Əxlaqi tərəqqinin yolları

YAXŞILIĞIN FƏZİLƏTİ HAQQINDA

Aləmin hərəkət dairəsi səbəblərin varlığından asılı olduğu üçün, hər bir cüzün özünəməxsus xasiyyəti vardır və hər bir xasiyyət də bir xeyirli iş üçündür. Əgər iş məsləhətə müvafiq olsa, bu işin nəticəsi də xeyirli olar. Deməli, aləmdə olan hər şey xeyir üçün yaradılmışdır, həqiqətdə şərin vücudu yoxdur. Şər hiss olunarsa, o da xeyir üçündür. Aydındır ki, böyük xeyir xatirinə cüzi şərə yol vermək özü məsləhətli və xeyirlidir. Necə ki, ilan vurmuş barmağın kəsilməsi bütün bədəni qorumaq üçün zəruridir.

Mövləvi deyir:

/*«Dünyada mütləq pislik yoxdur;

Bil ki, pislik da nisbidir».*/

Aləmin bütün cüzlərində, vacibəl-vücudun (allahın--M. S.) zatından başqa həqiqi təsiredici bir qüvvə yoxdursa da, insana hər bir işi görmək üçün ixtiyar və bacarıq verilmişdir. İnsan bir işi görməklə savab və ya günah qazana bilər. Belə ki, nütfəyə aləmin nizamına uyğun olaraq mayalanmaq və uşaqlıq kisəsinə bəsləmək qüvvəsi vermiş, balanın qidası üçün heyz qanını müəyyən etmişdir. Vəda başa çatdıqda onun dünyaya gəlməsi üçün şərait yaratmışdır. Bunların hamısı qüdrəti-ilahidir. Lakin insan onun hökmü xilafına olan zinaya məşğul olduqda məsuliyyətə cəlb olunur.

Dünyada heç bir şey təbiətin ziddinə çıxa bilməz. Şeylər öz varlıqlarında gözlənilən vəzifəni icra etməyə bilməzlər. Lakin insan müstəsnadır, çünki o bir işi görməyə və ya görməməyə muxtardır. Bu səbəbdən də, o həm yaxşı, həm də pis iş görə bilər. Aləmdə əsil məqsəd və həqiqi məsləhət xeyirdən ibarət olduğu üçün aləmin ən şərafətli cüzi olan insan da gərək borclarını əda eləsin və öhdəsinə düşən vəzifəni unutmasın. Həmişə yaxşılıq etməyə çalışsın və bilsin ki, əxlaqı təmizləyib islah etməkdə və maarif təhsil etməkdə məqsəd yaxşılıqdır. Çünki onsuz əməl meyvəsiz ağac kimi təsirsiz olar.

Misra:

/*«Bu əkin yerində yaxşılığı yaxşı ək!»*/

Lakin çoxları pis işi yaxşı təsəvvür edərək görür və yaxşılıq əvəzində pislik edirlər. Yaxşılıq odur ki, onda ümumun mənfəəti olsun. Belə olduğu təqdirdə ümumun mənfəəti xatirinə xüsusi zərəri qəbul etmək lazımdır. Dünya adamlarının işinin çoxu qərəz üzündən olduğundan hər faydalı işə yaxşılıq və hər bir zərərli nəticələnən işə yamanlıq demək olmaz. Adamların yaxşı işlərinin çoxu yamanlıqdır. Çünki bir nəfərə yaxşılıq etməklə min nəfərə zərər yetirir. Bu ona bənzəyir ki, soyuq dəymiş adamı isitmək üçün elə bir od qalayalar ki, o oddan bir şəhər alışıb yana. Belə olduqda, lazımdır ki, hər kəs özünün bütün işlərini və hərəkətlərini insaf gözü ilə mülahizə etsin: başqasına yamanlıq etmək fikrində olan adama yaxşılıq etməsin. Çünki birisi başqasını bir işə sövq edirsə, o işi özü görmüş kimidir. Çox vaxt olur ki, bir nəfər günahkarın halına acıyaraq və ya öz mənafeyi ucundan qanunla cəzaya layiq olan adamı xilas edir və sevinib deyir ki, bu gün mən yaxşı iş görmüşəm. Daha orasını bilmir ki, bu vasitə ilə o başqa cinayətkarlara da cəzadan xilas olmaq ümidi vermiş və günaha batmışdır.

