Əxlaqi tərəqqinin yolları

RAHATLIQ ƏLDƏ ETMƏK HAQQINDA

Hər kəsin gördüyü işdən gözlədiyi--sağlamlıq və rahatlıqdır. Lakin xalqın bilik və ənənəsi nöqsansız olmadığı üçün bir çoxları rahatlığın nə olduğunu və onun hansı vasitələrlə əldə edilə biləcəyini bilmir. Rahatlıq özlüyündə yaxşılıqdan ayrı deyildir. Çünki bu iki sifəti ələ gətirməyə çalışan şəxsə əxlaq gözəlliyi üçün sağlam təb, şeylərin həqiqətindən xəbərdar olmaq üçün ağıl və bilik, ifrat və təfriti aradan qaldırmaq üçün ədalət, maneələri rədd etmək üçün isə himmət və iradə lazımdır.

Rahatlıq haldadır, malda, dövlətdə və rütbədə deyildir. Əgər rahatlıq rütbədə olsaydı, gərək hamıdan artıq böyüklərdə olaydı. Halbuki rütbə və malın artması ilə zəhmət və ehtiyac da artır.

Rahatlıq insanın öz halından razı olmasından ibarət olduğu üçün, hər kəs hər hansı bir mənsəbdə və ya peşədə olur-olsun rahatlığı əldə edə bilər. Mümkündür ki, bir kəndli bağında əhli-əyalı ilə şadlığa məşğul olsun. Bu onun üçün rahatlıqdır. Padşah isə məmləkətində ixtişaş olduğu üçün haman saatda dərd çəksin. Şadlıq müxtəlif hallarda təsəvvür oluna bilər. Məsələn, elə ola bilər ki, xəstə üçün xəstəlik zamanında, fəqir üçün əliboş olduğu vaxtda və məhbus üçün zindanda yatdığı zaman şadlıq üz versin. Bu şadlıq onlar üçün rahatlıqdır.

Müəllif deyir:

/*«Ürəyim bənddə də olsa, bu halından narahat deyildir.

Xoş halına o əsirin ki, əsirliyindən şaddır».*/

Rahatlığın yüksək dərəcəsi etidaldır. Belə ki, maddi çətinlik ixtişaş, pərişanlıq və məyusluğa səbəb olduğu kimi, təmtəraq da ehtiyaca və kədərə səbəb olur. Lakin biz qafil olduğumuzdan asayişi dövlət və həşəmətin çoxluğunda görürük. Onun əldə edilməsi üçün lazım olan çətinlik və ehtiyaclardan xəbərsizik.

Müəllif deyir:

/*«Şadlıq əldə etmək səbəblərinin fikrini etmək tükənməz bir qəmdir. Bu dairədən uzaq olan ürək şaddır».*/

Xülasə, adam gərək elə etməsin ki, öz tayları ona qibtə etsin, eyni zamanda özünü o yerə yetirməsin ki, onların nəzərində xar olsun. Hər bir böyük və kiçik iş üçün orta bir hədd vardır ki, bütün hallarda bəyənilən və rahatlıq axtaranlar üçün zəruridir. Rahatlığa lazım olan şərtlərin başlıcası qəlbin sakitliyidir ki, dünyada baş verən hadisələr onu iztiraba salmasın. Doğrudan da, rahatlıq qazanmış adamı nə kimi hadisə iztiraba sala bilər? Biz həmişə özümüzdən yüksək adama baxaraq onun zahirini düşünüb özümüzü bədbəxt hesab edirik. Bu doğru deyildir. Bu hərəkətdən vaz keçməliyik və özümüzdən aşağı olanlara baxmalıyıq. Öz həmcinslərimiz arasında özümüzdən fəqir və bədbəxtlərə çox rast gələ bilərik. Belə olduqda şikayət deyil, şükr və şadlıq etməliyik. Özümüzün həqiqətən bədbəxt olub-olmadığımızı düşünməli və bu bədbəxtliyə özümüzün, ya başqasının səbəb olub-olmadığını aramalıyıq. Madam ki, dünyada hər vəziyyətdə müdara etmək mümkündür, nə üçün etməyək və nə üçün işi lazımi qaydada görməyək. Halbuki, dünyada həqiqi bədbəxtlik yoxdur, bu adi təsadüfdür. Arzumuz əhval və vəziyyətimizə uyğun gəlmədikdə isə bədbəxtlik deyirik. Həqiqi bədbəxtlik odur ki, adam müsibətə tab gətirməyərək özünə təsəlli yolu tapa bilməsin. Bizə üz verən hər cür müsibətin iki səbəbi ola bilər. Yəni ya özümüz, ya başqası ona səbəbdir. Özümüz səbəb olmuşuqsa, başqalarından deyil, özümüzdən şikayət etməliyik. Özümüz səbəb deyiliksə, onda ola bilsin ki, onun nəticəsi xeyirdir. Çox zaman böyük bir xeyirdən ötrü insana kiçik zərər toxunur və bu zərərin ona məsləhət olub-olmadığını heç özü də bilmir.

