Nəfsin islahı

Müatibə (özünütənqid)

İnsan gündəlik əməllərinə nəzər salıb özü ilə hesablaşaraq özünü vicdan məhkəməsində mühakimə etdikdən və günahkar bildikdən sonra müatibə mərhələsinə, yəni tənqid məqamına yetişir.

Bu mərhələdə insan şəxsən öz-özünü tənqid edib danlamalı, bu vasitə ilə özünü itirilmişlərin bərpası üçün hazırlamalıdır.

Bununla belə, mühasibə zamanı insanın öz eyibləri ilə məşğul olmayıb başqalarına irad tutaraq özünü təmizə çıxarmasına diqqət etmək lazımdır. Bəziləri başqalarına eyib tutmaqla bilmədən özlərini təmizə çıxarır və günahı başqasının boynuna ataraq məsuliyyətdən qaçırlar. Xoş o adamların halına ki, xudbinlikdən əl çəkib batinlərində özlərini nəsihət edirlər. Özünüsevmə vadisində qalıb nəsihət qəbul etməyən və özündə heç vaxt bir eyib görməyən adamların vay halına.

Əmirəl-möminin(ə) buyurur:

“Özünü mühasibə edən, eyiblərini başa düşüb günahlarından xəbərdar olar. Belə bir şəxs, nəhayət, günahlarını yum0aqda və eyiblərini düzəltməkdə müvəffəqiyyət qazanar.”

O Həzrət yenə buyurur:

“Kim özünü tənqid edərsə, nəfsini islah, tərifləyərsə, məhv edər.”

Başqa bir hədisdə o Həzrətdən belə nəql olunur:

“....Xoş o adamın halına ki, öz eyibləri onu başqasına eyib tutmağa qoymur....”

Yəni öz eyiblərinə başı elə qarışır ki, daha başqasına eyib tutmaq üçün macal tapmır.

Bilmək lazımdır ki, müatibə iki mərhələdən ibarətdir: a) Özünütənqid; b) Tövbə və itirilmişlərin bərpası mərhələsi.

Birinci mərhələdə nəfsi-ləvvamədən (özünü qınayan nəfs) qaynaqlanıb özünü tənqid etmək lazımdır. Bu mərhələ qəzəb və tənbeh mərhələsidir. Allah dostları özlərini tənbeh etmək fikri ilə gecə oyaq qalmaq, aclıq, oruc tutmaq, az danışmaq, təsirli zikrlər etmək, ehsan və bəxşiş vermək və s. kimi əməllərlə itaətə gəlməyən nəfsi ram etməyi özlərinə zəruri bir hal kimi qəbul etmişlər. Əmirəl-möminin buyurur:

“Kim özünü tənbeh etməsə, məhv olar.”

Ayətullah Brucerdi(r.ə) haqqında belə danışırlar:

Tələbələrdən hər hansına qarşı acıqlanarkən həmin şəxsdən üzr istəməkdən əlavə bu səhvi düzəltmək üçün özünü tənbeh etmək qəsdilə o günün səhərini oruc tutmağı nəzir edərdi.

Tənbeh və ədəbləndirmək Məsumların(ə) həyatı və müqəddəs şəriət ölçüləri ilə o qədər uyğun gəlmişdir ki, belə əməllərə bizə gəlib çatmış sünnətlərdə də rast gəlinir. Lakin bəzi sufi şeyx və ariflərinin tənbeh barədə nəql etdikləri - özünü yandırma, özünü məşəqqətli əməllərə məcbur etmə, cəmiyyətdən kənara çəkilmə və ya ömür boyu sükutda olmaq və s. bu kimi əməllərdir. Bunlara kitab və sünnədə rast gəlinmir. Belə hərəkətlər müqəddəs şəriətdən və övliyalarının həyat tərzindən xaricdir. Allah isə daha yaxşı biləndir.

baxılıb: 423 dəfə