Əxlaqi tərəqqinin yolları

Şeytanın vəsvəsəsi qarşısında özümüzü necə qoruyaq?!

İnsanın tərəqqisi yolunda və onun əxlaqi təkamülə çatması qarşısında ən böyük məneələrdən biri şeytanın vəsvəsəsidir. Şeytanın vəsvəsəsi insanı həm təkamül yolundan saxlayır, həm da Allah Taalaya itaətdən və Onun əmrlərini yerinə yetirməkdən saxlayır.

Qurani-Kərimdə Allah Təala buyurur ki, ilk insan olan həzrət Adəmin Cənnətdən çıxması və yüksək mənəvi məqamdan məhrum olmasına şeytanın vəsvəsəsi səbəb olmuşdur. Qurani-Kərimə əsasən şeytanın insana nüfuzu mərhələlər ilə baş verir. Şeytan əvvəlcə inasan uzaqdan vəsvəsə edir, sonra yavaş-yavaş insana əməlində şərik olur, sonra insana daha yaxın olur, sonra insanın dostuna çevrilir, daha sonra isə həmin insan şeytanın özünə çevrilir.

Elə isə özümüzü şeytanın vəsvəsələrindən necə qoruyaq?!

 

1. Müraqibət.

Müraqibət -özünü qorumaq kəlməsindən götürülüb. Müraqibətdən məqsəd budur ki, insan daima özünü nəzarətdə saxlamalıdır. Bütün əməl və hərəkətləri barədə düşünərək qərar verməlidir. Müraqibət əsasən iki mərhələdən ibarətdir.

 

a) Təqva və iman gücü toplamala.

 

b) Cismi qorumaqla.

Yəni gözünü qulağını ... nəzarətdə saxlamalıdır. Məsələn, qeybət edilən yerlərdə olmaqdan və peşəsi qeybət etmək olan insanlarla bir yerdə oturmaqdan çəkinsin.

İmam Muhəmməd Baqir əleyhissalam buyurur:

ليس منا من

لم يحاسب في كل يوم نفسه ، فإن عمل حسنا استزاد الله منه وحمد الله

عليه ، وإن عمل شيئا استغفر الله منه وتاب إليه

“Hər gün özü-özünə hesabat verməyən insan bizdən deyil. Belə ki, əgər yaxşı işlər edibsə Allahdan o işləri daha çox etmək üçün müvəffəqiyyət istəsin və Allaha həmd etsin. Amma əgər pis işlər edibsə Allah Taaladan bağışlanmasını istəsin və tövbə etsin. ”

Mişkatul əvvar fi ğurəril əxbar 138-ci səhifə.

 

2. İnsanda vəsvəsəyə qarşı münasib əks təsir olmalıdır.

Yəni hər bir halda haqqı sübut etməyə elmi, gücü və sübütu olmalıdır.

Qurani-Kərim Bəqərə surəsinin 111-ci ayəsində buyurur:

قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ

 “(Ey Peyğəmbər! Onlara) de! Əgər düz deyirsinizsə dəlilinizi gətirin.”

 

 Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

“ İblis və onun qoşunu sənin yanına gəlib sənə “övladın öldü” desələr, sən onlara de “yaşayış ölmək üçündür.”

Sənə “mal-dövlətin aradan getdi” desələr, sən onlara de “mal-dövləti verən də Allahdır, alan da.”

Sənə “camaat gör necə sənə zülm edirlər” desələr, sən onlara de “mənim öz zülmüm daha çoxdur.”

Sənə “nə çox yaxşılıq edirsən?!” desələr, sən onlara de “Mənim günahlarım daha çoxdur.”

Sənə “nə qədər namaz qılırsan?!” desələr, sən onlara de “mənim qəflətim daha böyükdür.”

Sənə “nə çox ehsan verirsən” desələr, sən onlara de “mənim başqalarının ehsanından yeməyim daha çoxdur.”

Yəni insanın içində daim əks təsir olsun.

 

3. İstiazə  -yəni şeytanın şərrindən Allah Taalaya sığınmaq, Allah Taalaya pənah aparmaq. İstiazənin ən məşhur cümləsi “Əuzu billəhi minəş-şeytanir racim” sözüdür.

Qurani-Kərim Nəhl surəsinin 98-ci ayəsində buyurur:

فَإِذَا قَرَأْتَ الْقُرْآَنَ فَاسْتَعِذْ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ

“Quran oxuyarkən qovulmuş şeytandan Allaha pənah apar.”

 

4.Mənəvi silahlanma.

Hədislərdə bəzi şeylər mənəvi silahlanma mənasında qeyd edilmişdir.

a) Oruc tutmaq insandan vəsvəsəni uzaqlaşdırır.

Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:  

“Oruc tutmaq şeytanın üzünü qaraldır və cəhənnəm oduna qarşı qalxandır.”

