Nəfsin islahı

Ramazan ayında şeytanlar zəncirlənirmi?!

Halbuki biz, bir çox insanların şeytanın təsirlərini bu ayda da qəbul etdiklərini görürük.

 Şeytanın fəaliyyətini zəiflədən yerlərdən biri də mübarək Ramazan ayıdır. Bu mövzu bir sıra hədislərdə müxtəlif formalarda açıqlanmışdır.

Məsələn; Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
"Ramazan ayının ilk günündə şeytanlar zəncirlənirlər."
.
Halbuki biz, bir çox insanların şeytanın təsirlərini bu ayda da qəbul etdiklərini görürük. Deməli, şeytanın təsirsiz olması kamil şəkildə olmur.
Bu şübhəni yox etmək üçün bir məsələni açıqlamaq lazımdır;
Şeytanın həbs edilməsi, zəncirlənməsi oruc tutan şəxsin əməllərindən asılıdır. Çünki orucluğa görə olan aclıq və susuzluq şeytanın insana nüfuz etmə yollarını bağlayır. Necə ki, sevimli Peyğəmbərimiz (s) buyurur: 
"Ac qalmağınız ilə şeytanın sizin canınıza daxil olma yollarını bağlayın."

Bir çox hədislərdə insanın ruhunun orucunun cismin orucundan daha mühüm olduğu qeyd edilmişdir. Eləcə də bəzi hədislərdə qəlbin orucunun cismin orucundan daha mühüm olduğu qeyd edilmişdir.

Deməli, şeytanın insana 3 yol ilə nüfuzu vardır.

1- Cismi yol. Şeytanın bu yolunun qarşısı insanın aclığı, suzuzluğu və ilaxır ilə alınır.

2- Ruhu-mənəvi yol. Şeytanın bu yolunun qarşısını insan günahlardan çəkinməklə almalıdır. Bildiyimiz kimi orucun qəbul olma şərtlərindən biri günahlardan uzaq olmaqdır.

3- Qəlbi və Fikri yol. Hədisdə var ki, qəlbin (və fikrin) orucu ruhun orucundan üstündür. Şeytanın bu yolunun qarşısını insan fikir, xəyal və düşüncələrinə nəzarət etməklə bağlamalıdır.
.
Həqiqətdə hər bir insan üçün şeytanın ona nüfuz etmə və həmin insanın canına daxil olma qədəri həmin şəxsin orucunun keyfiyyəti və səviyyəsi qədərindədir. 
Oruc tutmayanlar, və ya orucluğun hökmlərinə, ədəblərinə riayət etməyənlər üçün, 
-Məsələn; oruc olduğu halda yalan danışan, qeybət edən, bədgümanlıq edən, ara vuran, tərəzidə aldadan, naməhrəmlərə baxan, söyüş söyən, görüş yerinə vaxtında gəlməyən, sözünün üstündə durmayan ... və sair pis əməlləri edən insanların qarşısında şeytana heç bir məhdudiyyət və maneə yoxdur. Belələri üçün şeytan zəncirsiz və azaddır.
.
Mübarək Ramazan ayı daxil olan kimi şeytanlar bütün oruc tutanlar üçün zəncirlənirlər, amma oruc tutanların əməlləri, rəftarlar və düşüncələri şeytanın zəncirlərdən azad olmasına səbəb olur, buna görə də şeytan istədiyi kimi həmin insanlara təsir edə, onları istənilən günah, pislik və xatalara sövq edə bilir.
-Bu hədisə diqqət edək:
Peyğəmbərlərin ən üstünü həzrət Muhəmməd səllAllahu əleyhi və ailh buyurur:
"Ey insanlar! Bu ayda cənnətin qapıları açıqdır, Allahdan istəyin ki, o qapıları sizin üzünüzə bağlamasın. Cəhənnəmin qapıları bağlıdır, Allahdan istəyin ki, o qapıları sizin üzünüzə bağlı saxlasın. Şeytanlar zəncirlənmişlər, Allahdan istəyin ki, onları sizə qalib etməsin."
Sonda onu da deyək ki, NƏFS insanı bu ayda da rahat buraxmaq istəmir. İnsanı günahlara və pisliklərə sövq edir ki, bununla şeytanları da azad edə bilsin.

baxılıb: 204 dəfə