Günahkarın bağışlanmasına vasitəçilik etmək ümumun asayişini pozan ən pis hərəkətdir.

Günahkarın haqqında vasitəçilik edən şəxs iş sahibini ya zalım bilir və ya onu günaha batırmaq istəyir. Cəza yersizsə--zülmdür, haqdırsa müqəssirə cəza verməmək günahdır və başqalarının tüğyanına səbəb olar.

Bağışlamaq əxlaqın ən gözəlidir. Lakin bu bağışlamaqdan zülm doğmamalıdır. Bir günahsızın haqqında açıqdan-açığa zülm edildikdə xalq həyəcana gəlib zalım haqqında deyər ki, filankəs nə pis iş gördü. Lakin günahkarı məlum səbəbə görə bağışlarsa, onu tərif edərlər, amma bilməzlər ki o qədər təəssüfə səbəb olan zülm yalnız bir nəfər haqqında idi; lakin onun tərif olunan əfvi başqalarını günaha təşviq edir və bu isə min nəfərin haqqında zülm deməkdir. Yaxşısı budur ki, bir nəfərin cəzalandırılması ilə min nəfər rahatlansın. Şəxsi qərəzlə iş görən adama və ya əvəzini nəzərdə tutub yaxşılıq edənə yaxşı demək olmaz, çünki bu, alverə bənzər və öz malını başqa bir şeylə əvəz etmək kimidir.

Naməlum bir şair deyir:

/*«Əvəzini umaraq yaxşılıq etmək hünər deyildir.

Yaxşılığı möhtac olmadığın adama et!»*/

İnsan etdiyi yaxşılığı yadına saldıqca elə bir zövq alır ki, heç bir dövlət ona çatmaz; pis iş tutmuş adam isə əməlini düşündükcə xəcalət çəkər. Pis işin sahibi əməlini büruzə verməzsə də, batində daim özünü məzəmmət edər və onun cəzasının qorxusundan asudə olmaz.

İndi bir nəfər yaxşı və bir nəfər də pis iş görən adamın halını müqayisə edək. Əvvəlincinin əhvalında sakitlik və farağatlıq, çətinliklərdə təsəlli və işlərinin vəziyyətində intizam müşahidə edilər. Ona bir hadisə üz verdikdə çoxları onun köməyinə gələr, yardım göstərə bilməsələr də, onun dərdinə şərik olub təəssüf edərlər. Hətta düşmənləri belə, onun haqqını inkar edə bilməzlər. Əksinə olaraq, nalayiq iradəli və alçaq tədbirli bir şəxs həmişə bəd əməlinin aşkara çıxacağından qorxar və bir müsibət üz verdikdə iztiraba düşər. Ehtiyac qarşısında hər cür alçaqlığı qəbul edər. İqtidarlı olduğu zaman təkəbbürlə özünü öyər və başqalarına zülm edər. Bir bəlaya düçar olduğu zaman isə tənə və məlamətdən başqa bir şey eşitməz. Özünə dost bildiyi adamlar ondan üz döndərərlər, kömək əvəzinə ona töhmət vurarlar. Çünki onun dostları da özü kimi adamlardır.

İnsaf gözü ilə baxsaq, görərik ki, birincilər ikincilərin əlində məğlub olduqları halda belə, yenə qalibdirlər. Heyf o adama ki, yaxşılığı bacarır, lakin etmir; halbuki insan yaxşılıq etdikdən sonra haqlı şükrə layiq olur; başqaları ilə bir səviyyədə ikən onların nemət vericisi olur.

xoşbəxt adama eşq olsun ki, allahlıq sifətilə şöhrətlənə və bu tükənməz dövlətdən üz döndərməyə.

Abbasqulu Ağa Bakıxanov "Təhzibi-əxlaq" (əxlaqın saflaşdırılması) əsərindən

baxılıb: 17 dəfə