 Oruc tutmaq çox əhəmiyyətlidir, belə ki, insandan vəsvəsəni uzaqlaşdırmaqla yanaşı insanın iradəsini möhkəmləndirir. İradənin özündən çox şey aslıdır, həyatda hər şey insanın iradəsiylə bağlıdır. Deməli, güc Allahdandır, iradə isə bizdəndir.

 

b) Sədəqə vermək.

Sədəqə bəlanı götürdüyü kimi insandan vəsvəsəni də uzaqlaşdırır.

 

c) Təvəlla.

Yəni Allah Taalanın dostlarını sevmək. Allah Taalanı sevən insanları sevmək lazımdır.

 

ç) Saleh (yaxşı) əməl etməyə kömək etmək. Bir var insan özü saleh əməl edir, bir də var harada saleh iş görürlərsə insan gedib onlara kömək edir.

 

d)  İstiğfar, yəni Allah Taaladan bağışlanmaq istəmək. İnsan gərək daima istiğfar edə.

 

5.Şeytanın hiylə və tələləri ilə tanış olmaq.

Şeytanın bir çox hiylələri vardır, o cümlədən:

 

a) Dünya ilə dostluq.

Allah Taala Qurani-Kərimdə Bəqərə surəsinin 29-cu ayəsində buyurur:

هُوَ الَّذِي خَلَقَ لَكُمْ مَا فِي الْأَرْضِ جَمِيعًا

“Yer üzündə olan şeylərin hamısını sizin üçün yaradan Odur.”

Yəni yer üzündə Allah Taalanın yaratdıqlarının hamısı insan üçündür və insan onlardan faydalanmalıdır. Dünya ilə dostluqdan çəkinməkdən məqsəd dünya nemətindən məhrum olmaqdan getmir, məqsəd budur ki, insan dünya nemətlərinin vurğunu olmasın, yoxsa yolunu azacaq və şeytanın tələsinə düşəcəkdir. Balıqçı balığı qurdla aldadıb ovladığı kimi Şeytan da insanı dünya ilə aldadaraq ovlamağa çalışır.

 

b) Qəzəb.

Hədislərə əsasən, qəzəblənmək şeytanın qoşunudur.

Alimlər deyiblər ki, qəzəblənən insan ilk növbədə bir həftə özünə hesabat versin. Yəni bir həftə ərzində harada, kimin sözüylə və  hansı hərəkətilə qəzəbləndiyini bir kağıza yazsın. Bir həftədən sonra baxsın, görsün ki, harada və niyə qəzəblənib. Sonra nələrə görə qəzəblənirsə o şeylərə görə özünü cəzalandırsın. Ən vacib məsələ budur ki, gərək insanlardan hər bir hərəkəti gözləyəsən. Çünki qəzəb təəccübdən və heyrətdən irəli gəlir.

 

c) Naməhrəm.

Hədislərdə gəlmişdir ki, naməhrəmlər şeytanın hiylə vasitələridirlər. Bu səbəbdən də naməhrəmlərlə davranışda son dərəcə ehtiyatlı olmaq lazımdır.

 

ç) Həva-həvəs (nəfsi istəklər).

Hər bir insan bilməlidir ki, nəfsinin istəkləri onu məhvə doğru aparır. Bəzən insan bir məsələ qarşısında fikirləşir ki, görəsən bu iş Allah istəyən işdir, yoxsa şeytani və nəfsi istəkdir. Bu zaman insan gərək həmin işi Allah Taalanın göstərişləri və şəriəti ilə uzlaşdırsın. O iş əgər Allah Taalanın şəriətinə uyğundursa o işi etsin, əks halda o işi etmək olmaz.

 

6. Bir sıra müstəhəb əməllər var ki, hədislərdə sevimli Peyğəmbərimiz(s) və onun Əhli-beyti(ə) tərəfdən tövsiyə olunub.

 

a) Həmişə dəstəmazlı olmaq.

Həmişə dəstəmazlı olmağın insanın vəsvəsədən uzaqlaşmasına çox böyük faydası vardır.

 

b) Həvqələ zikiri.

Yəni “lə həvlə və lə quvvətə illəh billəhi əliyyul əzim” (Uca və əzəmətli Allahdan başqa heç kimdə güc və qüvvət yoxdur).  Bu zikr insandan vəsvəsəni götürən bir zikrdir.

 

c) Qurani-Kərimi oxumaq.

 

7. Bekarçılıq və tənhalıqdan uzaq olmaq.

Bekar və tənha olan insana şeytan çox asanlıqla nüfuz edə bilir. Odur ki,İslam şəriətinə əsasən, tək halda yemək yeməy, tək  səfərə çıxmaq , tək yatmaq və s. bəyənilməyən, yəni məkruh əməllərdəndirlər.

