Əxlaqi tərəqqinin yolları

Bəsirət və uzaqgörənlik

Bəsirət hiss orqanlarının görə bilmədiklərini görməkdir

Bəsirət sözü uzaqgörənlik, dərrakə, fərasət, gözüaçıqlıq, itigözlülük mənasınadır, başqa sözlə desək bəsirət hiss orqanlarının görə bilmədiklərini görməkdir.

Əxlaq elmində bəsirət əsasən qəlbin görməsidir.

Deməli, bəsirətli şəxs hadisələri düzgün və dərindən anlaya bilən, başqalarının görə bilmədiklərini görə bilən, düşmənlərin hiylə və məkrli planlarını dərk edən, haqq ilə batili rahatlıqla bir birindən ayıra bilən, seçim anlarında düzgün seçim edən, hər bir hadisəyə vaxtında haqlı reaksiya verən şəxsdir.

Daha sadə şəkildə izah etməs istəsək deməliyik ki, şeytan və onun yolunu gedənlər gecə gündüz hər yerdə fitnə-fəsad salır; həqiqətləri təhrif edir; cəhalət, nadanlıq və xurafatı yayır, insanları azdırmaq və onları çaşqınlıqda saxlamaq üçün haqq ilə batili, yalan ilə doğrunu qarışdırmaqla məşğul olurlar. Bəsirətli insan İslamı düzgün anladığı və İlahi təkamülə doğru tərəqqi yolunda olduğu üçün haqq ilə batili, cəhalət ilə mərifəti, yalan ilə doğrunu bir birindən ayıra bilir, başqalarının anlamadıqları və başa düşmədiklərini düzgün şəkildə dərk edir.

Qurani-kərim Yusif surəsinin 108-ci ayəsində sevimli peyğəmbərimiz həzrət Muhəmməd (s) barədə buyurur:

قُلْ هَاذِهِ سَبِيلىِ أَدْعُواْ إِلىَ اللَّهِ  عَلىَ‏ بَصِيرَةٍ أَنَا وَ مَنِ اتَّبَعَنىِ

“(Ey Rəsulum) de: mənim və mənə tabe olan hər bir şəxsin yolumuz (və təbliğ üslubumuz) budur ki, bəsirət (və dərrakə) ilə insanları Allaha sarı dəvət edirik.”

Deməli, bəsirətli olmaq və insanları düz yola bəsirət əsasında dəvət etmək hər bir imanlı şəxsin xüsusiyyəti olmalıdır. Başqa sözlə, bəsirət imanlı insanlara adi olan xüsusiyyətdir.

Ancaq dinsiz və imansız adamlar isə bəsirətdən məhrumdurlar. Qurani-kərim onların barəsində Əraf surəsinin 179-cu ayəsində buyurur:

لهَمْ قُلُوبٌ لَّا يَفْقَهُونَ بهِا وَ لهَمْ أَعْينُ‏ٌ لَّا يُبْصِرُونَ بهِا وَ لهَمْ ءَاذَانٌ لَّا يَسْمَعُونَ بهِا

“Onların qəlbləri (və ağılları) vardır, ancaq onunla (İslam maarifini) dərk etmirlər. Onların gözləri vardır, ancaq onunla (həqiqətləri və haqqın nişanələrini) görmürlər. Onların qulaqları vardır, ancaq onunla (Allahın və peyğəmbərin haqq sözlərini) eşitmirlər.”

Bunu etiraf etməliyik ki, bizim başımıza gələn bəla, müsibət və problemlər bəsirətimizin azlığındandır.

Üç mövzuda bəsirətin olması çox zəruridir.

1- Əqidə, inanc və etiqadda bəsirət

2- Əxlaqda bəsirət

3- İctimai məsələlərdə bəsirət
.
Ardı var...

baxılıb: 107 dəfə