Əxlaqi tərəqqinin yolları

ADƏTƏ BAĞLILIQ HAQQINDA

Avam adamların idrak və mərifətlərinin yüksək dərəcəsi təqliddir. Onlar heç bir halda təqliddən kənara çıxmağa qadir deyillər. Etdikləri hər cür təhqiqat və təfəkkür zirəklikdən deyil, adət üzündəndir. Məsələn, bir ölkənin əhalisi və məmləkət və millətinin qayda-qanunu və yaşayış yollarını bəyənir, başqa məmləkətin əhalisi isə özü üçün bambaşqa adət və qanun seçdiyindən, onu bu səbəbə görə töhmətləndirirlər. Qəribə burasıdır ki, hər iki tayfa haqlı olduğunu iddia edərək öz adətləri ilə fəxr edir.

Bir çox işlər bir tayfanın yanında yaxşı hesab olunur. Məsələn, itə, pişiyə və başqa heyvanlara sitayiş edənlər allahın birliyinə inanan adamı kafir və yanlış yolda hesab edirlər. Dəlil və sübutlara diqqət etmələrinə baxmayaraq, öz nöqsanlarını bilməzlər, Bunların hamısı göstərir ki, adamların işləri təhqiq və tədqiq deyil təqlid və təsdiq etməkdən ibarətdir. Onların dəlilləri, təhqiq etmək işi də adətə uyğun olan təsəvvürlərdir.

Sənai deyir:

/*«Öküzü allah bilib ona inanırlar,

Amma Nuhun peyğəmbərliyinə inanmırlar.»*/

Deyirlər, Sokrat vəfat etdiyi zaman demişdir ki, xalqın etimadı elmədir, mənimki isə cəhlə. Bəli, adamın cəhalətinə qəti dəlil onun elmə inanmağıdır. Tarix kitablarının müəllifləri müxtəlif tayfaların zülm və qəbahətli işlərindən çox şeylər yazmışlar və onları fəxrlə təqdim edərək, onun əksinə getməyi ar bilmişlər. İndi isə biz təəccüb edirik ki, insanlar necə olmuş ki, bu işlərin pisliyindən vaxtında xəbər tutmamışlar? Bizim əsrimizin özündə belə İranda adət olan şey Avropada qəbahət hesab edilir. Avropa qitəsində bəyənilən iş isə ərəb ölkələrində bəyənilmir. Hətta bir ölkənin özündə də almanları ingilislər bəyənmirlər və ispaniyalıların adətini fransızlar qəbul etmirlər. Hələ avam camaat kənarda dursun, kamal sahibləri də təqliddən əl çəkə bilmirlər. Zahidliyə əsir olan şəriət başçıları, vacib şeylərdən başqa, ehtiyatla hərəkət edib, heç bir şeyin puçluğunu qəbul etmirlər.

Müəllif deyir:

/*«Bir çox bilikli adamların düşüncələri, öz fəzilətlərinə baxmayaraq, bu işdə avamlarınkından da qüsurludur».*/

Məgər qədim alimlər insan üçün havada uçmağın mümkün olacağına inanardılar?

Halbuki, biz buxar qüvvəsi ilə havaya qalxanları görürük. Kim bilir, bundan sonra dunyada nə kimi kəşflər olacaqdır. Nücum elmini inkar edənlər Yer kürəsinə ən yaxın cisim olan Ayın təsiratına inanmırlar. Onlar deyirlər ki, bir səma cismi ki, Yer kürəsindən əlli bir min üç yüz əlli üç millik məsafədə ola, bizə nə təsir edə bilər? Halbuki, Buştenin

[8] sübutları ilə məlum olmuşdur ki, bitkilərin bitməsindəki gecikmə və sürət Ayın tam (bədr) halında olması və ya naqisliyi ilə bağlıdır. Dənizin mədd və cəzri [9] də ayla əlaqədardır. Qadın tayfasının damarlarında qan axınının əmələ gəlməsinin də səbəbi aydır.[10]

Bu qayda ilə hər şeyin təbiətində bir keyfiyyəti və hər işin bir xasiyyəti vardır ki, onu işlərə sərəncam verən dünyanın bərqərar olması üçün müəyyən etmiş və onun hikmətini puç xəyalətdən və pozucu düşüncələrdən gizlətmişdir. Lakin dünyada olan şeylərin hamısı yaranmışların ən şərafətlisi olan insan üçün yaradılmışdır. Ona istəyinə yetmək üçün elm və bilik vasitəsilə bu örtülü sirlərdən mümkün qədər xəbərdar olmaq bacarığı vermişdir. Bunu hamı bilir. Lakin düşünüb tapanlar, elm və əməlin faydalarını əldə edənlər çox azdır.

Bizim biliklərimizin çox nöqsanlı olduğunu və həvavü-həvəsimizin həddini aşdığını bildikdən sonra, insan gərək öz bilik və etiqadına tam arxayın olmasın, işin dal-qabağını dərin düşünmədən ona əl atmasın; əqli təhqiqatlarını dünyanın böyük adamlarının və xalqların görkəmli alimlərinin rəyləri ilə tətbiq etsin və ümumun faydasına olan işi qəbul etməkdən utanmasın. İndi ki, bizim heç bir işimiz təqlidsiz deyildir, heç olmazsa, pisliyə və zərərə səbəb olan əmək deyil, ümumun faydasına səbəb olan iş təqlid edilsin.

Naməlum bir şair demişdir:

/*«Allahı seçə bilən gözün yoxsa,

Barı öküzpərəst olmayıb, günəşpərəst ol!»*/

Abbasqulu Ağa Bakıxanov "Təhzibi-əxlaq" əxlaqın saflaşdırılması) əsərindən

baxılıb: 29 dəfə