Nəfsin islahı

Nəfs adlı "TANRI"

“Nəfsinin istəklərini özünə tanrı olaraq seçənləri gördünmü?! Allah onları bilikli (məlumatlı) olduqları halda azdırdı.”

Qurani-kərim Casiyə surəsinin 23-cü ayəsində buyurur:

 

أَ فَرَءَيْتَ مَنِ اتخَّذَ إِلَاهَهُ هَوَئهُ وَ أَضَلَّهُ اللَّهُ عَلىَ‏ عِلْمٍ

 

“Nəfsinin istəklərini özünə tanrı olaraq seçənləri gördünmü?! Allah onları bilikli (məlumatlı) olduqları halda azdırdı.”

Ayədə “həvahu” (nəfsi istəklərini) sözünün “ilah” (məbud, tanrı) kəlməsindən sonra gəlməsi həmin insanın Allaha itaətin vacib olduğunu bildiyi halda nəfsini özünə tanrı seçdiyini göstərir. “Əfəraəytə” kəlməsi isə Peyğəmbəri (s) təəccübləndirmək üçündür. Doğrudan da Allaha tanıyan və şəriətə riayət etməyin vacib olduğuna elmi olan insanın Allaha itaəti buraxıb nəfsini özünə tanrı seçməsi təəccüblü bir işdir. Çünki haqqı tanımayan, yəni cahil adamın nəfsinə itaət etməsi elə də təəccüblü deyildir, lakin bilik və elm əhlinin nəfsinə itaət etməsi, nəfsinin istəklərini özünə tanrı seçməsi təəccüblüdür.

Deməli, biz özümüzdən muğayat olmalıyıq ki, böyük cihadda, yəni nəfslə mübarizədə məğlub olmayaq. Biz məğlub olsaq, bütpərəst olacağıq, özümüzdən əlavə başqalarına da ziyan vuracağıq.

Elə isə, biz neyləyək ki, nəfsimizlə mübarizədə qalib gələ bilərk?!

Hər şeydən əvvəl yaddan çıxarmayaq ki, bizim meyillərimiz (təbii istəklərimiz) olan şəhvət, qəzəb, təkəbbür, kin, həsəd və sairlər Hiss və Duyğularımızı ələ keçirib. Görürsünüz ki, əsəbləşən kimi dilimiz də, əllərimiz də, xülasə vücudumuz təsir altına düşür. Eləcə də o biri nəfsi meyillərimiz də...

Başqa tərəfdən isə Duyğularımız ilə Ağılımız arasında kəskin mübarizə gedir.

Ağıl sakit və təmkinlidir, amma Duyğuların tufanı da var, tüğyanı və coşqusu da.

Qurani-kərim Fələq surəsinin 3- cü ayəsində buyurur:

 

وَ مِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ

 

“(Ehtirasın, cəhlin, küfrün, hiylənin, qəzəbin...) qaranlığının şərrindən (Allaha sığınıram).”

Cinsi təbiət tüğyan edərək coşub daşanda onun tufanı nəhəng çayların seli kimi hər şeyi aparır, hətta ağılı da aparır. Əgər biz ağılın qalib gəlməsini istəsək hiss və duyğularımızı ağıla birləşdirməliyik, ağıla tabe etdirməliyik.

Onu da yaddan çıxarmayaq ki, nəfsimiz üç böyük ordudan; şəhvət, qəzəb və xəyal ordusundan təşkil olunduğu halda ağılımız tək-tənhadır. Ona görə də ağıl kənardan kömək və dəstək almalıdır. (Bu barədə yazının ikinci hissəsində bəhs edəcəyik)

Sevimli peyğımbərimizin həyat yoldaşı Ümmü Sələmə nəql edir ki, Peyğəmbər (s) evin bir küncündə ağlayaraq belə dua edirdi:

 

اللهم لا تکلنی الی نفسی طرفه عین

 

“İlahi,  məni bir göz qırpımı qədər özbaşıma buraxma.”

