Əxlaqi tərəqqinin yolları

Rəcəb ayı kimin ayıdır?

Rəcəb ayı Allahın ayıdır, yoxsa həzrət Əlinin(ə) ayıdır?

Beləliklə Allah Taala yenidən mübarək Rəcəb ayını dərk etməyi bizlərə nəsib etdi. Rəcəb ayı ehtiramı böyük olan dörd aydan biridir. İlahi Peyğəmbərlər (onların hamısına Allahın salamı olsun) öz ardıcıllarına, yəni haqq yolunun yolçularına hər il azı dörd ay müharibədən uzaq olmağı, təfəkkür və düşüncəyə vaxt ayırmağı və Allah Taalaya ibadət və itaətdə daha çox vaxt sərf etməyi məsləhət görmüşlər. Bu da dinin sülh və əmin-amanlığa nə qədər çox dəyər verdiyinin bariz nümunəsidir.

Hədislərdə Rəcəb ayının kimə məxsus olması ilə əlaqədar iki növ hədislər mövcuddur.

.

1- Rəcəb ayı həzrət Əlinin (ə) ayıdır

Əmirəlmöminin Əli əleyhissalam buyurur:

وقال أمير المؤمنين عليه السلام : شهر رمضان شهر

الله ، وشعبان شهر رسول الله صلى الله عليه وآله وسلم ، ورجب شهري

“Ramazan (ayı) Allahın ayıdır, Şəban (ayı) Allahın Rəsulunun (ona və əhli-beytinə salam olsun) ayıdır, Rəcəb (ayı isə) mənim ayımdır.”

Vəsail 10-cu cild 493-cü səhifə 13935-ci hədis

Həmçinin bax: Misbahul mutəhəccid 797-ci səhifə

.

Həzrət Əli əleyhissalamı özünə ülgü və nümunə qərar verməyən şəxs Allah Taalanı və Onun Peyğəmbərini (s) layiqincə tanıya bilməz. Rəcəb ayı özünü islahetmə və axirət üçün azuqə toplama ayıdır. Rəcəb ayı Allah və Onun Rəsuluna (s) qovuşmaq üçün pilləkəndir.

.

2- Rəcəb ayı Allahın ayıdır

Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

قال رسول الله ( صلى الله عليه وآله ) : إن رجب شهر الله ، وشعبان شهري ، ورمضان شهر

أمتي

“Rəcəb (ayı) Allahın ayıdır, Şəban (ayı) mənim ayımdır və Ramazan (ayı) ümmətimin ayıdır.”

Vəsail 10-cu cild 475-ci səhifə 13887-ci hədis

.

Həqiqətdə ayların hamısı Allahın ayıdır, Rəcəb ayının Allahın ayı adlandırılmasının mənası budur ki, Rəcəb ayı tövbə və istiğfar edərək Allahdan bağışlanma istəmək, eləcə də vaxtaşırı təkliyə çəkilərək Allah Taala ilə münacat edərək tövbə əhlindən olmaq üçün Allaha iltimas etmək ayıdır; bu ayda qan tökülmür (hətta cahil ərəblər belə Rəcəb ayında müharibəni dayandırırdılar); bu ayda Allah öz dostlarının tövbə və yalvarışlarını qəbul edir, onları əfv edir və onları düşmənlərin şərrindən uzaqlaşdırır.

Mübarək Ramazan ayı ilə Rəcəb ayının hər ikisi Allahın ayı adlanmışlar, bu fərqlə ki mübarək Ramazan ayı ictimai şəkildə dua etmək ayı, Rəcəb ayı isə təkliyə qapılıb Allahdan günahların bağışlanmasını istəmək ayıdır.

.

Nəql etdiyimiz bu iki hədis bir-biri ilə ziddiyyət təşkil etmir. Elə isə Rəcəb ayı kimin ayıdır?

Dedik ki əslində bütün aylar Allaha məxsusdur.

Birinci hədis (Rəcəbin həzrət Əlinin(ə) ayı olması) ibtidanı, yəni başlanğıcı çatdırır;

İzahı: -Təkamülə və mənəvi tərəqqiyə yüksəlmək istəyən insan əvvəlcə vilayət və imamətdən başlamalıdır. Rəcəb ayə həzrət Əlinin(ə) ayıdır (yəni Vilayət ayıdır). Vilayəti qəbul etməyən şəxs mənəvi təkamülə nail ola bilməz. Vilayət insanları Nübüvvətə qovuşdurmaq üçün vasitədir. Şəban ayı peyğəmbərin (s) ayıdır, deməli, nübüvvət insanları Tövhidə (Allaha) qovuşdurmaq üçün vasitədir. Ramazan ayı isə Allahın ayıdır. Nübüvvəti qəbul etmiş və həzrət Muhəmmədə (s) tam mənada tabe olmuş şəxsi Allah Taala həqiqi hidayətə, yəni Kamillik hidayətinə yüksəldir.

Qurani-kərim Nur surəsinin 57-ci ayəsində buyurur:

وَ إِن تُطِيعُوهُ تَهْتَدُو

“Əgər ona (Peyğəmbərə) itaət etsəniz, Hidayət yoluna qədəm qoyacaqsınız.”

Deməli, yalnız həzrət Muhəmmədə (s) həqiqi itaətlə Allahın hidayət yoluna qədəm qoya, siratul-müstəqimə yönəlmiş olacaqsınız.

.

İkinci hədis isə (Rəcəbin Allahın ayı olması) hədəf və son məqsədi çatdırır;

İzahı: -hədəfdə (son məqsəddə) Rəcəb Allahın ayıdır, insan bu ayda tövbə edərək İmamətə iqtida edib Vilayəti qəbul edir; bunun nəticəsində tövbəsi qəbul olur, Allah Taala onu həqiqi və xalis bəndələrinin sırasına qəbul edir. Həmin insan Şəban ayında həzrət Muhəmmədin (s) sünnəsinə düzgün əməl edərək 14 məsumun həqiqi dostu olmaq üçün özünüislah mərhələsini uğurla kamala çatdırır. Beləcə, mənəvi təkamül və tərəqqiyə yüksəlmiş imanlı və təqvalı İslam ümməti həzrət Sahibəzzamanın (ə) zühuru nəticəsində həqiqi birliyə və əbədi səadətə nail olur.

.

Allah Taala bizim hamımızı bu yolda müvəffəq eləsin!

baxılıb: 236 dəfə