İctimai Əxlaq

Həqiqi dost necə olmalıdır?!

Həqiqi dostun əsas dörd xüsusiyyəti

İnsan ictimai varlıq olduğundan öz həyatını qurmaq üçün cəmiyyətdə insanlar ilə rabitə qurmalıdır. Deməli, insan bütün həyatı boyunca başqaları ilə dostluq və yoldaşlıq etməyə ehtiyaclıdır. Təbii ki, hər üzü gülən şəxsi dost seçmək olmaz. Dost seçməkdə yanılanlar həyatda ən ağır zərbələri məhz dona girmiş dostlardan almışlar. Bəs, həqiqi dost aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

 

1- Ağıl və qanacaq

 

Dost seçməkdə ilk fikr veriləsi məsələ həmin şəxsin ağıllı və qanacaqlı olmasıdır. Bu məsəsə o qədər əhəmiyyətlidir ki, hədislərdə ağıllı düşmənin nadan dostdan daha yaxşı olduğu vurğulanmışdır.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

“Qəlblərin abadlığı ağıllı insanlarla ünsiyyətdə olmaqdadır.”

“Ağıllı insanla dostluq etmək ruh və canın həyatıdır.”

“Ən gözəl məsləhət və dürüstlük ağıllı və düşüncəli insanlarla yoldaşlıq etməkdədir.”

Qurərul hikəm 1-ci cild 624, 626 və 627-ci səhifələr.

 

2- Əxlaqi rəftar və davranış

 

Yaxşı dost o şəxsdir ki, pis xasiyyətlərdən və ədəbsizlikdən uzaq olsun. Hiyləgər, yalnız özünü düşünən və qəlbi qara olmasın. Heç nədən çəkinmədən günah edənlər dostluğa layiq deyillər.

Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

“Töhmətə ən layiq insanlar pis insanlarla dostluq edənlərdirlər.”

Həmçinin əmirəlmöminin Əli əleyhissalam buyurur:

“Günahkar insanlarla dostluq etməyin aqibəti günaha meyilli olmaqdır,  belə ki, külək hər hansı murdarın (leşin) üstündən əsərsə ətrafa pis qoxu yayar.”

 

3- Verdiyi sözün üstündə durmaq, kişilik.

Dost seçilmək üçün insanda lazım olan üçüncü mühüm sifət sözünün üstündə  duran, əhdinə vəfa edən, ağsaqqalların dili ilə desək əsil kişilikdir.

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

“Dostluğun sərhədləri vardır. Onlara riayət edə bilən hər bir şəxs əsil dostdur. Belə olmayan insana dsotluq nisbəti verməyin. Dostluğun sərhədlərinin mühümləri bunlardır: Onun zahiri və batini sənin üçün eyni olsun, sənin zinətini öz zinəti sənin eyibini öz eyibi saysın, vəzifəyə gedərsə və ya varlanarsa səninlə olan rəftarı dəyişilməsin, əlində olan imkanlarını səndən əsirgəməsin, sənin çətin günlərində səni buraxmasın və tənha qoymasın.”

 

4- Uyğun və müvafiq olsun

 

Dost seçməklə əlaqədar daha bir mühüm mövzu hər kəsin özünə uyğun dost seçməsidir.

Yaxşı dost o şəxsdir ki, həmin şəxs istər maddi, istər ictimai cəhətdən səninlə oxşar və bənzər olsun.

 

İmam Məhəmməd Baqir əleyhissalam buyurur:

“Elə bir kəslə dostluq et ki, sənin özünə uyğun olsun. Elə bir şəxslə dostluq etmə ki, onun ixtiyarında olasan və səni öhdəsinə götürmüş ola, çünki bu sənin zillət və alçalmağına səbəb olar.”

baxılıb: 2116 dəfə