Nəfsin islahı

Ömürün dəyəri

Faydalı ömür nəfslə mübarizədən ibarət olan həyatdır

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

نظام الدین مخالفه الهوی

“Nəfsin istəkləri ilə müxalifətçilik etmək dinin nizamıdır.”

Qurərul hikəm 9981-ci hədis

.

Nəfsin istəkləri hər bir şəxsin insanlıq dəyərindən düşməsinə səbəb olan əlaqə və bağlılıqdır. İnsan həyatının hikmət və fəlsəfəsi nəfsin istəkləri ilə mübarizədən ibarətdir. Ümumiyyətlə, insanın yaradılışının əsas qayəsi nəfslə mübarizə edərək İlahi qürb məqamına yüksəlmək və əbədi cənnətin sakini olmaqdır.

Bəzi insanlar deyirlər ki: “Əgər filan çətinliyim, ya filan pis xasiyyətim, ya filan pis adətim, ya filan pis vərdişim olmasaydı Mən çox yaxşı adam olardım.”

Halbuki, Allah Taalanın hikmət və məsləhətinə görə elə həyatın əsası bundan ibarətdir ki, hər bir insan nəfsdən doğan müşküllər düyünü ilə rastlaşaraq nəfsi ilə mübarizə etsin, hiyləgərlik və ya zirəklik edərək nəfslə mübarizə meydanından qaçmasın.

Bizlər, adətən istəyirik ki, ürəyimiz istəyən işləri görək, yəni ürəyimiz istəyən yaxşılıqlar, əməllər, ibadət və itaətləri edək.

Məsələn, gecə namazını -müstəhəbbi əməl olduğu halda ürəyi istədiyi üçün qılır, lakin xətrinə dəydiyi və incitdiyi insanlardan üzür istəməyi -vacib olduğa halda özünə sığışdırmır, günahkar ola-ola təkəbbürlüyü onu üzür istəməyə qoymur.

Məsələn, dəfələrlə ziyarətlərə gedir, bu yolda çoxlu pullar xərcləyir, ancaq ehtiyac içində olan imanlı insana maddi kömək etməkdən imtina edir. Çünki ziyarəti ürəyi istəyir, lakin möminə yaxşılıq etməyi ürəyi istəmir.

Ancaq ağılımız bizlərə deyir: “Özünü zirək və fərasətli göstərmə! Öz sevdiyin  yaxşı işləri edirsən, elə isə sevmədiyin yaxşı işləri də et. Görək doğrudan nəfsin istəkləri ilə mübarizə edirsən, yoxsa ...?!”

Əmirəlmöminin Əli əleyhissalam başqa bir hədisdə buyurur:

فاترکوا الهوی لیطیب عیشکم

“Nəfsin istəklərini tərk edən ki, həyatınız şirin (pak) olsun.”

Camiul əxbar 124-cü səhifə

.

Həyatda nəfsin istəkləri ilə mübarizə və müxalifətçilik etmək fikrində olmayan insan heç vaxt şirin və razı qalacağı yaşayışa nail ola bilməz. Odur ki, insan həmişə nəfsin istəkləri ilə mübarizəyə hazır olmalıdır. Nəfslə mübarizə həmin “böyük cihad”dır.

Yaxşı insan olmaq istəyən, ancaq nəfsin istəkləri ilə mübarizə və müxalifətçilik etməyən şəxs, həqiqətdə zirəklik və biclik etmək istəyənlərdir. Təəssüf ki, belə insanların sayı çoxdur.

Deməli, hər bir insanın dəyəri onun nəfslə mübarizədəki səy və cəhdi qədərindədir.

baxılıb: 141 dəfə