir növ əxlaqi praktikadır, yəni açıqlıq və üzə çıxarmaqla müqayisədə göz yummaq adlı dəyərə daha çox üstünlük verilir. Bəzi cəmiyyətlərdə xataya yol vermiş adamın səhvi tez-tez yada salınmaqla həmin şəxs alçaldılır. Lakin İslamın tövsiyəsi budur ki, əgər fərd öz xatasını boynuna alırsa, hətta yalandan üzr istəsə belə onun üzrünü qəbul edək, bundan daha yuxarı, əgər onun üzrü olmasa biz onun üçün üzr düzəldək.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

اقبل من متنصّل عذراً، صادقاً کان او کاذبا، فتنالک الشفاعة

“Üzr istəyənin üzrünü qəbul et, istər doğru deyə istər yalan. Təki bu yolla (Peyğəmbərin) şəfaətinə nail ola biləsən.”

Vəsailuş şiə 12-ci cild 217-ci səhifə 16125-ci hədis

 

İmam öz oğluna etdiyi bu vəsiyyətində sonuncu peyğəmbər həzrət Muhəmmədin –səllAllahu əleyhi və alih- bu hədisinə işarə edir:

“Kim üzr istəyənin –istər düz deyə istər yalan- üzrünü qəbul edərsə, (Qiyamət günü) kövsər bulağında mənim yanımda olacaq.”

Məkarimul əxlaq 433-cü səhifə

 

Xatırlatma:

Diqqət edilməlidir ki, üzrün qəbul edilməsi təkcə şəxsin düz iş gördüyünü güman etməsi və sonradan səhv olduğunu başa düşməsinə aid deyil. Üstəlik  əyri yola gedib sonra peşman olub üzr istəyərsə belə, cəmiyyət onu ağuşuna almalıdır. Bunun sirri isə bundadır ki, üzrün qəbul edilməsi cəmiyyətdə müsbət olaraq qarşılanarsa üzr istəmək mədəniyyəti həmin cəmiyyətdə geniş yayılacaqdır. Təbiidir ki, fərdlərin öz xatalarını etiraf edən cəmiyyətdə xata və səhvlərinə tərslik, inadkarlıq və israr etməzlər.

Cəmiyyətdə problem ondan başlanır ki, üzr istəməklə insanların gözündən düşəcəyimizi və bizə olan etibarın itiriləcəyini fikirləşək. Halbuki bilməliyik ki, bizim dərdlərimizin başlanğıcı etdiyimiz xatalarda özünüzü haqlı çıxarmağa və bəhanələr gətirməyə çalışmağımızdadır.

Deməli, həm fərdi həm də ictimai nəzərdən tərəqqi və inkişaf səhvləri qəbul etməkdə, xatalarını boynuna almaqda, xata etmiş şəxsin üzrünü qəbul etməkdədir. Bu rəftar böyükləri daha böyük, cəmiyyəti daha mütərəqqi  və ümidvar, sabahı isə aydın edir.

Məqamının yüksəkliyini yazmağa qələm aciz olan şəxs, yəni İmam Zeynul Abidin əleyhissalam buyurur:

اللهم إنّی أعتذر الیک ... من مُسئٍ اعتذر الیّ فلم اعذره

“Allahım! Mənə pislik edən şəxsin məndən üzr istəməsindən və onun üzrünü qəbul etməməyindən Səndən üzr istəyirəm.”

Səhifeyi Səccadiyyə 38-ci dua

 

Sonda bunu qeyd etmək lazımdır ki, insan öz hərəkətlərinə bacardıqca diqqət etməlidir. Elə işlər etməməlidir ki, üzr istəməli olsun. Əgər xataya yol verdisə, üzr istəsin. Əgər üzr istədisə üzrü qəbul olunsun. Əgər peşmançılığını ifadə etmək üçün üzr tapa bilmədisə başqaları onun üçün üzr tapsınlar. Deməli, hər zaman cəmiyyətdə başqalarının üzr istəmələrinə şərait yaradılmalıdır.

baxılıb: 544 dəfə