Nəfsin islahı

Üçüncü mənzil Təhliyə (gözəl əxlaqi sifətlər ilə zinətlənmək)

Təhliyə sözü ərəb dilindən tərcümədə bəzənmək, bəzəmək və zinətləndirmək mənasınadır.

Əxlaq elmlərində isə “Təhliyə” insanın ruhunun kamal sifətləri və İlahi əxlaq ilə bəzədilməsidir.

Allaha yaxınlaşma yolunu gedən aşiq bəndə zahirni şəriətlə bəzədikdən və onun ardınca pis sifətləri və çirkin xasiyyətləri özündən (qəlbindən və ruhundan) uzaqlaşdırdıqdan sonra üçüncü mərhələyə (mənzilə), yəni həmin şəxsin fərdi dünyasına həm də cəmiyyətə dərin təsirlər qoyan kamal sifətləri və gözəl əxlaqi xasiyyətlər ilə zinətləndimə mərhələsinə qədəm qoyur. İnsanın gözəl əxlaqi sifətlərə və bəyənilən xasiyyətlərə zinətlənə bilməsi həmin insanın qəlbinin və ruhunun paklandığının sübutudur. Çünki insanın qəlbi və ruhu paklanmazsa o şəxs öz batinini kamal sifətləri və İlahi əxlaqi xüsusiyyətlər ilə zinətləndirə bilməz.

Ola bilər ki, insan özünü zahirdə əxlaqlı şəxs kimi insanlara göstərə bilsin, necə ki, batil firqə və təriqətlərin fəalları insanları aldadaraq öz tərəflərinə çəkmək üçün bu üslubdan istifadə edirlər. Lakin belə insanların qəlbləri və ruhları çirkin və nəcis olaraq qalır.

Deməli, insan əgər üç qorxlu sifəti –şeytanlıq, heyvanlıq və yırtıcılıq sifətlərini özündən uzaqlaşdıra bilərsə artıq öz qəlbini və ruhunu kamal sifətləri və İlahi əxlaq ilə zinətləndirməyə hazır olmuşdur.

Təxliyə (qəlbi və fikiri pis xasiiyət və yanlış adətlərdən təmizləmək) mərhələsində insan öz qəlbini və ruhunu pis və çirkin sifətlərdən təmizlədikdən sonra pis və çirkin xasiyyətlərin yerində kamal sifətləri və İlahi əxlaq xasiyyətlərini yerləşdirir.

Təhliyə (gözəl əxlaqi sifətlər ilə zinətlənmək) mərhələsi budur ki, insan əxlaqi fəzilərlər ilə ünsiyyət və ülfət nəticəsində bütün batini vücudunu kamal sifətləri və İlahi əxlaq xasiyyətləri ilə bəzəməyə müvəffəq olur.

Əlbəttə onu da deyək ki, Allaha yaxınlaşma yolunu ikinci mərhələsi olan Təxliyə (qəlbi və fikiri pis xasiiyət və yanlış adətlərdən təmizləmək) çox çətin bir işdir, Allah Taalanın xüsusi lütf və mərhəməti olmadan bu çətin mərhələni, nəfslə mübarizə mərhələsini keçmək inandırıcı görünmür.

Allah Taalanın lütf və mərhəmətinə nail olmaq üçünsə gecə gündüz çalışmaq, bildiklərinə əməl etmək, elm öyrənməkdən yorulmamaq, əxlaq və maarif kitablarını mütaliə etmək, Qurani-kərim ilə daima ünsiyyətdə olmaq, Peyğəmbərə (s) və məsum İmamlara (ə) təvəssül etmək, şəriətin hökmlərinə riayət etmək, namazları əvvəl vaxtında qılmaq, gecə namazlarını tərk etməmək, əxlaq ustadları ilə gündəlik əlaqə saxlamaq, ağıllı və dindar insanlarla dostluq etmək .... lazımdır.

Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: «Həqiqətən, mən əxlaqi kəramətləri kamilliyə çatdırmaq üçün göndərilmişəm». (Kənzul-ummal, hədis 2517)

     İmam Cəfər Sadiq əleyhissalam buyurur «Allah-Taala öz peyğəmbərinə (s) əxlaqi kəramətləri ilə imtiyaz verdi. Beləliklə, siz də özünüzü imtahan edin. Əgər bu xoş xasiyyətlərdən sizdə varsa, Allaha şükr edin və bu kəramətlərin artmasını diləyin». Sonra onlardan onunu saydı: əminlik, qənaət, səbr, şükr, dözümlülük, xoş xasiyyət, səxavət, qeyrət, şücaət, mərdlik».(Əmali, şeyx Səduq, səh.118, hədis 8)

       İmam Cəfər Sadiq əleyhissalam  əxlaqi kəramətlər barədə buyurdu: «Sənə zülm edən kəsə güzəştə getmək. Səninlə əlaqəni kəsən şəxslə əlaqəni bərpa etmək. Səndən bir şeyi əsirgəyənə bəxşiş etmək. Haqqı danışmaq, hərçənd sənə zidd olsa da». (Məanil-əxbar, səh.191, hədis 1)

baxılıb: 474 dəfə