Nəfsin islahı

Ümidsizlik ən böyük əxlaqi uçurumdur

Ümidsizlik və məyusluq bütün günahlara bərabər olan bir günahdır.

İnsanı adətən ümidsizliyə düçar edən əsas səbəb onun etdiyi pisliklərin və günahların çoxluğudur. Çoxlu günahlar etmiş insan onun üçün ümid yerinin olmadığını və Allah Taalanın belə bir qarabəxtli günahkar bəndəsini heç vaxt bağışlamayacağını düşünür.

Məhz bu vaxtdır ki, Allah Taalanın rəhmindən məyusluq və ümidsizlik insanın bütün vücudunu əhatə edir, ona bütün çarə yollarını bağlı göstərir. Halbuki bu yanlış düşüncədir, çünki:

Allah Taala Qurani-kərimin 39-cu Zumər surəsinin 53-cü ayəsində buyurur:

 

قُلْ يَاعِبَادِىَ الَّذِينَ أَسْرَفُواْ عَلىَ أَنفُسِهِمْ لَا تَقْنَطُواْ مِن رَّحْمَةِ اللَّهِ  إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا  إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ

 

“(Ey Peyğəmbər! Mənim adımdan günahkar insanlara) De: Ey Mənim (günahlar etməklə) özülərinə zülm etməkdə həddini aşmış bəndələrim! Allahın rəhmindən məyus (və ümidsiz) olmayın, (ixlasla tövbə edilərsə) həqiqətən Allah bütün günahları bağışlayar, Çünki bağışlayan və rəhmli Odur.”

 

Allah Taaladan ümidini heç vaxt kəsmə.

İmam Zeynul Abidin əleyhissalam Kəbə evini təvaf edirdi, birdən gördü ki, məscidin bir küncünə insanlar toplaşmışlar, səbəbini soruşdu. Dedilər: -Ey Allahın peyğəmbərinin ovladı! Məhəmməd ibn Şəhab Zuhri dəli olub, ağlını itirib, dili tutulub, heç nə danışmır. Ailəsi onu Məkkəyə gətiriblər ki, bəlkə burada şəfa tapa. İbn Şəhab həmin an İmamı tanıdı.

İmam ondan niyə bu vəziyyətdə olduğunu soruşdu.

O isə İmama belə cavab verdi: - Mən şəhərlərin birinin başçısı olmuşam və günahsız insanın qanını axıtmışam, o günahım məni gördüyün bu vəziyyətə salıb.

Günahsız insanı öldürmək başçını belə bir hala salıb, batinindəki narahatşılıq və işkəncə onu runi xəstəyə çevirib, günahın ucbatından danışmaq cürətini əlindən alıb.

İmam Zeynul Abidin əleyhissalam onun ümidsizliyə qapıldığını və bağışlana biləcəyindən məyus olduğunu gördü. İmam onun bu ümidsizliyinə qarşı çıxaraq buyurdu: - Mən sənin günahsız adamın qanını tökməyindən daha çox sənin ümidsizliyə düçar olmağının günahından qorxuram.

Yəni, əgər günahsız insanın qanını axıtmaq səni bu hala salıbsa, bil ki, sənin Allahdan ümidsiz olmağın daha böyük günahdır və ümidsizlik günahının cəzası daha agır və daha çətindir.

Məlumdur ki, zamanın İmamının belə bir sözləri həmin adamın qəlbində necə bir tufan yaratdı. İmamın sözləri onu tamamilə dəyişdirdi. Bir anın içində onun qəlbində daşların arasından axmağa başlayan bulaq kimi yenidən ümid ruhu nurlanmağa başladı. Ümidsiz və məyus olan İbn Şəhab qısa bir hikmətli kəlam ilə müalicə olundu...

 

Allaha ümidsiz olmaq nə üçün pislənilir?!

Allah Taalanın rəhmindən ümidsiz və məyus olmaq böyük günahlardandır. Bu xüsusiyyətin pislənməsinə bu bəs edir ki:

1- Bu xüsusiyyət bütün fəzilətlərin və insani hisslərin başı, əsası sayılan Allah sevgisindən, Allahın məhəbbətindən insanı məhrum edir, çünki insan ümidvar olmadığını sevə bilməz.

 

2- Bu xüsusiyyət insanın itaət və ibadətinin qarşısını alır, çünki insanı hərəkətə gətirən xüsusilə də həmin hərəkətin sevinc və şövqlə olmasına səbəb olan əsas amil savab və mükafat qazanmağa olan ümiddir.

 

3- Bu xüsusiyyət tədriclə insanın qəlbindən Allaha inamı çıxarır və insanı kafirə çevirir, çünki öz günahını Allahın rəhmindən böyük təsəvvür edən insan küfrə sarı irəliləyir.

Odur ki, Allah Taala 12-ci Yusif surəsinin 87-ci ayəsində buyurur:

 

إِنَّهُ لَا يَاْيْسُ مِن رَّوْحِ اللَّهِ إِلَّا الْقَوْمُ الْكَافِرُونَ

 

“Allahın rəhmindən kafirlərdən başqa heç kim naümid (və məyus) olmaz.”

 

Allah Taalanın rəhminə ümidvar olun.

Əmirəlmöminin Əli əleyhissalam Allah Taala ilə münacatlarının birində buyurur:

“Günahlara baxanda günahlar çoxdur, halbuki Allahın rəhmi daha böyük və əzəmətlidir. Günahları çox olan insan öz yaxşı əməllərinə arxayın olmaz, əksinə gözünü Allahın rəhminə və əfvinə dikər, Onun lütfünü istəyər...”

Təbiidir ki, insanın nə qədər yaxşı əməli olsa belə Allaha layiqincə bəndəçilik etməyə gücü çatmaz. Deməli, bu, Allahın rəhmidir ki, bizim az əməllərimizi nəticəyə və məqsədimizə çatdırır.

 

Allaha təvəkkül etməyin əhəmiyyəti

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

“Mömin şəxsə dünya və axirət xeyiri yalnız o vaxt verilər ki, Allaha gözəl gümanlı və ümidvar olsun, insanlarla gözəl rəftar etsin və başqalarını incitməsin. Çünki Allah heç kimi tövbə etdiyi təqdirdə cəzalandırmaz, nə qədər ki, həmin şəxs Allaha bədgüman və ümidsiz olmayıb, insanlarla pis rəftar etməyib və möminlərin qeybətini etməyib. Allah Taala bəndəsinin Ona nisbət verdiyi gümana əsasən əməl edir, çüki O Kərimdir, bəndənin güman və ümidvarlıq hissinə qarşı çıxmağa həya edir.”

İrşadul qulub 1-ci cild Yəs babı

 

Sonda diqqət edilməlidir ki, Allah Taalanın rəhminə sırf ümidvar olmaq kifayət etmir, insan yaxşı əməlləri yerinə yetirmək və günahlardan çəkinmək üçün yetərincə çalışmalıdır.

Deməli, Allah Taalaya ümid etmək insanı yaxşı əməllərdən, itaət və ibadətlərdən yayındırmamalıdır.

baxılıb: 684 dəfə