Nəfsin islahı

Allaha yaxınlaşma yolunun birinci mərhələsi

“Aşiq bəndə” öz “Məşuq Rəbb”inə qovuşa bilmək üçün dörd (4) mənzil (mərhələ) yoyu getməlidir. Birinci mənzil “Təcliyə” (şəriətə riayət etməklə bəzənmək)

Təcliyə sözü ərəb dilində parlaq, aydın, parıldayan və zahir olan mənasınadır.

Əxlaq elmlərində isə “təcliyə” (şəriətə riayət etməklə bəzənmək) İlahi şəriət və hökmlərə riayət etməklə, həmçinin bütün vacibləri yerinə yetirmək və bütün haramlardan çəkinməklə insanın zahirinin bəzədilməsi və saflaşdırılmasıdır. Təki zahirini bəzədikdən sonra əxlaqi sifət və xasiyyətləri mənimsəyə bilmək qabiliyyətinə malik olsun.

Başqa sözlə, Allaha yaxınlaşmaq yolunu qət etmək istəyən insan əxlaqlı olmaqdan ötrü əvvəlcə həqiqi dindar olmalı, İlahi əmr və qadağalara tam mənada təslim olmalıdır.

Təcliyə mənzili ona görədir ki, Allaha sarı yol getmək əzmində olan insan şəriətin tələb etdiyi əməlləri, o cümlədən; namaz, oruc, həcc və sair ibadətləri Allahın istədiyi kimi yerinə yetirməklə əxlaq elmlərini öyrənməyə ləyaqət qazansın.

Təcliyə (şəriətə riayət etməklə bəzənmək) mərhələsini uğurla keçə bilmək üçün ən əsas üç şey insanda hər şeydən əhəmiyyətlidir.

1- İbadətlərin hamısında ixlasın olması.

İxlasdan məqsəd ibadətlərin hamısını yalnız Allaha xatir yerinə yetirməkdir.  Yəni “aşiq bəndə” əməlləri tam səmimiliklə etməklə riyakarlıqdan, dünya məqsədlərindən və özünü başqalarına göstərməkdən uzaq olmalıdır.

Onu da yaddan çıxarmayaq ki, aşiq bəndə hər bir əməlinin yalnız Allaha xatir olduğuna əmin olmalıdır. Bir sıra insanlar Allahın vacib etdiyi əməllərin bəzilərini nəfslərinin xoşuna gəldiyi üçün yerinə yetirirlər. Halbuki aşiq bəndə nəfsinin meyli ilə ibadət etmir, ibadətlərinin hamısı sırf Allah üçündür.

Qurani-kərim Bəyyinə surəsinin 5-ci ayəsində buyurur:

 

وَ مَا أُمِرُواْ إِلَّا لِيَعْبُدُواْ اللَّهَ مخُلِصِينَ لَهُ الدِّي

 

“Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, ixlas ilə ibadət etsinlər.”

.

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 

طُوبى لِمَنْ اَخْلَصَ للّه‏ِ الْعِبادَةَ وَ الدُّعا

 

“İbadət və dualarını Allah üçün xalis (ixlaslı) edə bilən şəxsin xoş halına!”

Biharul ənvar 70-ci cild 229-cu səhifə

.

2- Aişq bəndə bütün günahlardan yalnız Allaha xatir çəkinməlidir. Allaha xatir olmayan çəkinmələrin dəyəri yoxdur. Məsələn, hər hansı bir insanın bahalı telefonunun ondan bir az kənarda olduğunu görən, amma qorxusundan onu götürməyən şəxsin burada oğurluqdan çəkinməsinin dəyəri yoxdur, çünki bu çəkinmə Allaha görə yox, onun qorxaqlığına görə idi. Başqa bir misal; hər hansı bir yerdə tanışlarının hansısa bir nəfərin qeybətini etdiklərinin görən amma qeybət etməyən, belə ki, bunun da o şəxsin qeybətini etdiyini qeybəti edilən şəxsə çatdıracaqlarının qorxusundan qeybət etməyənin heç bir dəyəri yoxdur. Çünki onun qeybət etməkdən imtina etməsi Allaha xatir deyil, qeybəti edilən şəxsin qorxusu olmuşdur...

