Nəfsin islahı

Şəxsiyyət zəifliyi


Elə insan var ki, müəyyən səbəblərdən şəxsiyyət zəifliyinə düçar olmuşdur. Şəxsiyyət zəifliyi əsasən üç səbəbdən yarana bilir.
1- İnsan öz həmyaşıdlarına nəzər salaraq özünün nə qədər geridə olduğunu və onlara çatmaq üçün heç bir perspektivin olmadığını düşünüb özünü alçaq və zəlil bilir.
2- İnsan öz iş yoldaşlarına (təhsil, tədris yoldaşlarına) nəzər salaraq özünün nə qədər geridə olduğunu və həmin sahədə heç bir tərəqqi və təkamül edə bilməyəcəyini düşünüb özünü alçaq və xar bilir.
3- İnsan əxlaqi-mənəvi baxımdan nə qədər geridə olduğunu və özünün mənəviyyatdan nə qədər uzaqlaşdığını görür və insanlar tərəfindən pis adam (mənfi şəxsiyyət, xeyirsiz adam...) kimi tanındığı üçün düzələ bilməsini mümkünsüz sayaraq özünü zəlil və alçaq bilir.
.
Şəxsiyyət zəifliyinə düçar olmuş insan öz tərəqqi və təkamülündən ümidsiz və inamsız olduğu qənaətinə gəldikdə batini çatızmazlıqlarını görərək özünüislah və nəfsini tərbiyə etmək yerinə öz zəifliyinin əvəzi olaraq başqalarını alçaltmağa çalışır, təki müvəqqəti də olsa ruhi əziyyət və batini inciklik hissini özünə unutdursun.
Əmirəlmöminin Əli əleyhissalam bu barədə buyurur:
"Eyib və nöqsanlara malik olan insanlar istəyirlər ki, bunlarda olan eyib və nöqsanlar cəmiyyətdə geniş yayılsın, bununla da onlar başqalarındakı eyib və nöqsanlara arxalanaraq özlərini xalqın danlaq və etirazından sığortalasınlar."
Özünü mənfi hisslərdən uzaqlaşdırmaq üçün başqalarının şəxsiyyətini ləkələmək, yaxşı insanlara töhmət və iftira yaxmaq, insanların həyat sirlərini yaymağa çalışmaqla öz alçaqlıq, zəlillik və ruhi incikliklərini bu yol ilə sakitləşdirmək, beləliklə də yalançı rahatlıq və dincliyə nail olmaq istəyən adamlar bilməlidirlər ki, bu yanlış yollar ilə mənfi hisslərdən, ruhi əziyyətdən və həyatdan narazılıq hissindən qurtula bilməzlər.
Şəxsiyyət zəifliyinə düçar olmuş adamların yeganə çıxış yolu özünü islah etmək və əxlaqi xüsusiyyətlərə yiyələnməkdir.
İlahi peyğəmbərlərin (onların hamısına Allahın salamı olsun) əsas hədəfi insanı tərbiyə və islah etmək, son hədəfi isə insanın Allaha yaxınlaşmasıdır.
Özünüislah olmadıqda ümumiyətlə insanlığın əsası və həqiqəti laxlamaq ilə üzbəüz olar, çünki insanı heyvandan fərqləndirən cəhət məhz əxlaqi və mənəvi xüsusiyyətlərdir.
 

baxılıb: 335 dəfə