Əxlaqi tərəqqinin yolları

ETİDALA RİAYƏT ETMƏK HAQQINDA

Aləmin dövr etməsi bir-birinə tam zidd və müvafiq səbəblərə bağlı olduğu üçün heç bir işi vasitəsiz başa çatdırmaq müyəssər olmur, ona görə səbəblərdən hər birinə öz yerində riayət etmək lazımdır ki, işlərin rədd və ya cəzb olunması nəticəsində bir sabitlik və habelə şeylərin ixtilafından və cürbəcür xassələrindən bir etidal əmələ gəlsin; çünki etidal olmasa, heç bir şeyin davamı olmaz. Zahiri işlərin özündə belə bu etidal gözə çarpır.

Dünyanın məhsulatı rütubətə (suya) möhtacdır, lakin həddindən artıq olsa, məhsulu zay edər. Yer kürəsinin soyuqluğu mane olmasa, günəşin hərarəti aləmi yandırar. Hər şey təbiətdə lazımi və kifayət qədər müəyyən edildiyi üçün, insana da lazımdır ki, başdan-ayağa bir aləmdən ibarət olan öz bədənində təbii surətdə təşəkkül tapmış bu qanuna əxlaq baxımından dəxi riayət etsin, bütün xislətlərdən artıq bunun qeydinə qalsın çünki yalnız bunun vasitəsilə başqalarını da islah etmək olar.

 «Hər şeyin orta vəziyyəti yaxşıdır»--hökmünə görə insanın da xeyirxah xasiyyətləri bəyənilər və işi faydalı olar.

...Etidal cığırından çıxan adamın işi aləmin nizamı və təbiətin xasiyyətlərinə zidd olduğu üçün, aydındır ki, zərərli olar. Təmiz xasiyyətli o adama demək olar ki, o hər işində ifrat-təfritdən [6] çəkinib, orta bir yolu özünə şüar edə və bu vasitə ilə arzusuna nail ola, rahatlıq və sağlamlıq əldə edə.

Etidalın fəziləti o qədər aydındır ki, heç kəs onu inkar edə bilməz. Müxtəsər mülahizə etməklə məlum olar ki, xəsislik pis xasiyyətlərdən biri olduğu kimi, israfçılıq da ona bənzər bir şeydir. Həlimlik xasiyyətlərin ən yaxşısı hesab edilir, ancaq yeri gəldikdə qəzəbsiz də iş keçmir. Yaxşılıq etmək yaxşı şeydir, lakin yamanlara yaxşılıq etmək, yaxşıların haqqında pislik etmək kimidir. Hərisliyi pisləyirlər, amma tənbəllik də ondan yaxşı deyildir. Dəfələrlə təcrübədən çıxmışdır ki, etidal həddindən çıxan hər bir işin təsiri, əksinə olar. Məsələn, işrət getdikcə adət şəklini alır və axırda hər bir adi iş peşmançılığa səbəb olur. Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir. Şöhrətpərəstlik insana qalib gəlsə, onu öz nəfsinin qulu edər. Zehnin itiliyi fəsadlı və puç xəyallara qapılarsa, axmaqlığa çevrilər. Ehtimal və təsdiq işində olan ifrat bilik, tərəddüdə və şübhəyə gətirib çıxarar.

Abbasqulu Ağa Bakıxanov "Təhzibi-əxlaq" (əxlaqın saflaşdırılması) əsərindən.

baxılıb: 18 dəfə