Mən la yəhzurəhul fəqih 4-cü cild 128-ci səhifə

.

Bizlər də bu duanı tez-tez oxumalıyıq, xüsusilə tanhalıqda, namazdan sonra ...

Zəlalətin (azğınlığın) mənası da elə budur. Allah insanı özbaşına buruxarsa o şəxs artıq bədbəxtdir.

Qurani-kərim Əraf surəsinin 186-cı ayəsində buyurur:

 

مَن يُضْلِلِ اللَّهُ فَلَا هَادِىَ لَهُ  وَ يَذَرُهُمْ فىِ طُغْيَانهِمْ يَعْمَهُونَ

 

“(Pis əməllərdən əl çəkmədiklərinə görə) Allahın azdırdığı şəxsləri (Allahdan başqa) heç kim hidayət edə bilməz. (Allah) onları öz azğınlıqları içində çaşqın (nə edəcəyini bilməyən) halda qoyar.”

Allah bir anlığa inayət (mərhəmət) və lütfkarlıq əlini insandan çəkən kimi həmin insan süquta gedir. Sanki bir nəfər əlində daş parşağı tutduğu halda dağın başından o daşı yerə buraxması saniyədən də az çəkir, əlindən buraxan kimi daş yerə çatanadək süqut edəcək... İnsanın həyatı zülmətə dönəcək.

Qurani-kərim Nur surəsinin 40-cı ayəsində buyurur:

 

أَوْ كَظُلُمَاتٍ فىِ بحَرٍ لُّجِّىٍ‏ّ يَغْشَئهُ مَوْجٌ مِّن فَوْقِهِ مَوْجٌ مِّن فَوْقِهِ سحَابٌ  ظُلُمَاتُ  بَعْضُهَا فَوْقَ بَعْضٍ إِذَا أَخْرَجَ يَدَهُ لَمْ يَكَدْ يَرَئهَا  وَ مَن لَّمْ يجَعَلِ اللَّهُ لَهُ نُورًا فَمَا لَهُ مِن نُّورٍ

 

“Onların (əməlləri) dərin və geniş dəryaya, okeana bənzəyir, dalğalı olanda onun da üzərində bir dalğa olur, onun da üzərində bulud var. Zülmətlərdir ki, biri digərinin üzərindədir. Belə bir zülmətlərin içində insanı öz əlinə baxmaq istəsə onu görməyəcək. Beləliklə, Allah kimə nur verməzsə o adamın nuru ola bilməz.”

Bu ayədə çoxlu dərin mənalar vardır, o cümlədən; لجی  kəlməsi çox geniş və dərin dənizə (hətta okeana) deyilir. Günəş çıxanda günəşin şüaları (işığı) dənizin (okeanın) 700 metrinə qədər təsir edə bilir, ondan aşağı səthdə əbədi qaranlıq və zülmət hökm sürür. Bu da o vaxtdır ki, dəniz və okean aram, sakit halda olalar. Təsəvvür edin ki, güclü dalğa olanda dalğa özü işığın (nurun) qarşısını alır, onun da üzərində ayrı bir dalğa olur, yəni dalğalar silsiləvari olurlar. Əgər göy üzü də buludlu olarsa insan belə bir qaranlıqda heç öz əlini də görə bilməz.

Baxın, bu tüğyan və bu tufan nəfsin istəklərinin təsiri nəticəsində yaranan Duyğu və Hisslər tufanıdır.

Odur ki, hədislərdə gəlib; qəzəb (əsəb), həmçinin şəhvət (ehtiras) insana hakim olan zaman onun ağlının üçdə ikisi aradan gedir...

Fələq surəsinin 3-cü ayəsinin mənası da elə budur!

İnsanın daxilində cəhalət, nadanlıq, küfr, qəzəb, ehtiras, hiylə və sair duyğu və meyillərinin görünməyən tərəfləri qaranlıqda gizlənmişlər.

Sizcə, dənizin yuxarıdakı hadisəsi gecə vaxt olsa necə olar?!

Ardı var... 

baxılıb: 523 dəfə