Müəllif deyir:

/*«Çox vaxt olur ki, pis hesab edilən işlərdən yaxşılıq doğur. Yoxsa Azər nəslindən bütləri qıran necə çıxa bilərdi?!»*/[7]

İnsaf gözü ilə baxsaq, görərik ki, sənə üz verən müsibətdən daha pisi vardır. Sənin üçün çox pis keçən gün, mümkündür, azı yüz min nəfər üçün daha pis keçsin. Əgər onlar sənin vəziyyətində olmuş olsaydılar özlərini xoşbəxt sayardılar. Əgər bir azacıq səbr etsən, halın təğyir tapar, çox çətin işlər, şübhəsiz, asanlaşar, müsibətlə, yaxud işrətlə keçən gündən yalnız xəyal qalar. Lakin fərq burasındadır ki, şadlıq gününü yada salmaqdan təəssüf və küdurət doğar, müsibət gününün keçməsindən şadlıq hasil olar.

Maraqlı burasıdır ki, bəzi adamlar aləmdə baş verən hadisələrin çoxunu özünə nisbət verərək, deyirlər ki:--«Görürsənmi mənim  bəxtimdəndir; gəmiyə minən kimi tufan

qopdu və ya filan hadisə üz verdi. Bunların hamısı taleyimin müsaid olmadığındandır, zəmanə mənimlə saz deyil». Bu olduqca yanlış fikirdir. Biçarə düşünmür ki, o nəçidir və onun vücudunun nə qiyməti var ki, onun səbəbindən aləmin dövranında bu cür ixtilaflar  əmələ  gəlsin. Bu ümumtəbiətin  tələbindən əmələ  gəlir, onun  o arada olub-olmamasının əhəmiyyəti yoxdur.

Naməlum bir şair deyir:

/*«Dəryanın özünə görə dalğalanması vardır.

Çör-çöp elə bilir ki, dəniz onunla çəkişir».*/

Rahatlıq istəyən adam gərək öhdəsinə düşən lazımi vəsaiti sahmana salmağa səy etdikdən sonra, işlərinin nəticəsini allahın hikmətinə həvalə etsin və pozğunluqdan, möhnətdən başqa faydası olmayan intizar və iztirabdan saqınsın. Gəmi dənizdə zədələndikdə içində olanların hamısı qorxuya düşür. Çox zaman iztirablı adam özünü itirib xilas olmaq üçün çarə tapmaz və ya qorxudan vaxtından əvvəl özünü ölümə verər.

Müəllif deyir:

/*«Aşiqin səbirli olması yaxşıdır çünki,

Tutulmuş quş çapaladıqca, tora daha da möhkəm bənd olar».*/

Lakin sağlam adam özünü itirməyərək, bir taxta parçasından yapışıb, özünü dənizin gurultulu dalğaları içərisinə atar, bəlkə də xilas olar, xilas olmasa da, qorxu va peşmançılıq nəyə lazımdır. Ölüm adi bir işdir.

Müəllif deyir:

/*«Canandan canıma gələn həyat və ya ölüm qəbulumdur,

Bunların hər biri öz yerində yaxşı nemətdir».*/

Daha qorxmaq nəyə lazımdır?! Ölüm--yaxşılıq etmiş adamı bu dünyanın əzabından xilas edib, daha yaxşı yerə aparar, pis iş görən adamı isə ömrünün sonrakı müddətində pis əməllər etməkdən xilas edər.

Amma diri ikən ölüm axtarmaq, ölüm ayağında həyat axtarmaq sağlam düşüncə və qanunun əksinədir və bu, iztirab əlamətidir.

Müəllif deyir:

/*«İztirab faydasız cəhd etməyə səbəb olur,

İş öz qaydası ilə gedəcəkdir...»*/

Abbasqulu Ağa Bakıxanov "Təhzibi-əxlaq" (əxlaqın saflaşdırılması) əsərindən

baxılıb: 27 dəfə