Əxlaqi tərəqqinin yolları

ŞÖHRƏT HAQQINDA

Dünyada vəziyyəti və məişəti yaxşılaşdırmaq şöhrət üçün, eləcə də başqalarının bizim haqqımızda yaxşı fikirdə olması üçündür. Bu səbəbdəndir ki, bir çoxları bir-birinin haqqında yaxşılıq və ehtiram qaydalarını gözlədiyinə baxmayaraq, bu sifət həddindən aşsa, insanın düşgünlüyünə səbəb olar və gözəl əxlaq tədricən korlanar, öz işləri və əməllərində həmişə təşvişdə olar. Çəkinmək və habelə şöhrət düşgünü olmaq nəhayət peşimançılığa səbəb olar; etidal dərəcəsini gözləmək isə insanı öz mətləbinə çatdırar.

Tutaq ki, istedadlı adamların fikri haqqımızda yaxşıdır. Lakin müxtəlif rəylərə möhtac olan bir iş haqqındakı fikrin nə davamı ola bilər? Bir nəfəri iftira və uydurması onu poza bilər. Madam ki, hər kəsin bir cür rəyi vardır və şeylərin keyfiyyətini hər kəs bir cür mülahizə edir və özünün biliyinə, düşüncəsinə görə bu keyfiyyətə inanır, çox ola bilsin ki, bir nəfər öz nadanlığı üzündən birisini tərif etmək əvəzinə pislər və başqalarının nəzərində çox pis, nöqsanlı olan sifətləri, özü bəyəndiyi üçün, özlərinə nisbət verər; lakin həmin bu sifətlər başqalarının nəzərində çox pis və nöqsanlı sayılar. Başıaşağılığa səbəb olan və ağıllılar yanında bəyənilməyən rəylərdən çəkinmək lazımdır. Belə olduqda, insan şöhrət qeydinə qalmayaraq, öz insanlığının tələbi üzrə iş görməlidir. Bir para adamların yanında mərdümazarlıq zirəklik, pislik etmək fərasət, hiylə işlətmək məharət hesab olunur; bir paraları da, ola bilsin ki, belə adamlar irad tutmasın deyə, onların töhmətinin qorxusundan yaxşı iş görməkdən vaz keçər. Lakin abırı, yaxşılığı şöhrətdən üstün tutan şəxsin yamanlığına danışanların tənəsindən qorxusu olmaz, bəlkə də yaman danışanlar onun paxıllığını çəkərlər. O, pisliyinə danışan adamdan iki cəhətdən xoşhal olar: əgər o, qabil adam deyilsə, onun özünə tay olmadığını bildiyindən, əgər qabilsə öz nöqsanından xəbər tutub, onu islaha çalışacağından şad olar. Pis danışanların sözlərinə çox da fikir vermək yaramaz. Hamıya məlumdur ki, insan pis danışanların tənəsindən can qurtara bilməz çünki onlar, heç olmazsa, bu və ya başqa bir işə irad tutacaqlar; bəlkə də, yaxşıya yaman deyəcəklər. Məlumdur ki, ən ağıllı hesab edilən peyğəmbəri də bəzən ağılsız hesab etmişlər.

Bir çoxları hikmətə bağlı və hər bir halda məsləhətə müvafiq olan hadisələri və aləmin intizamını öz rəylərinə düz gəlmədikdə bəyənmir. Mümkün etsələr, hətta allahın özünü belə məlamət edər və ona irad tutarlar. Beləliklə, camaatın rədd və ya qəbulu insanı öz işindən geri qoymamalıdır. Bununla belə xalqın məlum rəftar və hərəkətinin, adət və ənənələrinin mümkün qədər ziddinə olmamağa çalışmaq lazımdır. Çünki hər şey xalqın adət ənənələrinə zidd olduqda xalq ondan çəkinər və xeyirli iş görməyə bacarığı olmaz...

Dəfələrlə təcrübədən keçmişdir ki, şöhrətpərəstlərin tərəqqi etməsi çətindir. Çünki insanın özü qürrə səbəbindən işdən qalar və başqaları paxıllıq və ya başqa qərəzlər üzündən ona mane olmaq istərlər. Belə olduqda, insan öz fəzilətini başqalarının paxıllığına səbəb olacaq dərəcədə göstərməməlidir və ya mübahisə və işlərin təhqiqi zamanı birisini o dərəcədə rüsvay etməməlidir ki, onun nadanlığı oradakıların hamısına məlum olsun. Bu hal ona ağır gəldiyindən kininə səbəb olar və onda ədavət doğurar. Bir çoxları danışıqda qalib gəlməyi özlərinə fəxr bilir və buna nail olmaq üçün səy göstərirlər. Daha maraqlısı budur ki, bir çoxları ictimai və təbii elmlərdən tamam-kamal xəbərsiz olduqları halda, məclislərdə öz fəzilətini nişan vermək üçün qəribə bir söz deməyə və ya anlaşılmaz sözlərlə mübahisə açmağa fürsət axtararlar. Çox zaman birisi özünü məlumatlı göstərmək üçün özündən çox bilikli adamla mübahisəyə girişər və bununla özünün nadanlığını büruzə verər.

Abbasqulu Ağa Bakıxanov "Təhzibi-əxlaq" (əxlaqın saflaşdırılması) əsərindən

baxılıb: 29 dəfə