Əxlaqi tərəqqinin yolları

Ovlanmış insanlar.

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: المؤمن في المسجد كالسمك في الماء والمنافق في المسجد كالطير في القفص “İmanlı insanın məsciddə olması balığın suda olması kimidir, amma münafiqin məsciddə olması quşun qəfəsdə olması kimidir.” Mədarikul urvə 14-cü cild 103-cü səhifə

Dünya həyatı qəribəliklərlə dolu olmaqla yanaşı, dərslər və ibrətlərlə də zəngindir.

Sizlərdən bəziləriniz nə vaxtsa balıq ovunda olmusunuz və bəziləriniz isə balıqçıların necə balıq ovladıqlarını görmüsünüz.

Balıq ovçusu balıqları iki üsulla ovlayır. Əgər balığı bir bir tutmaq istəyirsə qarmağdan istifadə edir, amma əgər toplum şəkildə balıqları tutmaq istəyirsə tordan istifadə edir.

Balıq ovçusunun balıq tutması hadisəsi hər bir insan üçün gözəl bir həyat dərsidir.

Baıqçı dənizdə, göldə və ya çayda balıq tutmaq istəyərkən tilovu suya atır, qarmağa balıqların xoşladıdı ət, ya qurd qoyur, qarmağı isə ətin içində gizlədir. Balıq əti yemək istədikdə ət ilə birlikdə qarmağı da udur, bu vaxt balıq çapalamağa başlayır və balıqçi isə qarmağa balıq keçdiyini başa düşür. Balıq əgər kiçik olarsa balıqçı bir dəfə güc verməklə onu yuxarı qaldırır və sahilə atır. Amma balıq böyük olduqda balıqçı ipi birdən çəkmir, bir az buraxır və yenidən özünə çəkir, sonra yenə bir az buraxır. Bu üsulla balığı yorub gücsüz edir, balığın taqətinin qalmadığını hiss etdikdə isə ipi dartaraq balığı sudan çıxarır.

Şeytan da belə edir. İnsanları iki üsul ilə ovlayır. Bəzilərini qarmağ ilə və bəzilərini tor ilə.

Qarmağa vəzifəpərəstlik, uzun arzular, haramdan varlanmaq, dünyaya hədsiz bağlılıq, ifrat sevgi və sair keçirərək insanlara tərəf atır. Balıq aldanaraq qarmağı udanda çapalayır və çalışır ki, qarmağı da özü ilə aparsın. Əgər insan suyun altında gözünü açsa görəcək ki, gah balıq özünü geri çəkir gah da balıqçı ipi dartaraq balığı irəli çəkir. Balıq ilə balıqçı arasında şiddətli mübarizə gedir.

Şeytan da insanı aldadaraq dünya eşqi, pul eşqi ilə qarmağa keçirtdikdə onu o tərəf bu tərəfə dartmaqla yorub əldən salır, sonra bir az buraxır. Çünki qorxur ki, insan tövbə etməklə o ipi qıra bilər. Bir az buraxdıqdan sonra onu yenidən özünə tərəf çəkir. Şeytan o qədər ehtiyatla insanın çəkib buraxır ki, insanın qəlbi və mənəviyyatı tamamilə ölür. Allahın zikrindən həmişəlik məhrum olur, insani hisslərdən, insanlara xidmət etməkdən, insanların xətalarına görə onlara güzəştə getməkdən, yaxşılıq etmək ləzzətindən əbədi olaraq məhrum olur.

Şeytanın əlinə keçmiş insanları şeytan sudan tutub ovlamış, onların qəlblərini və mənəviyyatlarını öldürmüşdür.

Balığın qəlbinin həyatı suda olduğu və o sudan çıxarıldığı təqdirdə öldüyü kimi, insanın da qəlbinin həyatı Allahın zikrindədir və o insan Allahı unudarsa deməli ölmüşdür. Onda döyünən qəlb həqiqi qəlb deyil, həmin insan zahirdə diri olsa da onun qəlbi ölüdür. Həqiqətdə qəlb, balığın suda olması kimidir, Allahın məhəbbət dənizinin balığıdır, Allahın zikr dənizinin balığıdır, İnsanlara Allah xatirinə yaxşılıq etmək dənizinin balığıdır.

Din həmin dənizdir, deməli insan nə qədər ki, dindədir balığın suda olması kimidir. Odur ki, sevimli Peyğəmbərimiz buyurur:

“İmanlı insanın məsciddə olması balığın suda olması kimidir”

Yəni, imanli insanın qəlbinin  Allahın zikrinə, Allahı xatırlamağa olan nisbəti balığın dənizə olan nisbəti kimidir.

Deməli, günahlara, zülmkarlıqlara, daşürəkliliyə, cinayətlərə, pisliklərə düçar olmuş insanlar əslində şeytanın qarmağı ilə ovlanmış, Allah Taalanın məhəbbət dənizindən çıxarılmış insanlardır.

baxılıb: 582 dəfə