Deməli, aşiq bəndənin hər hansı bir günah və pis əməllərdən çəkinməsi Allaha xatir olmazsa bu çəkinmənin heç bir dəyəri olmaz.

 

3- Namazların hüzuri-qəlb ilə qılınması

İxlas bütün ibadətlərə aiddir, eləcə də yalnız Allaha xatir çəkinmə bütün günahlardan çəkinmədə olmalıdır, lakin “hüzuri-qəlb” yalnız namaza aiddir.

“Hüzuri-qəlb” qəlbin Allah hüzurunda olmanı dərk etməsinə deyilir.

Bunu bilmək lazımdır ki, namazı “hüzuri-qəlb”, “xüzu” və “xüşu” ilə qıla bilmək üçün zamana ehtiyac var. Əxlaq ustadları namazı hüzuri-qəlb ilə qılmağı xəttatlığa və rəssamlığa bənzədiblər. İnsan xəttatlıq və ya rəssamlıq sənətinə daxil olduqda elə ilk gündən gözəl xəttat və ya gözəl rəssam ola bilməz. Bunun üçün uzun zaman çalışmağa ehtiyac var.

Namazda “hüzuri-qəlb”in olması namazın səhih olmasının şərti deyil, qəbul olmasının şərtidir. “Hüzuri-qəlb” budur ki, insan bütün varlığı ilə diqqətini Allaha yönəltməli, Allahın onun yanında olduğunu və onu gördüyünü dərk etməlidir.

“Hüzuri-qəlb” namazın ruhudur, namazın zahiri forması (qiyam, rüku, səcdə, surələr, zikrlər...) isə namazın qəlibi  və qabıdır.

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 

اِنَّ الْعَبْدَ لَيُصَلّى الصَّلوةَ لايُكْتَبُ لَهُ سُدْسُها وَ لاعُشْرُها وَ اِنَّما يُكْتَبُ لِلْعَبْدِ مِنْ صَلاتِهِ ما عَقِلَ مِنْها

 

“(Elə olur ki,) Bəndə namaz qılır, (amma o namazın heç) altıda biri, yaxur onda biri də qəbul olmur. Həqiqətən bəndənin namazının qəbul olan qədəri onun qəlbinin və diqqətinin namazda olduğu qədərdir.

Biharul ənvar 84-cü cild 249-cu səhifə

Yəni insanın qəlbi və diqqəti namazda nə qədər olubsa o qədəri Allah dərgahında qəbul olmuşdur. İnsanlar var ki, yadında yalnız namazın niyyətini edərək Allahu əkbər dediyi olur və bir də salamın axırıncısını deyəndə yadına düşür ki, namaz qılırmış. Namazda “hüzuri qəlb” nə qədər olunsa namazın o qədəri Allah dərgahında qəbul olmuşdur.

İslam dini namazda qəlbin Allahı nəzərə almasına və bütün diqqətin namazda olmasına çox önəm verir.

Başqa bir hədisdə sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

 

مَنْ صَلّى رَكْعَتَيْنِ وَ لَمْ يُحَدِّثْ فيها نَفْسَهُ بِشَىءٍ مِنْ اُمُورِ الدُّنْيا غَفَرَاللّهُ لَهُ ذُنُوبَهُ

 

“Kim elə bir iki rəkətli namaz qılsa ki, (həmin iki rəkət namazda) dünya ilə əlaqədar heç bir şey onun qəlbindən (fikrindən) keçməzsə Allah onun bütün günahlarını bağışlayar.

Biharul ənvar 84-cü cild 249-cu səhifə

Ardı var...

baxılıb: 735 dəfə