Nəfsin islahı

Müraqibə (özünə nəzarət etmə)

Mürabitənin ikinci mərhələsi müraqibədir, yəni insan özü ilə şərtləşəndən sonra özünü bütün hallarda günahlardan qorumalı, səhlənkarlıq edib vədinə xilaf çıxmamalıdır.

 

Möminin bariz sifətlərindən biri də öz əhdinə vəfalı olmasıdır. «Quran»da buyurulur:

"O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayırlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər). («Muminun»-8)

Allahı yaddan çıxarmamaq, Onu bizə xatırladan əməl və zikrləri mütəmadi olaraq yerinə yetirmək, hər bir işi ilahi boya ilə rəngləyib Onun adı ilə başlamaq müraqibənin məzmunun təşkil edir. Məsələn, oturarkən bacardıqca üzü qibləyə oturaq, yatarkən üzü qibləyə sağ tərəfi üstə yataq və haram məclislərdən uzaqlaşaq. Xülasə, bir an belə olsun, Allahı yaddan çıxarmayaq. Çünki hər kim Allahı unudarsa, Allah da onu unudar:

“Onlar Allahı unutdular, Allah da onları unutdu." («Tövbə»-67)

Vay o şəxsin halına ki, Allah onu unudub özbaşına buraxa. Şübhəsiz, belə bir şəxs şeytanlara yem olacaqdır.

Kim Allahı unudarsa, sonda özünə düşmən kəsilib öz ali, insani keyfiyyətini əldən verər. Allah-təala «Quran»da buyurur: "Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin!" («Həşr»-19)

Deyirlər, Züleyxa Yusifi xəlvət yerdə görüb özünə tərəf dəvət edərkən birdən gözü otaqda olan bir bütə sataşdı. Dərhal qalxıb üzərinə bir pərdə atdı. Yusif ona dedi: "Sən cansız daşdan utandığın halda, mən necə (əzəmət və qüdrət sahibi olan) Allahımdan xəcalət çəkməyim?"

Buna görə də həmişə öz əməllərimizə fikir verib ehtiyatlı olmalıyıq, çünki müraqibə, ehtiyat insanı büdrəməkdən və uçurumdan qoruyur. Dünya işlərində diqqətli və ehtiyatlı olduğumuz kimi, axirət məsələlərində də diqqətli olub heç vaxt Allahı unutmayaq.

Bunu da bilməliyik ki, müraqibənin özünəməxsus dərəcələri vardır. Bu dərəcələr Allah yolçusunun mərifət və riyazət dərəcələrilə sıx bağlıdır. Birinci dərəcə təqvalıların, ondan yuxarı isə müqərriblərin (Allah dərgahına ən yaxın olanlar) müraqibəsidir.

İnsan riyazət, müraqibə və mücahidə etməklə (Allaha) yaxınlaşıb əzəmət Sahibinin gözəl cəlal və camalına qərq ola bilər. Orada isə məsələ bunun tam əksidir. Tanrı o məqamda bəndəsini özü qoruyur, belə ki Yusif barədə buyurur:

"Doğrudan da, (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyl edərdi..." («Yusif»-24)

O qadın (Züleyxa) eşq atəşinin alovunda yanıb Yusifdən rədd cavabı almasına baxmayaraq, yenə də ondan əl çəkmirdi və sevgilisinin vüsalına qovuşmaq üçün var qüvvəsilə çalışırdı. Əgər Allah-təalanın xüsusi mərhəməti və haqqın açıq-aydın dəlilləri Yusifi qorumasaydı, o da təbii olaraq Züleyxaya tərəf meyl edəcəkdi. Deməli, Allah əbədi camal və cəlalı göstərməklə öz müxlis (xalis, pak) bəndəsini Züleyxanın gözəl simasından döndərib onu uçurum və büdrəməkdən qorudu, hətta günahı təsəvvür etməyə belə onu qoymadı.

"Xoş o adamın halına ki, Həmişə Allahı nəzərə alıb öz günahlarından qorxur."

Müraqibə barədə həzrəti-Əli(ə)-nin buyurduğu kəlamlardan ikisini burada qeyd etməyi özümüzə borc bilirik: "Yaxşı olardı ki, insan özünə qiymət verib həmişə qəlbini və dilini qorusun."

Başqa bir yerdə isə ağıllı mömini belə vəsf edir:"... Bu gün sabahı fikirləşib həmişə bir neçə addım uzağı görən adam ağıllıdır..."

baxılıb: 441 dəfə