Nəfsin islahı

Mühasibə (Özü ilə hesablaşma) qaydası

Mühasibə edərkən bir neçə qaydaya riayət etmək lazımdır:

 

a) Ən əvvəl bilmək lazımdır ki, nəfsi-əmmarə (pisliklərə sövq edən qüvvə) və özünüsevmə qüvvəsi insanı aldadıb gözəllikləri, çirkin, çirkinlikləri isə gözəl cilvələndirir. İnsan mühasibə zamanı özünə başqasının gözü ilə baxmalıdır. Hədislərdə vardır ki, mömin mühasibə edərkən özünə şərikin şərikə qarşı yanaşdığı kimi yanaşsın. Başqa bir ifadə ilə desək, özünün bütün hərəkət, xatirə, düşüncə və davranışlarını öz gözü önündə canlandıraraq heç bir güzəştə getmədən əməllərini araşdırsın.

Peyğəmbər(s) buyurur:

“Heç bir bəndə şərikin şəriklə hesablaşdığı və ya ağanın qulundan tələb etdiyi kimi özü ilə hesablaşmasa, mömin deyildir.”

Başqa bir hədisdə həzrəti-Əmirəlmöminin(ə)-dən mühasibə qaydası müfəssəl olaraq belə rəvayət olunur:

“Bir nəfər həzrət-Əli(ə)-dən soruşdu: Özünü necə mühasibə etmək olar?» O Həzrət buyurdu: «İnsan gecəni gündüzə, gündüzü gecəyə başa vuranda axşam özünə qayıdıb desin: «Bu günün də belə keçdi. Bir daha qayıtmayacaq. Allah-təala səndən soruşacaq ki, bu günü necə keçirdin, hansı işi yerinə yetirdin? Allahı yada saldınmı? Onun həmdini və şükrünü yerinə yetirdinmi? Mömin qardaşının haqqını ödədinmi? Onun çətinliklərini həll etdinmi? Evdə olmayan zaman ailəsinə yetişdinmi? Öz namusundan, qeyrətindən istifadə etməklə başqalarının mömin qardaşına qarşı pis sözlər deməsinin qarşısını aldınmı? Bir müsəlmana belə kömək etdinmi? Axır bu keçən gündə nə etdin?» Sonra bütün əməllərini gözdən keçirsin. Əgər bir xeyir iş görübsə, Allaha şükr edib bu müvəffəqiyyətə görə ona təzim etsin, belə ki əməllərində hər hansı bir günaha və ya qüsura rast gələrsə, tövbə edərək Allahdan bağışlanmaq diləsin, bir daha günaha qayıtmayacağına söz verib Mühəmmədə və ailəsinə yenidən salam göndərmək vasitəsilə qəlbini paklayaraq günahının pasını yusun...”(“Biharül-ənvar”LXVII c/s-70; «Vəsailüş-şiə» XI c/s-379).

b) Mühasibə edərkən Allah əmrlərinə düzgün surətdə riayət edilib-edilməməsini bilmək üçün ilk olaraq vacib əməlləri yerinə yetirib haram buyurulmuş əməllərdən çəkinmək lazımdır. Sonra isə müstəhəb (bəyənilmiş) və xeyirxah əməllər yerinə yetirilsin.

v) Haqq-hesab qurtarandan sonra əgər müsbət bir hal müşahidə edilsə, Allaha şükr edib ondan daha çox müvəffəqiyyət əldə etməsini, yox əgər günah etmiş olduğunu başa düşərsə, Allahdan bağışlanmasını diləyib hədərə getmiş vaxtlarının yaxşı əməllər və xeyirxah işlər görməklə əvəzini versin. Beləliklə, bu əməllər vasitəsilə buraxdığı səhvləri düzəltsin. Allah-təala buyurur:

“....Həqiqətən, yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar...”(«Hud»-114).

“....Pisliyin qarşısını yaxşılıq etməklə alırlar...”(«Rəd»-22).

Yeddinci imam həzrəti-Musa ibn Cəfər(ə) buyurur: “Ey Hişam! Hər gün yaxşı işlər görüb onu artırmağa çalışmayan, günahlarından ötrü bağışlanmasını diləməyən və bir daha günaha qayıtmamaq üçün özünü mühasibə etməyən şəxs bizdən deyildir.”

