Nəfsin islahı

İmam Hüseynin (ə) məktəbində azadlıq dərsi

Kərbəla hərəkatında çoxlu sayda dərslər və ibrətlər vardır


İmam Hüseyn əleyhissalamın Aşura hərəkatında “Azadlıq və hürriyyətin” rolu və dəyəri
.
Aşuranın dərslərindən biri də azadlıq, müstəqillik və hürriyyət dərsidir. Azadlıq, yəni heç kimin və heç nəyin qulu olmamaq, öz dəyərini və qiymətini dərk etmək mövzusu İslam dinində ən mühüm məsələlərdəndir.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:
وقال عليه السلام : ألا حر يدع هذه اللماظة لأهلها ؟ إنه ليس لأنفسكم
ثمن إلا الجنة فلا تبيعوها إلا بها
“Bir azad insan yoxdurmu ki, ağızda qalmış bu artığı (heç kimin yeyə bilmədiyi dünyanı) öz əhlinin (dünyapərəstlərin, dünya malına görə istənilən şərəfsizə əyilməyə və yaltaqlanmağa hazır olanların) ixtiyarına buraxsın? Sizin canlarınızın qiyməti və dəyəri ancaq cənnətdir, elə isə onu (özünüzü) həmin qiymətdən (cənnətdən) başqa heç nəyə satmayın.”
Nəhcül bəlağə 256-cı hikmət
.
Odur ki, imam Hüseyn əleyhissalamın ətrafındakı qəhrəman dostlara nəzər saldıqda onların dünyaya zərrə qədər bağlı olmadıqlarını, həqiqi mərd və azad olduqlarını görürük.
İmam Hüseyn əleyhissalam buyurur:
موت فی عزّ خیر من حیاةٍ فی ذلّ
“İzzət və şərəfli ölüm, alçalma və zəlillik ilə olan həyatdan daha yaxşıdır.”
Biharul ənvar 44-cü cild 192-ci səhifə
.
İmam Hüseyn əleyhissalam Aşura günündə ona “Yezidə boyun əyməsən səni öldürəcəyik, qaçmağa da qoymayacağıq” deyiləndə onların cavabında buyurdu:
قَالَ الإمَام الحُسَيْن (ع) -مِنْ كَلامِهِ يَوْمَ عَاشُورَاءَ-: لا وَ اللهِ لاَ اُعْطِيكُمْ بِيَدِى إعطَاءَ الذَّليلِ وَ لاَ اَفِرُّ فِرَارَ العَبِيدِ
“And olsun Allaha, elə deyil, mən alçalmışlar kimi (tabeçilik məqsədilə) təslimçilik əlimi onlara tərəf uzatmayacağam, nə də qullar kimi qarşınızdan qaçmayacağam.”
əl-İrşad 235-ci səhifə
.
İmam Hüseyn əleyhissalam bütün bəşəriyyətə öyrətdi ki, əgər bir xalq alçaq duyğuların, mənfi xislətlərin, azğın nəfsin, ehtirasın, qorxu və tamahın köləsi olmazsa, heç zaman xarici qüvvələrin, zalım və qəddar imperialist güclərin də köləsi olmayacaq. Bu qayda dünyanın bütün xalqlarına eyni səviyyədə şamil olur, bütün xalqların dərdinin dərmanıdır. Bu, daxili azadlıq, mənəvi azadlıq, insanı hərəkətdən, fəaliyyətdən və iradədən saxlayan zəncirlərdən azadlıqdır. Bu zəncirlər onun daxilindədir.
Gərək əvvəlcə batinimizdə dəyişiklik edək, gərək nəfslərimiz yaxşıya dəyişilsin. Əgər nəfsimiz indiyə kimi şeytan və tağutun hökmranlığı altındadırsa, nə qədər ki, gec deyil dəyişilək. İslah olunmamış nəfsə malik olan insandakı elm özü də bir zülmət və qaranlıq hicabıdır. Nəfsini islah etməmiş alimin və ziyalının özünə və cəmiyyətə ziyanı cəhalət və nadanlığın ziyan və zərərindən daha çoxdur.
Aşura günü imam Hüseyn əleyhissalamın səhabələrinin sözlərini araşdırdıqda görürük ki, onların hamısı mərdlik, azadlıq və hürriyyət şerləri oxumuş, düşmən tərəfi moizə və nəsihət edərkən mərlik və azadlığın əhəmiyyətini onlara başa salmağa çalışmışlar.
İmam Hüseyn əleyhissalamın əmisi oğlu və Kufə şəhərinə elçi kimi göndərdiyi Müslim ibn Əqil düşmənlərin mühasirəsində olduğu anda şücaətlə döyüşərək belə bir beyt deyirdi:
اقسمت لا اقتل الا حرّا
وان رایت الموت شیءا نکرا
“And içmişəm ki, azad və mərd olaraq öləcəm.
Hərçənd, ölümün xoşagəlməz olduğunu görürəm.”
Maraqlıdır ki, Müslim ibn Əqilin oğlu da Kərbəlada döyüş meydanında döyüşərkən atasının dediyi həmin rəzəci təkrarlayaraq döyüşmüş və şəhid olmuşdur. Bu isə Bəni-Haşimin azadlıq və hürriyyətə nə qədər dəyər verdiyinin aşkar göstəricisidir.
Eləcə də, Aşura qəhrəmanlarından olan, təkbətək döyüşlərin ilk şəhidi Hürr qəhrəmancasına döyüşürək ağır yaralı halda və ölüm astanasında olarkən imam Hüseyn əleyhissalamın onun başı üzərinə gəlib başını öz dizlərinin üstünə qoyaraq
انت حرکما سمیتک امک و انت حر فی الدنیا و الاخرة
“Sən həqiqətən Hürrsən, anan sənə doğru olaraq bu adı qoyub, sən dünya və axirətdə hürr və azadsan” buyurması azadlıq, hürriyyət və müstəqilliyin bu məktəbdə nə qədər böyük dəyər, qiymət və əhəmiyyətə malik olduğunun bariz göstəricisidir.
Əgər biz özümüzü doğrudanda imam Hüseyn əleyhissalamın Aşura məktəbinin şagirdləri sayırıqsa, bu məktəbin dərslərindən biri olan azadlıq, hürriyyət, müstəqillik, heç kimə boyun əyməmək, dünyaya aldanmamaq və alçalmamaq dərsini gözəl mənimsəməli və icra etməliyik.
Allah Taala bizim hamımızı bu işdə müvəffəq etsin.
 

baxılıb: 267 dəfə