Nəfsin islahı

İxlasın əhəmiyyəti

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

الاخلاص ثمرة العبادة
"İbadətin bəhrə və meyvəsi ixlasdır."
Uyunul-hikəm vəl-məvaiz 38-ci səhifə
.
İxlas kəlməsi lüğətdə xalis, heç bir qatışığı olmayan və saf mənasınadır.
İstilahda isə ixlas kəlməsi Allahdan başqalarını niyyətdən silib çıxartmaq və əməli yalnız Allah üçün etməkdir, başqa sözlə ixlas budur ki, insan əməldə Allahdan başqasını nəzərə almasın.
Hər bir əməl barədə əsasən iki kəlmə işlədilir, səhih və qəbul. 
- ”Səhih” odur ki, insan həmin əməlin zahiri qayda və şərtlərini düzgün yerinə yetirmişdir. 
- Ancaq “qəbul” budur ki, həmin əməl Allah tərəfindən qəbul edilmiş, yəni hədəfə çatmışdır. 
Hər bir şeyin hədəfə çatması üçün onun insandan uzaqlaşması lazımdır, həm zahiri həm də fikri-ruhi baxımdan. 
Baxın, Allah Taala Quranda buyurur ki, sədəqə (ehtiyacı olanla verilən maddi vəsait) verdikdən sonra minnət qoymayın, minnət qoymaq əməli batil və puç edir, çünki həmin əməl hədəfə çatmamış, insandan (insanın orbitindən, mehvərindən) uzaqlaşmamışdır.
Odur ki, hər bir əməlin Allah dərgahına və məqsədə çatması üçün həmin əməl insandan uzaqlaşmalı və insanın orbitindən (mehvərindən) kənara çıxmalıdır. 
Təkəbbür, minnət qoymaq, nəfspərəstlik, riyakarlıq, özündənrazılıq və sair pis xasiyyətlər bizim əməllərimizin qəbul olmasına əngəldirlər, çünki etdiyimiz əməl bizdən uzaqlaşmır, biz onu elə hey yadımızda saxlayır, başqalarına danışır və hər zaman həmin əməldən istifadə edib dünyəvi məqsədlərimizə çatmaq istəyirik. Ona görə də uzun illər ibadət və möminlikdə olduğumuz halda mənəvi aləmdə heç bir tərəqqi etmirik, hətta bəzən tənəzzül edirik.
Dostlar, baxın, təyyarə yerdən göyə uçur və nəhayətdə yenidən yerə enir, çünki hədəf göylərə yüksəlib orada qalmaq deyil, hədəf göyə qalxıb yenidən yerə gəlməkdir, Riyakar adamın əməli kimi. Riyakarın və ya ancaq özünü düşünən eqoist və xudbin adamın əməlinin hədəfi o əməlin göylərə yüksəlib orada qalmağı deyil, əksinə həmin əməlin göylərə yüksəlməsi (hamı görsün deyə) sonra isə yerə qayıtmasıdır.
Amma raket isə yer kürəsinin cazibə qüvvəsindən çıxaraq yerdən uzaqlaşır və bir daha geri qayıtmır, raketin yerin cazibəsini yarıb keçməsi üçün çox böyük sürət lazımdır. İnsanların niyyətləri bəzən onların cazibəsini yarıb keçə bilmir. İnsanın mələkut aləminə (göylərə) göndərdiyi əməllərin çoxu həmin insanın atmosfer təbəqəsini yarıb keçə bilmir, halbuki insan etdiyi əməlin hədəfə çatdığını güman edir. Qiyamət günündə etdiyi əməllər insana təqdim ediləndə görəcək ki, əməllərinin çoxu yüksəklərə qalxıb yenidən öz cazibəsinə, onun yanına qayıtmışdır.
Etdiyimiz hər bir əməlin dərərəcələri niyyətlərə bağlıdır, yalnız Allaha xatir olan əməllərimiz hədəfə çatır, lakin etdiyimiz əməldən əgər (Allahdan) başqa məqsədlər üçün də yararlanmaq istəyiriksə (özümüzü başqalarına sevdirmək, dünya malı qazanmaq, öyünmək, dünyəvi istəyimizə çatmaq, başqalarından üstün görünmək və ilaxır) deməli, həmin əməl göyə qalxdıqdan sonra yerə, öz yanımıza enmişdir.

baxılıb: 126 dəfə