Başqa bir hədisdə İmam Baqir(ə)-dən belə rəvayət olunur:

“....Pis əməllərdən sonra yaxşı əməllər görmək nə qədər də gözəldir?! Yaxşı əməllərdən sonra pis əməllər görmək isə nə qədər də çirkindir?!”

Nə üçün mühasibəyə əhəmiyyət vermirik?

1) Allahı unutmaq və özünə biganəlik

Şübhə yoxdur ki, bu mühüm mövzuya diqqət yetirməyin səbəbi Allahı unutmaqdır. Allahı unudan şəxs özünə qarşı biganə olar. Özünə qarşı biganə yanaşan şəxs isə həvayi-nəfsinə (ehtiras və şəhvətinə) tabe olar. Nəhayət, həvayi-nəfsinə tabe olan şəxs isə həqiqətlərdən uzaqlaşıb bir daha öz gələcəyi haqda düşünə bilməz.

Allah-təala «Quran»da buyurur:

“ Allahı unutduqları üçün Allahın da onları unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin. Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir!”(«Həşr»-19).

“....Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!”(«Kəhf»-28).

Hər halda həvayi-nəfslə Allahı xatırlamaq, nurla zülmət bir yerə sığmaz.

2) Lovğalıq və yersiz ümid

Mühasibəni tərketmə amillərdən biri də lovğalıq və yersiz ümiddir.

Həzrəti-Əli(ə) “İnfitar” surəsinin 6-cı ayəsini (“Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir?”) şərh edərkən qəflət yuxusuna dalmış insanları oyadaraq öz vəzifələrinə qarşı diqqətli olmaq üçün buyurur: “Bu lovğa insan cavabı çox əsassız və bağışlanmaq istərkən üzrü qəbul olunmayan bir məsuliyyət daşıyır. Buna baxmayaraq öz nadanlığında qalaraq lovğalıq və cahillikdən əl çəkmir...

....Ey insan! Niyə görə günah etməyə cürət edirsən? Allahın qarşısında nə lovğalanırsan? Səni həlak olmağa nə həvəsləndirir? Sənin bu xəstəliyinin əlacı yoxdurmu? Bu yuxudan oyanmayacaqsanmı? Niyə özgəsinə rəhm etdiyin kimi özünə rəhm etmirsən?...

....Sən ki birini qızmar günəş altda görərkən onun üzərinə kölgə salır, zəif bir xəstə görəndə onun halına acıyırsan, bəs niyə özünə bir gün ağlamırsan? Halbuki heç bir şey və heç bir kəs sənə canından əziz deyildir. Qəfil bəla qorxusu səni niyə bu yuxudan ayıltmır? Sən elə pis haldasan ki, Allaha itaət etməmək nəticəsində qəlbini qaraltmış, özünü onun qəzəbinə düçar etmisən!...

....Bu xəstəliyi özünə söz verməklə və möhkəm inamla müalicə et! Gözünü yummuş qəflət yuxusunu oyaq qalmaqla özündən qov! Allaha müti olub onu həmişə yad et.....

....Beləliklə, elə bir şeyi axtarmaqda ol ki, (üzrünün qəbul olunması üçün) onu bəhanə gətirib öz dəlilini ona istinad edə biləsən...Sakin olmayacağın dünyadan əbədilik və möhkəmlik azuqəsi toplayıb (axirət) səfəri üçün bir vasitə hazırla. Nicat qığılcımına göz dikib səfər azuqəsini öz miniyinə möhkəm bağla.”

Nəticə

Yuxarıda qeyd etdiyimiz ayə və rəvayətlərdən özü ilə mühasibə etməyin zəruriliyi aydın oldu. Qeyd etdik ki, hesabsız ömür sürməyin aqibəti əbədi bir ziyanla sona yetir. Həzrəti-İmam Hadi(ə) buyurur:

“Dünya elə bil bazardır. Kimi onda xeyir qazanır, kimi isə zərər.”

Deməli, insan nə qədər ki sağdır, özü ilə hesablaşmalıdır. Dünyadan köçəndən sonra bir daha dünyaya qayıtmaq və itirilmişləri bərpa etmək mümkün deyildir. “Qurani-Kərim”də buyurulur:

«Nəhayət, birinin ölümü çatdığı zaman o belə deyər: “Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə, (indiyə qədər) zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm!» Xeyr, bu, onun dediyi boş sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə vardır.”(«Möminun»-99,100).

baxılıb: 498 dəfə