Nəfsin islahı

İnsan dünyanın quluna çevrilərkən...

Dünyaya qəlb bağlamaq və dünyanın aşiqi, vurğunu olmaq birdən-birə, yəni qəflətən baş vermir, bu bağlılıq tədriclə olur. Maddipərəstlik tədriclə, yəni yavaş-yavaş baş verən bir hərəkətdir.

Bu hərəkətin davamlılığı nəticəsində dünya (maddiyyat) həmin insan üçün hədəfə çevrilir. Axırda iş o yerə çatır ki, həmin insan dünyadan (maddiyyatdan) başqa heç bir şeyin firkini etmir. Maddiyyatdan başqa onu heç nə maraqlandırmır.

Məsum İmamlar (ə) hədislərində belə insanları “dünyanın qulu” adlandırmışlar.

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

 

فانّ النّاس عبيد الدينار ولا ينظرون إلى الفقير إلَّا بعين الاحتقار ولا يتوجّهون إلى كلامه

 

“Doğrudan da insanlar pulun (var-dövlətin) quludurlar. Belələri yoxsullara alçaldıcı gözlə baxır və yoxsulların sözlərinə etina etmirlər.”

Minhacul bəraə fi şərhi nəhcül bəlağə 21-ci cild 12-ci səhifə

 

Həmçinin imam Hüseyn əleyhissalam buyurur:

 

الناس عبيد الدنيا والدين لعق على ألسنتهم

يحوطونه ما درت معايشهم ، فإذا محصوا بالبلاء قل الديانون

 

"İnsanlar dünyanın quludur və dindən yalnız bir ad dillərindədir. Nə qədər ki, yaşayışları yaxşıdır, dinin ətrafına dolanırlar, amma acı bir hadisə ilə imtahana çəkildikdə dindarlar azalırlar".

Biharul ənvar 44-cü cild 383-cü səhifə

 

İnsanları dünyanın quluna çevirən amil onların hədəflərinin dünya (maddiyyat) olmasının nəticəsidir. Belə insanlar ağılın bəhrə və faydasından məhrum olmuş, nəfsani istəklərinin və həva-həvəslərinin əsirinə çevrilmişlər.

Odur ki, Qurani-kərim belə insanları “nəfislərini özlərinə allah seçən kəslər” adlandırır. Qurani-kərim 25-ci Furqan surəsinin 43-cü ayəsində, həmçinin 45-ci Casiyə surəsinin 23-cü ayəsində buyurur:

 

أَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَهَهُ هَوَاهُ

 

“(Ya Rəsulum!) Nəfsini özünə tanrı edəni gördünmü?!”

 

Yəni, dünyanı özünə hədəfə çevirmiş və maddiyyatdan başqa heç bir şeyin fikrini etməyən insanlar həqiqətdə öz nəfslərini özlərinə tanrı edən şəxslərdir.

Nəfsin istəkləri dünyaya (maddiyyata) həmin əlaqə və bağlılıqdır ki, güclənəndə insanın tanrısına çevrilir.

baxılıb: 645 dəfə