 

8. Zehni daha böyük işlərə sərf etmək.

Yəni xırda və cüzi işlərdən uzaq olmaq. Çünki insan böyük işlərin fikrində olarsa şeytanın onu kiçik işlərlə vəsvəsə etməsi çətin olur.

 

9. Allah Taala  və qiyamət barədə mütaliə və təfəkkür.

Şeytanın vəsvəsəsindən uzaq olmaq və daima mənəvi tərəqqiyə doğru hərəkət etmək üçün hər bir insan Allah Taala barəsində, həmçinin Qiyamət, Məad... barədə həm mütaliə eləməlidir, həm də fikirləşməlidir.

 

10. Qəbirləri ziyarət etmək və ölüm barədə düşünmək.

 

11. Dini mərasimlərdə, moizə məclislərində, xüsusilə Məsumların şənində qurulan şəhadət və təvəllüd məclislərində iştirak etmək.

 

12. Hüzuri qəlb ilə namaz qılmaq.

Yəni xüzu və xuşu halında namaz və ibadət etmək. Xüzu cismin təvazökarlığı, başqa sözlə cismin Allah Taalanın qarşısında olmasını hiss etməsidir.

Amma xuşu isə qəlbin təvazökarlığı, yəni qəlbin Allah Taala qarşısında olmasını hiss etməsidir.

Ariflər hüzuri-qəlbli olmağı xəttatlığa bənzədiblər ki, insan dərsə gedən kimi gözəl xətlə yazı yaza bilməz. Bunun üçün müəyyən zaman lazımdır ki, hər gün təkrar-təkrar yazsın və sonunda hüsnü xətti öyrənsin.

Eləcə də insanın namaz qılmağa başladığı gündən onun hüzuri-qəlb ilə namaz qılması mümkün olan şey deyil. Bu hal insanda yavaş-yavaş, yəni tədriclə yaranır. Bundan ötrü hər bir insan gərək namazın sözlərini öyrənsin, mənalarını bilsin, təfsirini başa düşsün, rükunun, səcdənin və sair hərəkətlərin hikmətlərini, səbəbləriniini bilsin. Həmçinin özünü Allah Taala qarşısında yavaş-yavaş hiss etdirə bilsin.

Kamal mərhələsi budur ki, insan o səviyyəyə çatır ki, namaz qılanda Allah Taaladan başqa heç kəs və heç nə bunun fikrinə gəlmir. Hədislərdə gəlmişdir ki, “ Əmirəlmöminin Əli əleyhissalam döyüşlərin birində yaralanmışdı, ayağına ox girmişdi çıxara bilmirdilər. Sevimli Peyğəmbərimiz həzrət Muhəmmədə -səllAllahu əleyhi və alih-  dedilər ki, Əli əleyhissalamın ayağından oxu çıxarmaq lazımdır. Sevimli Peyğəmbərimiz(s) dərhal Əli əleyhissalamı cağırıb buyurdu ki, təyəmmüm et və iki rəkət namaz qıl. Əli əleyhissalam təyəmmüm edib namaza durdu, “Bismilləhir Rahmənir Rahim” deyib başlayan kimi, sevimli Peyğəmbərimiz(s) göstəriş verdi ki, o həzrətin ayağından oxu çıxarın. Əli əleyhissalam namaz qıldığı halda səhabələr oxu çıxarıb ayağını sarıdılar.”

Həmçinin İmam Zeynul Abidin əleyhissalam barədə nəql edirlər ki, “Namaz vaxtı səcdədən qalxanda İmam Zeynul Abidin əleyhissalamın əbası yerə düşdü. Namazdan sonra dedik ki, ya İmam, əbayla namaz qılmağın savabı çoxdur niyə əbanı çiyninizə atmadınız?! İmam(ə) buyurdu: -heç bilirsizmi namazın qəbul olan yeri harasıdır?! Deyildi ki, ey Peyğəmbərin övladı, namazın qəbul olan yeri harasıdır?

İmam Zeynul Abidin əleyhissalam buyurdu: -namazın qəbul olan yeri o yeridir ki, sənin öz ətrafından xəbərin olmasın...”

Ayətullah Behçətə (r) dedilər ki, ağa, bizim əxlaqa yiyələnməyimiz, həmçinin tərbiyəli və təqvalı olmağımız üçün hansı kitabları oxumağı bizə məsləhət görürsünüz? Ayətullah Behcət (r) onların cavabında dedi: -heç bir kitab oxumaq lazım deyil,yalnız bu bir kəlməni bilsəniz kifayətdir “Allah səni görür”.

Qurani-Kərim Ələq surəsinin 14-cü ayəsində buyurur:

الم يعلم بان الله يري

“İnsan məgər bilmirmi ki,  Allah onu görür.”

baxılıb: 1665 dəfə